-
Aktrisanın solo konserti
İyunun 3-də saat 19-da “Oda” Teatrı aktrisa Şəbnəm Abdullazadənin solo konsertini keçirəcək.
Konserti teatrın aktyorları müşayiət edəcək. Teatrdan verilən məlumata görə, fərqli performanslar nümayiş olunacaq və ofisant geyimli aktyorlar tamaşaçılara içkilər hədiyyə edəcək.
Teatr heyəti arasında fransız aktrisa Elza Furtado və qonaq musiqiçilər də yer alacaq.
Şəbnəm Abdullazadə ilk təhsilini Lənkəran şəhər C.Cabbarlı adına Musiqi Məktəbində alıb. 1998-ci ildə Respublika müsabiqəsində 2-ci yerə layiq görülüb. Bülbül adına orta ixtisas musiqi məktəbində də təhsil alıb. Kamança ifaçısıdır.
2000-ci ildə Respublika Muğam Müsabiqəsində 3-cü yerə layiq görülüb. Bir çox bölgələrdə təşkil olunan konsertlərdə ifa edib. Xarici ölkələrin müxtəlif bayram – tədbirlərində Azərbaycan adından çıxış edib.
2003-cü ildə Şuşa Dövlət Musiqili Dram Teatrında solist işləyib. 2005-ci ildə YUĞ Dövlət Teatrında Vaqif İbrahimoğlunun dəvəti ilə bir neçə tamaşada iştirak edib. 2014-cü ildən Drezden Simfonik Orkestrinin solistidir. 2014-cü ildən “Oda” Teatrının aktrisasıdır.