Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 00:30

Leyla Əliyeva şeir yazanda heç nə görüb-eşitmədiyini deyir


Leyla Əliyeva
Leyla Əliyeva

.

«Şeirlərimi birinci anama və bacıma oxuyuram. Yaradıcılığıma aid fikir mənim üçün çox əhəmiyyətlidir və mən onu ürəyimə çox yaxın qəbul edirəm».

Bunu Trend agentliyinə müsahibəsində president İlham Əliyevin qızı Leyla Əliyeva deyib.

Leyla Əliyeva rəsm çəkməyi daha çox xoşladığını bildirir: «Rəsm çəkməyi daha cox xoşlayıram. Bu, daha çox vaxtımı alır. Rəsm çəkəndə məndə elə hiss yaranır ki, sanki vaxt «başqa ölçüdə uçur».

«Hesab edirlər ki, bəzən onlar çox kədərlidirlər. Amma əslində, mənim şeirlərim həmişə kədərli deyillər və onlar mənə şəxsən aid deyillər»

Bəzən digər işlərə çox az vaxt qalır. Bəzən mən özümə söz verirəm ki, cəmi yarım saat rəsm çəkəcəyəm, amma sonra baxanda görürəm ki, dörd saat keçib. Əlbəttə, əgər mənim boş vaxtım olsaydı, daha çox çəkərdim. Bəlkə buna görə də mən saatı tez-tez çəkirəm».

Leyla Əliyeva şeir yazmağı haqqında isə bunları deyib: «Şeirləri isə çox tez yazıram. Əgər hansısa bir ideya və ya fikir yarandısa, şeir yazmaq yalnız beş dəqiqə vaxt aparır. Əsas odur ki, eyni vaxtda düşünəsən və mövzunu hiss edəsən. Amma bu zaman mən başqa heç nə haqqında düşünə bilmirəm. Və əgər mən ictimai yerdə, insanların əhatəsindəyəmsə, bu sətirləri yazıb bitirənə qədər heç nə görmür və eşitmirəm».

Leyla Əliyeva deyir ki, tez-tez çoxları onun şeirlərini emosiyaları və əhval-ruhiyyəsi ilə bağlayırlar: «Hesab edirlər ki, bəzən onlar çox kədərlidirlər. Amma əslində, mənim şeirlərim həmişə kədərli deyillər və onlar mənə şəxsən aid deyillər».

Leyla Əliyeva müsahibəsində uşaqlarından da danışıb: «Uşaqlar – ən böyük xoşbəxtlikdir. İndi mənim uşaqlarım elə bir yaşa çatıblar ki, mənə onlarla daha çox vaxt keçirmək maraqlıdır, nəinki dostlarımla. Biz birlikdə gəzirik, muzeylərə, parklara gedirik.

Leyla Əliyeva övladları ilə
Leyla Əliyeva övladları ilə

​Lap əvvəldən mənim onlarla dostluq münasibətlərim var. Mənim üçün olduqca vacibdir ki, uşaqlar valideynlərinə ilk növbədə hörmət etsinlər, onlardan qorxmasınlar. Buna görə də uşaqlar nəyisə düz etməyəndə onlara izah etməyə çalışıram. Həmişə seçim ixtiyarı verirəm. Hesab edirəm ki, onlara kifayət qədər çox azadlıq vermək lazımdır.

Leyla Əliyeva
Leyla Əliyeva

Fikrimcə, anadan olandan insana doğrunu və yanlışı anlama qabiliyyəti Allah tərəfindən verilib. Bəzən valideynlər uşaqları qorumaq üçün onları həddən artıq himayə edirlər, məhdudiyyətlər və qadağalar qoyurlar. Mən onlara daha çox azadlıq verməyə çalışıram, xüsusən də onlar oğlan olduqları üçün. Qoy onlar müstəqil, sərbəst və güclü olsunlar.

Ən əsası, mən onlarla bir yerdə olanda yaxşı əhval-ruhiyyədə oluram, onlar heç vaxt məni məyus və kədərli vəziyyətdə görməyiblər. Həmişə onlara deyirəm ki, hər şey yaxşı olacaq. Mən onları müsbət ruhda kökləyirəm.

Mənim üçün onların təhsili çox əhəmiyyətlidir. Onlar üç dildə danışırlar: Azərbaycan, ingilis və rus. Riyaziyyatla, incəsənətlə maraqlanırlar. Daim onlara kitablar oxuyuram və çalışıram ki, kompüter arxasında daha az vaxt keçirsinlər. Çox istərdim ki, övladlarım böyüyəndə öz uşaqlıq illərini həmişə sevə-sevə xatırlasınlar, yada salsınlar».

Leyla Əliyeva müsahibədində Heydər Əliyev Fondundakı fəaliyyətindən, «Xocalıya ədalət» kampaniyasından, nəsli kəsilməkdə olan heyvanlara qayğıdan da danışıb.

Leyla Əliyeva bu yaxınlarda əri, Moskvada yaşayan azərbaycanlı iş adamı Emin Ağalarovdan ayrılıb. Amma onlar verdikləri bəyanatda dost olaraq qaldıqlarını deyiblər.

Prezidentin qızının adı həmçinin yerli və xarici mətbuat orqanlarında müxtəlif iri biznes sahələrini ələ keçirməkdə hallanır.

XS
SM
MD
LG