Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:07

"Azərsu" keçən il 886 milyon manat ziyana düşüb


Turan informasiya agentliyi Azərsu-da beynəlxalq auditor yoxlamasının nəticələrini əldə edib. 2014-cü ildə “Azərsu” ASC 886 mln manat ziyana düşüb.

24 iyunda auditor rəyi ilə (Ernst & Young Holdings (CIS) B.V.) təsdiq edilən maliyyə hesabatına əsasən, şirkətin su satışı, kanalizasiya və s xidmətindən gəlirləri 140 mln 979 min manat olub. Bu, 2013-cü ildəkindən 4,5% çoxdur. Satışın maya dəyəri 5,6% azalaraq 87 mln 991 min manat olub. Beləliklə, şirkət satışdan 53 mln manat mənfəət əldə edib. Bu, 2013-cü ildəkindən 11,4 mln manat çoxdur.

Eyni zamanda, “Azərsu” ASC və törəmə müəssisələrinin inzibati xərcləri ötən il 29,8 mln manat (-2,6%), satış və su paylanması xərcləri 94,4 mln manat (+9,7%) olub. İl ərzində aktivlər 837,2 mln manat qiymətdən düşüb.

“Azərsu” ASC-nin ödənilməyən ziyanı 2014-cü il nəzərə alınmaqla 1 yanvar 2015-ci il üçün 4 mlrd 436,8 mln manat təşkil edib.

Su istifadəçilərinin borclarının ödənilməsi də məqbul səviyyədə deyil. 31 dekabr 2014-cü il üçün əhali və qeyri-əhali qruplarının debitor borcları16,4 mln və 52 mln 765 min manat olub. “Azərsu” ASC bu borcların ödənilməsi üçün 59,5 mln manat ehtiyat yaradıb. Çünki onların ödənilməməsi təhlükəsi var.

Ötən il su təchizatı sisteminin inkişafına investisiyalar (dövlət zəmanətli kreditlər daxil) 500,9 mln manat olub. Beləliklə, yanvarın 1-i üçün “Azərsu” ASC-yə dövlət investisiyaları 3 mlrd 656,9 mln manata çatıb.

31 dekabr 2014-cü il üçün “Azərsu” ASC-nin dövlət büdcəsinə vergi və ödənişlər şəklində (ƏDV nəzərə alınmaqla) 59,8 mln manat borcu olub. İl ərzində bu borclar 20,6 mln manat artıb. Bundan başqa, şirkətin DSMF-yə 21,4 mln manat borcu var. 2014-cü ildə DSMF-yə borclar 15,3% artıb.

Nizamnamə kapitalı 400 mln manat (səhmlərin 100%-i dövlətindir) olan şirkətin kapitalı 355,4 mln manat mənfidir.

Auditior rəyində qeyd-şərt var. Sənədə əsasən, şirkətin cari öhdəlikləri aktivlərindən 647,6 mln manat çoxdur. Ona görə «daim fəaliyyət göstərən müəssisə kimi onun fəaliyyətinin davam etdirilməsində qeyri-müəyyənlik var».

XS
SM
MD
LG