Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:43

Təcili yardım həkiminin boğazına bıçaq çəkdilər


.

İyulun 5-də gecə saatlarında Bakı sakini çağırışa gələn təcili tibbi yardım həkiminin üstünə bıçaq çəkib. Olay Binə qəsəbəsində baş verib.

Gözlə

No media source currently available

0:00 0:04:00 0:00
Direct-ə keçid

Həkim Şəfəq Alıyeva xəstə Cahangir Əliyevə tibbi yardım göstərib. Həkimin dediyinə görə xəstəyə yardım edərkən onun oğlu Elbrus Əliyev təcili yardımın gec gəldiyini bəhanə edərək onun boğazına bir neçə dəfə bıçaq dirəyib, söyüşlərlə təhqir edib. Həkimi boğazını kəsəcəyi ilə də hədələyib. Bununla da ürəyi soyumayıb. Təcili tibbi yardım maşını ilə stansiyaya qayıdan həkimlərin dalınca düşüb, yenidən onlara hədə-qorxu gəlib.

Bu barədə mətbuata xəsarət alan həkimin bacısı Günel Şahmalıqızı məlumat verib. Deyilənləri AzadlıqRadiosuna Şəfəq Alıyevanın çalışdığı10 saylı Təcili Tibbi Yardım Stansiyasının müdiri İlqar Mirzəyev də təsdiqləyib.

BIÇAQLANAN HƏKİMİN VƏZİYYƏTİ NORMALDIR

İlqar Mirzəyevin dediyinə görə, hazırda həkimin vəziyyəti normaldır, tibbi ekspertizadan keçib, izahatı alınıb:

“Həkimin vəziyyəti indi normaldır. Bıçaq kəsməyib, amma boynunda izi qalıb, ekspertizanın da rəyi var”.

Hadisənin başvermə səbəbinə gəlincə, İlqar Mirzəyev həkimin çağırış yerinə gecikdiyini inkar etmir, deyir ki, bəzən eyni anda çağırışların çox olması və ya tıxaclar gecikməyə səbəb ola bilir. Amma sual edir ki, buna görə həkim bıçaqlanmalıdırmı:

“Həmin vaxtda 12 çağırış olduğuna görə ola bilsin ki, həkim ora bir qədər gec çatıb. Onlar hər gün 3-4 dəfə çağırış verən adamlardır”.

HADİSƏNİ TÖRƏDƏN HƏLƏ SAXLANMAYIB

Həkimin üstünə bıçaq çəkdiyi iddia olunan Elbrus Əliyev reportaj efirə hazırlanan zamana qədər hələ saxlanmayıb. Bu barədə AzadlıqRadiosuna Binə qəsəbəsi üzrə polis sahə rəisi, polis mayoru Firdovsi Ömərov məlumat verib. Polis hadisə ilə bağlı hazırda araşdırma aparıldığını bildirir:

“Hal-hazırda araşdırma gedir, həmin şəxs artıq müəyyən olunub, indilərdə götürüləcək. Cinayət işi açılıb, təhqiqat araşdırması gedir. Tamamlanıb istintaqa göndəriləcək”.

Bunlar həkimlərin və polisin dedikləridir. Amma Elbrus Əliyevin özünün, bə ya yaxınlarının bu hadisə barədə hər hansı fikri səslənməyib. Amma ittihamlar sübut olunsa, onu bir neçə ilə azadlıqdan mhərumetmə cəzası gözləyir.

Həkimin bıçaqlanması son günlərin yeganə təəccüb doğuran kriminal olayı deyil. Son illər xəbər gündəmində bıçaqlanma, qətl, zorlama və bu kimi olayların sayı daim artan xətt üzrə gedir. Daxili İşlər Nazirliyinin açıqlamasına görə, kriminal hadisələrlə bağlı 2014-cü il və bu ilin 6 ayı ərzində 65 min ərizə və şikayət araşdırılıb.

“İNSANLARIN PSİXOLOJİ DURUMU GƏRGİNDİR, ÇÜNKİ...”

Keçmiş polis rəisi, polkovnik Mahmud Hacıyev cinayətsiz cəmiyyətin təsəvvür belə oluna bilməyəcəyini deyir, amma cinayətlərin sayının sürətlə artmasının narahatedici olduğunu qeyd edir. Bəs, nəyə görə insanlar çox sadə səbəbdən bıçağa əl atır və ya xırda söz-söhbətlər zindanlara aparır? Ekspert başlıca səbəbi insanların güzəranında görür:

“Cinayəti yaradan əsas amillərdən biri onun motividir. Motivi də yaradan şəraitdir. Əvvəla, Azərbaycanda indi psixoloji durum gərgindir. Psixoloji durumu gərginləşdirən də sosial-iqtisadi problemlərdir. Son illər Azərbaycanda həddən artıq bıçaqlanma hadisələri qeydə alınır. Əvvəllər iki şəxs mübahisə edəndə yanlarından keçən birisi müdaxilə edib mübahisəni kəsirdi. İndi insanların psixoloji durumu gərgindir deyə əvvəllər adi səs ucaltmaqla həll olunan məsələlər indi bıçaqlaşma ilə nəticələnir və ictimai məzəmmət də yoxdur. Qıraqdan keçən adam görəndə ki, cavanlar mübahisə edir, qarışmır ki, xətası ondan uzaq olsun”.

Əksər müşahidəçilər cinayət hallarının artmasında medianın da özünəməxsus rol oynadığını iddia edirlər. Onların qənaətincə, reytinq gətirsin deyə kriminal hadisələrin təfərrüatı ilə işıqlandırılması, bu cür mövzulara həddən artıq yer verilməsi və bu zaman peşə qaydalarına məhəl qoyulmaması da insanların cinayət törətməsinə stimul yarada bilər.

XS
SM
MD
LG