Keçid linkləri

2024, 26 Noyabr, çərşənbə axşamı, Bakı vaxtı 07:44

Komissiya cüt, tək nömrədə razılığa gələ bilmir


Bakıda nəqliyyatın hərəkətinin tənzimlənməsi ilə bağlı baş nazirin müavini Abid Şərifovun sədri olduğu Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasının üzərində işlədiyi Tədbirlər Planı ilə bağlı dövlət qurumları tərəfindən irəli sürülən əsas təkliflər məlum olub.

APA-nın əldə etdiyi məlumata görə, Nəqliyyat Nazirliyi rayonlardan gələn bütün növ avtomobillərin Bakıya saat 24:00-dan səhər saat 7:00-a qədər buraxılması və bu müddət ərzində şəhərdə hərəkətinə icazə verilməsi, rayonlardan gələn ictimai nəqliyyatın şəhərə daxil olması ilə bağlı isə heç bir məhdudiyyətin qoyulmamasını təklif edib.

Bu təklif Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasında məqbul sayılır. Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər paytaxt ərazisində hərəkətinə icazə verilib-verilməməsi məsələsi isə hələ ki, açıq qalır, Nəqliyyat Nazirliyinin bununla bağlı təklifi yoxdur.

A. Şərifovun sədrliyi ilə Komissiyanın dünən keçirilən iclasında da gecə saatlarında Bakıya buraxılan rayon qeydiyyatında olan avtomobillərin səhər saat 7:00-dan gecə saat 24:00-a qədər şəhərdə hərəkətinə icazə verilib-verilməməsi ətrafında yekun rəyə gəlmək mümkün olmayıb.

“Azəryolsevis” ASC Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına Bakıya yük avtomobillərinin yalnız gecə saat 24:00-dan 7:00-a qədər buraxılmasını təklif edib. Eyni zamanda saat 24:00-dan 7:00-a qədər Bakıya daxil olmuş yük maşınlarının saat 7:00-dan sonra şəhərdə hərəkətinə icazə verilməməsi də təklifdə əksini tapıb. Nəqliyyat Nazirliyi isə əlavə olaraq yük avtomobillərinin həm gündüz, həm də gecə saatlarında şəhərin mərkəzi küçələrinə daxil olmasının qadağan edilməsini təklif edib. Hər iki təklifə müsbət yanaşılır.

Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin Komissiyaya təqdim etdiyi təklif isə Bakıda qeydiyyatda olan avtomobillərlə bağlı olub. Təklif edilib ki, həftənin tək günlərində dövlət qeydiyyat nömrəsi cüt rəqəmlə bitən avtomobillərin, həftənin cüt günlərində isə dövlət qeydiyyat nömrəsi tək rəqəmlə bitən avtomobillərin Bakıda hərəkətinə icazə verilsin. Bu təkliflə bağlı da Komissiyanın dünənki iclasında yekun rəyə gəlmək mümkün olmayıb.

XS
SM
MD
LG