Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:03

Gey poeziyası: tarixə və bugünə ümumi baxış


-

“Əgər gey olmasaydım insanların vecinə olardımmı?

Onlarla eyni havadan udmağıma verərdilərmi icazə?

Məktəbə gedə bilərdimmi insan qəddarlığı olmadan?

Nifrətsiz dünyada yaşaya bilərdimmi?"

BELƏ ŞEİRLƏR DƏ VAR

İki yaraşıqlı gənc oğlanın toyu idi. Hər ikisi ağ kostyum geyinmişdi, bir-birinin əlindən tutaraq bağın ortasında dayanmışdılar.

Qonaqlar onların ətrafına düzülmüşdü. Tamada əlindəki dəftərdən Klassik Qərb ədəbiyyatının parlaq imzalarının şeirlərini oxuyurdu. Özü də elə-belə şeirlər yox. Mövzuya uyğun olaraq.

19-cu əsrin görkəmli şairəsi Emily Dickinson, “‘Hope’ is the thing with feathers” şeiri,

Böyük şair, dramaturq William Shakespeare, 16-cı soneti: “Sonnet CXVI: Let me not to the Marriage of True Minds”,

16-cı əsr şairi, dramaturqu Christopher Marlowe, “The Passionate Shepherd to His Love” şeiri.

Mütəxəssislər deyirlər ki, Şərq poeziyasının adı dillərimizin əzbəri olan şairlərinin də yaradıcılığında eyni cinslər arasındakı məhəbbət mövzusu ciddi yer tutur.

Bəziləri bu mövzuda xəfif, üstüörtülü bir-iki şeir yazıb. Bəzilərisə 12-ci əsr ərəb şairi Muhammad ibn Malik “Üzü Məkkəyə" şeirində yazdığı kimi, heç bir sərhəd gözləmədən.

Amma keçmiş əsrlərdə nə qədər nümunəsi olsa da, Gey poeziyası (Gay Poetry) bir janr kimi özünü 20-ci yüzildə təsdiqlədi. Cinsi azlıqların hüquqlarının tanınması cəmiyyətlərin, dövlətlərin gündəminə gəldikcə gey poeziyası da ədəbiyyatda öz dəqiq yerini tutdu.

Yoxsa ki, 20-ci əsrə qədər Oscar Wilde kimi böyük bir yazıçı rəsmi olaraq, homoseksuallıq ittihamıyla həbsə düşmüşdü.

20-ci əsrdə gey poeziyası

Keçən əsrdə bu janrın parlaq imzalarından biri şair Frank Bidart (1939, ABŞ) bir şeirində deyir:

"Bu haqda yalan danış özünə və sən

qalan hər şey haqda yalan danışacaqsan özünə həmişə

Onlara yalan deyə bilərsən. Budur istədikləri.

amma özünə desən yalan,

Dönüb onlar olacaqsan."

Başqa bir şeirində deyir:

"...hər bir gey uşaq üçün

Amerikada böyüdükcə

Qırxıncı və əllinci illrdə

Birinci və ən əsas ssenari bu idi:

Üzə çıxım, ya yox

Ya yox. Ya yox. Ya yox. Ya yox.

Ya yox. Ya yox. Ya yox. Ya yox."

Francisco X. Alarcon (1954, ABŞ-ın ispandilli şairi) – onun gey mövzusunda çoxlu şeirləri var. Gey poeziyasının ən parlaq imzalarındandır. “Dua” adlı uzun şeirindən ayrı-ayrı hissələri təqdim edirik:

“Mən elə bir tanrı istəyirəm ki,

cinayət ortağım olsun

şənbə gecələri bədnam evlərdə keçirib

səhərləri gec dursun

küçələrdə fit çalan bir tanrı,

sevgilisinin qarşısında dodaqları titrəsin

kinoteatrların girişində növbə gözləsin,

kafe-late içməyi xoşlasın

vərəmdən qan tüpürən, avtobusda cərimə verməyə də pulu olmayan

nümayişlərdə polis dubinkasından huşunu itirən

elektroşok qorxusundan altını isladan

işsiz tanrı, tətil edən tanrı

qaçaq tanrı, sürgün tanrı...

daha tanrısayaq bir tanrı”

Lesbiyan poeziyasının da keçmiş əsrlərdə parlaq imzaları olub. Qədim yunan şairəsi Sapho bu janrın ustadı sayılır. 20-ci əsrdə isə hər şey konkretləşdi.

Şairə Judy Grahn (1940, ABŞ) lesbiyan poeziyasının açıq nümunələrini yazdı. Onun “Lesbianizmin tarixi” şeirindən kiçik bir hissə:

“Onlar necə yaşadılar bu dünyada, -

qadınları sevən qadınlar,

Öz istədikləri qədər öyrəndilər

Hara gedəcəklərinə, nə vaxt nə geyinəcəklərinə

özləri qərar verdilər

Qadınları sevən qadınlar

Amerikada “dayk” adlandılar

Bəziləri onlara yaxşı baxdı,

Bəziləri pis.”

Şair Essex Hemphill (1957, ABŞ) – “Amerikan toyu” adlı şeirində həm bədən üzvlərinin adını açıq, küçədə adlandığı kimi çəkir, həm də siyasətə “söz atır”. Şeirdən bir hissə:

"...heç bir atlı,

terrorçu,

heç bir ölüm saçan əsgər

bizi qopara,

ayıra bilməz

Onlar bizi izləməkdən ötrü

çox məşğuldurlar

yağmalamaqla ölkəni”

Şeirin başqa bir yerində deyilir:

“İstəyirlər ki, xəstə düşək

Bütün gecə televizora baxaq

Öz əlimizdə ölək

Xəbərləri yoxdur gücləndiyimizdən

Hər dəfə öpəndə bir-birimizi”

Bəs 21-ci əsrdə?

Əgər 19-cu əsrdə onlar yalnız sevgililərini vəsf edirdilərsə, 20-ci əsrdə "üzə çıxmaq" iztirablaırını dilə gətirirdilərsə, 21-ci əsrdə gey poeziyası janrı əsasən ciddi bir mövzunun - İnsan haqları mövzusunun, hüququn poeziyada davamı kimidir.

Narazılıq ifadəçisidir, etiraz edir, mentaliteti, qovuşmaq qarşısındakı sərhədləri sorğuya çəkir.

Gənc Rian F. imzalı şairin şeiri bu baxımdan maraqlıdır. Ona şeir-arqument də demək olar. Şeirin girişi belədir:

“Əgər mən gey olmasaydım insanların vecinə olardımmı?

Onlarla eyni havadan udmağıma verərdilərmi icazə?

Məktəbə gedə bilərdimmi insan qəddarlığı olmadan?

Nifrətsiz dünyada yaşaya bilərdimmi?

Bəlkə gey olmasaydım, insanlar sevərdi məni

Bu hamının düşündüyü qədər asan deyil....”

O, başqa bir şeirində deyir:

"Bir dənə “kiçil” deməklə kiçilə bilmərəm

Bir dənə “böyü” deməklə böyüyə bilmərəm

Belə olmağı özüm seçmədim

Gey olmağı özümmü seçdim sanırsan?

Kaş mən də hamı kimi olardım

Toyum olardı, uşaqlarım olardı mühakimə edilmədən

Nüfuzuma xələl gəlmədən

Toksik və tragik

Budur mənim həyatım

Elə bil kürəyimdə bıçaqla gəzirəm – mən geyəm

Siçovul kimi rəftar edirlər mənimlə...”

Afrika şairi Matthew Krouse-un şeiri isə lap Mirzə Ələkbər Sabirin

“Orucu tutdum İrəmazanda,

iki gözüm qaldı qazanda,

mollam da döyür yazı yazanda” şeirinə bənzəyir:

“Orucun ilk günündə məscidə getməkdən imtina etdin,

günü mənimlə keçirdin, acığa, özümüzə parti qurduq

sonra İmam məni tutdu, özümü günahkar hiss etdim

xəbərdarlıq etdi, həyətə çıxanda ehtiyatlı ol...

Musiqini söndürüb uzandım yerdə

göyə baxıb ulduzları saydım sayı itirincəyədək

bilirəm İbrahimin övladlarıyıq,

ancaq saqqalını öpüm, ağzında yuvarlanım...

budur istəyim, müdriklik pillələri deyil..."

Uzun şeiri belə tamamlanır:

"Sənin tayfan məni sevərmi biz birlikdə yaşasaq

oğlanlarıyla evlənmiş kürəkənlərini sevərmi onlar,

məni yedirərlərmi, oxşarlarmı, danışarlarmı mənimlə?

Etməsələr, ürəyimi cıraram, yerə atıb ayaqlaram onu

Heç vaxt yemək yemərəm, tutaram həmişəlik oruc."

Gənc Leo Thomas 10 bəndlik şeirində gey olduğuna görə qohumlarının, dost-tanışının sevmədiyi oğlanı uzaq yerlərə getməyə çağırır, şeirin sonunda isə görün nə deyir:

"Mississippili oğlan,

Şeylərini yığ, köç uzaqlara

Xüsusən gey doğulmusansa.

Mississippili oğlan,

yad yerlərdə yuva qur

Çalış əsl dostlar tap

tanış-bilişdən uzaqda

Yeni həyata başla

Mississippili oğlan

gözlə ki qocalanda saçların ağaranda

ailən deyəcək bir gün

Qayıt, evinə xoş gəlmisən."

Oxu zalı

XS
SM
MD
LG