Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:43

«Bir-iki gün cavab atəşi açıb sonra yenə sədd çəkəcəklər»


Elxan Mehdiyev
Elxan Mehdiyev

-

«Əgər Azərbaycan hər hansı əməliyyata hazırlaşırsa, onda niyə işğal olunmuş Qarabağ torpaqları ilə təmas xəttində divarlar hörür?».

Bunu Konfliktologiya Mərkəzinin rəhbəri Elxan Mehdiyev AzadlıqRadiosuna müsahibəsində deyir. Onun fikrincə, sanki Azərbaycan Dağlıq Qarabağ ermənilərindən qorunmaq üçün sərhəd çəkir:

- Bəzi təmas xətlərində çəkilən sərhədin adı nədir? Qarşı tərəfdən yaşayış məntəqələri atəşə məruz qalırsa, Azərbaycan əməliyyat keçirib erməni hərbçilərindən həmin postları almalıydı. Sonra da bəyan etməliydi ki, bu mövqelərdən Azərbaycanın mülki əhalisi güllə-boran edilir.

- APA informasiya agentliyi belə bir məlumat yayıb ki, müdafiə naziri Zakir Həsənov qarşı tərəfdən yaşayış məntəqələrinə atəş açılarsa, iriçaplı silahlarla atəşlə cavab verməyi əmr edib. Siz bunu necə qiymətləndirirsiniz?

- Ermənistan tərəfi təbliğat aparacaq ki, Azərbaycan atəşkəs şərtlərini pozur, iriçaplı silahlardan istifadə edir, bu da hər iki tərəf arasında bağlanan atəşkəs sazişinə ziddir. Qarşı tərəf onsuz da Azərbaycan atdı, atmadı bu tip bəyanat verir. Ancaq iriçaplı silahlardan cavab vermək əvəzinə yaşayış məntəqələrini atəş altında qoyan mövqelər zərərsizləşdirilməlidir. Mən bunu dünya təcrübəsinə söykənərək deyirəm. Yoxsa cavab atəşləri heç nəyi həll etmir, bir-iki gün cavab atəşi açıb sonra yəqin ki, divar səddi çəkəcəklər.

- Azərbaycan tərəfi iriçaplı silahlara əl atsa, qarşı tərəfin də bu tip silahla cavab verəcəyi şübhə doğurmur. Bu halda yenidən müharibə qızışa bilərmi?

- Müharibənin qızışma ehtimalını görmürəm. Erməni hərbçiləri də eyni üsulla cavab verə bilər. Ancaq inanmıram ki, bu, müharibənin yenidən başlanmasına gətirib çıxarsın. Qarşılıqlı atışma ola bilər. Ermənistan tərəfinin müharibə başlamaq niyyəti yoxdur, istədiyindən də iki dəfə çox ərazi tutub, Azərbaycanın isə buna başlamağa siyasi iradəsi yoxdur.

- Ötən yay elə bu vaxtlar cəbhə bölgəsində vəziyyət gərginləşdi, itkilər oldu. Bunun təkrarlanmayacağına əminliyiniz varmı?

- Əsgərlərin üz-üzə dayandığı yerdə heç kim hansısa hadisələrin olmamasına zəmanət verə bilməz. Keçən il bunu Ermənistan tərəfi başlamışdı, Azərbaycan mövqeyinə hücum edib əsgərləri öldürmüşdü. Azərbaycan da cavab verdi. Qarşılıqlı əməliyyatlar oldu. Bu il isə, gördüyünüz kimi, aprel ayından başlayaraq təmas xəttində atəşkəsin pozulması halları diqqət çəkəcək qədər azalıb. İndi atırlarsa, o da, atəşkəsin pozulması yox, hər iki tərəfin özünü bir-birinə xatırlatmasıdır. Bu, həmişə baş verib. Ancaq aprel ayından bəri sakitlik müşahidə edilir.

- Bəzən deyirlər, tufan qabağı sakitlik olur...

- 23 il ərzində heç bir tufan qopmayıbsa, indi də qopası deyil. Azərbaycan torpaqları 1990-cı illərdən işğal altındadır. Torpaqları işğaldan qurtarmaq üçün o qədər şans olub ki... Hətta siyasi imkanlar da açılıb. Amma bu imkandan heç vaxt istifadə edilməyib.

XS
SM
MD
LG