Xədicə İsmayılın məhkəməsində jurnalist həmrəyliyi
«Bu, hökumətin Xədicə İsmayıla qərəzli münasibətinin göstəricisidir»
Xədicə İsmayılın məhkəməsini izləməyə gələn, amma qapı dalında qalanlardan biri olan AXCP sədri Əli Kərimli hesab edir ki, zala prosesə dəxili olmayan adamlar buraxılıb. Onun fikrincə, bununla da ictimai fəalları, jurnalistləri məhkəmədən uzaq tutmaq niyyəti güdülüb: «Əslində Xədicə xanımın məhkəməsinə münasibət dövlətin Xədicə İsmayıla qərəzli münasibətini göstərir. Proseslə heç maraqlanmayan, xüsusi hazırlıqlı adamları gətirib içəri doldurublar ki, zalda boş yer olmasın. Bunu əsas gətirib jurnalistləri, Xədicə xanıma mənəvi dəstək olmaq istəyənləri içəri buraxmasınlar. Bu, hökumətin Xədicə İsmayıla xüsusi münasibətini göstərir. Bu, Xədicə İsmayılın İlham Əliyev və ailəsinin biznesi ilə bağlı apardığı jurnalist araşdırmaları ilə bağlıdır».
Əli Kərimli deyir ki, heç kəsə Xədicə İsmayılın həbsinin jurnalist fəaliyyəti ilə bağlılığı sirr deyil: «Ancaq hökumət ağılsızlıq edir. Çünki Xədicənin həbsi o araşdırmalarla tanış olmayan adamları da maraqlandırdı, onlar da İlham Əliyevin və ailəsinin biznes şəbəkəsi haqqında oxumağa başladı. Xədicə İsmayıl bu gün söz azadlığının keşiyində durduğuna, cəsarətinə görə həbsdədir və o, bu gün azad sözün simvoludur. Biz hamımız ona dəstəyik».
Etiraz aksiyalarında olduğu kimi...
Jurnalistlər məhkəməyə ilk dəfə olaraq etiraz aksiyalarında istifadə olunan fərqləndirici geyimdə gəliblər.
AzadlıqRadiosuna deyiblər ki, onlar bununla Xədicə İsmayılın jurnalistlik fəaliyyətinə görə həbs edildiyini göstərmək istəyirlər.
«Xədicə» qışqırdılar
Jurnalistlərin hamısı içəri buraxılmayıb.
Artıq məhkəmə prosesi başlayıb. İddialar var ki, ictimai-siyasi şəxsləri, müstəqil media nümayəndələrini buraxmamaq üçün zalda prosesə aidiyyəti olmayan adamlar otuzdurulub ki, içəri dolu görünsün. İçəri buraxılmayanlar məqsədli şəkildə proses üçün kiçik zal ayrıldığını deyirlər.
Onlarla jurnalist, ictimai fəal çöldə qalıb. Onlar etirazlarını əl çalmaqla və «Xədicə» qışqırmaqla bildiriblər