VƏKİL MƏHKƏMƏDƏ BAŞ VERƏNLƏRİ DANIŞIR
PENİTENSİAR XİDMƏTİN ƏMƏKDAŞLARI JURNALİSTLƏRİ DAŞA BASIR...
Xədicə ittiham olunandan ittihamçıya çevrilmək istəyir
«Xədicə sizlərdən də yüksək əhval ruhiyyədədir, özünü sərbəst aparır və hiss olunur ki, ittiham olunandan ittihamçıya çevrilmək istəyir».
Milli Şuranın sədri Cəmil Həsənli AzadlıqRadiosuna müsahibəsində deyir ki, Xədicə İsmayıl öz nitqlərində kifayət qədər sarkazm və ironik ifadələrdən istifadə edir: «Özünü günahkar bilmir və ona qarşı irəli sürülən ittihamları subyektiv sayır. O göstərdi ki, AzadlıqRadiosunun Bakı bürosuna rəhbərlik etdiyi zaman bağladığı müqavilələrdə maddi məsul şəxs olmayıb. Ümumiyyətlə, müqavilədə belə hal göstərilməyib, maliyyə məsələlərinə görə üzərinə heç bir öhdəlik götürməyib. Öhdəlik götürmədiyi halda belə ittihamla üzləşməsi gülüncdür».
Cəmil Həsənli deyir ki, vəkillər Xədicə İsmayılın əvvəlki vəkili Yalçın İmanovun işə qaytarılması ilə bağlı vəsatət qaldırıblar: «Amma bu vəsatət təmin edilmədi».
Arif Hacılı: «Süni gərginlik yaradılır»
Prosesi izləmək imkanı olan Müsavat başqanı Arif Hacılı deyir ki, hazırda prosesdə fasilə yaranıb, hakim heyəti vəkillərin qaldığı vəsatətləri müzakirə etməyə gedib: «Biz çıxanda dedik ki, əvəzimizə kimisə buraxın, dedilər, yox, olmaz».
Arif Hacılının fikrincə, bu məhkəmə də əvvəlki siyasi motivli proseslərə bənzəyir, ancaq indi həm də süni gərginlik yaradıldığı hiss olunur:
«Vəkillərin qaldırdıqları vəsatətlər rədd edilir. Məsələn, Xədicə İsmayıla Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi qaldırılıb, vəkillər vəsatət qaldırırlar ki, bu maddə üzrə cinayət işi xətm edilsin. Orda zərərçəkən şəxs qismində iştirak edən Tural adlı şəxs bu cinayət işinin xətm olunmasına etiraz etmədiyini bildirdi. Yəni, bir zərər çəkən şəxs var, o da imtina edir şikayətindən. Prokuror bu vəsatətin təmin olunmaması barədə məsələ qaldırdı».
Arif Hacılı deyir ki, bu məhkəmə prosesində də qərarlar siyasi olacaq: «Xədicə İsmayıl görünür, özünü yaxşı hiss edir, o, verilən ittihamların ona heç bir dəxili olmadığını qısa, aydın sübutlarla bildirdi. Ancaq görünür ki, məhkəmə siyasi sifarişə əsasən qərar verəcək».