12 avqust - Bu gün Xədicənin iki məhkəməsi var.
Şahidlər dindirilir
İndilərdə Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın məhkəməsi davam etdirilir.
Xarici ölkə səfirliklərinin nümayəndələri zala daxil olub. Bir neçə media orqanı təmsilçiləri istisna olmaqla jurnalistlərin əksəriyyəti bayırda qalıb.
Məhkəmədə şahidlər dindirilir.
«Tanış adam görmədim»
«Məhkəmə zalında demək olar ki, tanış adam görmədim, əksəriyyət yad adamlar idi. Nəvəmdən soruşdum bunlar kimdir, dedi əmi uşaqlarım. Dedim, onda məni bu qohumlarımla tanış et».
Bunu Xədicə İsmayılın məhkəməsində iştirak etmiş anası Elmira İsmayılova ironiya ilə deyir. Bildirir ki, bu gün də məhkəmə zalı tanımadıqları adamlarla doldurulub.
Elmira İsmayılova Xədicənin əhval-ruhiyyəsinin çox yaxşı olduğunu da deyib.
Məhkəmə prosesi günortadan sonra davam edəcək.
Cəmil Həsənli: «Hakimə, prokurora da yazığım gəlir»
«İlk gündən mən Xədicə İsmayılın məhkəmə prosesi ilə maraqlanıram. Yalnız məhkəmə başlayanda - birinci gün içəri keçə bilmişdim. Leyla və Arif Yunusların da məhkəməsinə bir dəfə buraxılmışam. Ancaq bütün proseslərə gəlirəm».
Bunu AzadlıqRadiosuna Xədicə İsmayılın məhkəməsini bayırdan izləyən Milli Şura sədri Cəmil Həsənli deyib:
«Təəssüflər olsun ki, kənar adamları məhkəmə zalına doldururlar, jurnalistləri, QHT nümayəndələrini, ziyalıları içəri buraxmırlar. Məhkəmə açıq olsa da, tam qapalı keçirilir. Bu işlərdə o qədər saxtakarlıqlara yol veriblər ki, sadəcə olaraq ictimailəşməsindən ehtiyat edirlər».
Cəmil Həsənli Xədicə İsmayılın tam günahsız olduğunu da bildirib: «Xədicənin məhkəməsində baş verənlər onu göstərir ki, o məhkəmə zalından azad olunmalıdır. Bütün baş verənlərə görə üzr istəməlidirlər. Çünki bu işdə bir şahid, zərərçəkən, üzünə duran yoxdur. Proseslərdən də göründüyü kimi, bu, qurama bir işdir. Məzhəkə xarakteri də daşıyır. Hakimə, prokurora da yazığım gəlir. Çünki bu məhkəmədə özünü ən sərbəst, azad gümrah hiss edən Xədicədir, qalan hamısı sıxıntı içindədir».
Hazırda məhkəmə prosesində fasilədir.