Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:37

Xədicənin məhkəməsi davam edəcək

AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı jurnalist Xədicə İsmayıla qarşı məhkəmə prosesini dəqiqəbədəqiqə izləməklə yanaşı həm də jurnalistin həbsinə aparan hadisələri yada sala bilərsiz.

AzadlıqRadiosu-nun araşdırmaçı-jurnalisti, radionun Bakı bürosunun keçmiş rəhbəri Xədicə İsmayıl 2014-cü il dekabrın 5-də Tural Mustafayev adlı şəxsi intihar həddinə çatdırmaq ittihamı ilə həbs edilib.

Sonradan bu ittiham ləğv edilib amma jurnalistə qarşı AzadlıqRadiosu-nun Bakı bürosunun rəhbəri vəzifəsində çalışdığı müddətdə vəzifə səlahiyyətlərini aşma, vergidən yayınma kimi ittihamlar da irəli sürülüb.

X.İsmayıl bildirir ki, prezident İlham Əliyev və digər yüksəkvəzifəli məmurların qanunsuz biznes fəaliyyətini araşdırdığı üçün belə basqıyla üzləşib.

Ən yeni xəbərlər bloqun əvvəlində yerləşdirilir. Mətndən aşağıda göy rəngli «davamı» düyməsini basmaqla bloqu vərəqləmək, əvvəlki postlarla da tanış olmaq mümkündür.

10:40 1.9.2015

Sentyabrın 1-də nahar fasiləsindən sonra Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosu-nun əməkdaşı, araşdırmaçı-jurnalist Xədicə İsmayıla hökm oxunması gözlənir.

Dünən Xədicə İsmayıl məhkəmədə son sözünü deyib, amma hakim onun nitqini bitirməsinə imkan verməyib və onun «mahiyyəti üzrə danışmadığını» bildirib.

17:52 31.8.2015

Məhkəmədə sözü bir neçə dəfə kəsilən Xədicə İsmayılın çıxışının mətni. Xədicə çıxışın sonunda təşəkkür hissəsinə keçməyə macal tapmadan məhkəmə prosesi dayandırıldı.

Hökm Sentyabrın 1-də açıqlanacaq.

15:23 31.8.2015

«Bütün arqumentlər bitib»

Xalid Bağırov
Xalid Bağırov

Vəkil Xalid Bağırov Xədicə İsmayılın son sözünün yarımçıq kəsilməsinə münasibət bildirib. O deyib ki, təqsirləndirilən şəxs son söz söylərkən bütün vasitələr keçərlidir: «O bütün vasitələrdən istifadə edib hakim qarşısında özünə bəraət qazandıra bilər. Görünən budur ki, məhkəmə son söz institutunu belə inkar edir, işin mahiyyətindən danışmağı belə yaxına qoymur».

Vəkil deyib ki, o, jurnalistin son söz çıxışını görüb və bu mətni bir saata sığışdırmaq olardı. «Ancaq bir saata belə dözmək imkanında deyillər», - söyləyir Xalid Bağırov.

Vəkil Xalid Bağırov prosesi kənardan izləyən hüquqşünas kimi məhkəmənin ümumi gedişinə də öz qiymətini verib: «Son iki məhkəmədən - Yunusların və Xədicə İsmayılın məhkəməsindən sonra görünən bir nəticə var. Hakimiyyət bu tip məhkəmələrdə yeni tendensiya tətbiq edir. Görünən odur ki, bütün arqumentlər bitib. İstintaqın nə dərəcədə biabırçı olduğunun görünməsini belə istəmirlər».

15:03 31.8.2015

«Bu, hakimiyyətin intiharıdır»

Cəmil Həsənli
Cəmil Həsənli

«Xədicə İsmayıl həbsi ilə cəmiyyətə nümunə verdi və onun həbsi cəmiyyətin qorxuluğunu götürdü». Milli Şuranın sədri Cəmil Həsənli belə deyir.

Onun fikrincə, Xədicə İsmayıla neçə il iş verilməsinin mənası yoxdur. «Bu məhkəmə intihar üzərində qurulub. Amma mənəvi baxımdan bu, hakimiyyətin intiharıdır. Mənəvi baxımdan Xədicə hakimiyyəti intihara məcbur edə bildi», - söyləyir Cəmil Həsənli.

Məhkəmə binası önündə gözləyənlərdən biri, AXCP sədri Əli Kərimlinin dediyinə görə, hakimiyyət Xədicə İsmayıldan qisas alır.

«O heç bir cinayət törətməyib. O, Azərbaycanda aparıcı araşdırmaçı-jurnalistdir və məhz keyfiyyətli araşdırmalarına görə, hakimiyyətin korrupsiya əməllərini ifşa etdiyinə görə ondan qisas alırlar. Bütünlükdə bu məhkəmə də şoudan başqa bir şey deyil. Məhkəməni qapalı keçirirlər, onu özünü müdafiə etməsinə imkan da vermirlər. Ona görə də bu məhkəmənin hansı qərar çıxarmasından asılı olmayaraq prosesin qurama olduğu Azərbaycan xalqına aydındır. O, xalqın hüquqlarını qoruduğu üçün hakimiyyətin qəzəbinə gəlib», - deyir Əli Kərimli.

Davamı

XS
SM
MD
LG