Xədicə İsmayılın məhkəmə prosesi fasilədən sonra davam edir. Yenə media nümayəndəri içəri buraxılmayıb.
Cəmil Həsənli çöldə qaldı
Avqustun 11-də Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın məhkəməsi davam edir.
ABŞ, Almaniya, Böyük Britaniya səfirliklərinin nümayəndələri məhkəmə zalına buraxılıb. Xədicə İsmayılın anası və bacısı qızı da içəri keçib.
Müstəqil media nümayəndələri, ictimai fəallar isə, bundan əvvəlki məhkəmə proseslərində olduğu kimi, bayırda qalıb.
Məhkəmə zalına buraxılmayanlar arasında Milli Şuranın sədri Cəmil Həsənli də var.
Vəkillər gəlməyib
Vəkillər məhkəmədə iştirak etmədikləri üçün prosesdə fasilə elan olunub. Hakim deyib ki, üzrlü səbəb yoxdursa, vəkillər cəzalandırılacaq - Vəkillər Kollegiyasına müraciət olunacaq. Xədicə İsmayıl hakimə etiraz edib: «Müdafiə tərəfi dünənki prosesdə bildirib ki, işləri olduğu üçün gələ bilməyəcəklər».
Xədicə məhkəmə zalına kənar adamların doldurulduğu, media, ictimaiyyət nümayəndələrinin kənarda qaldığı üçün də məhkəməyə etirazını bildirib.
Cəmil Həsənli: «Hakimə, prokurora da yazığım gəlir»
«İlk gündən mən Xədicə İsmayılın məhkəmə prosesi ilə maraqlanıram. Yalnız məhkəmə başlayanda - birinci gün içəri keçə bilmişdim. Leyla və Arif Yunusların da məhkəməsinə bir dəfə buraxılmışam. Ancaq bütün proseslərə gəlirəm».
Bunu AzadlıqRadiosuna Xədicə İsmayılın məhkəməsini bayırdan izləyən Milli Şura sədri Cəmil Həsənli deyib:
«Təəssüflər olsun ki, kənar adamları məhkəmə zalına doldururlar, jurnalistləri, QHT nümayəndələrini, ziyalıları içəri buraxmırlar. Məhkəmə açıq olsa da, tam qapalı keçirilir. Bu işlərdə o qədər saxtakarlıqlara yol veriblər ki, sadəcə olaraq ictimailəşməsindən ehtiyat edirlər».
Cəmil Həsənli Xədicə İsmayılın tam günahsız olduğunu da bildirib: «Xədicənin məhkəməsində baş verənlər onu göstərir ki, o məhkəmə zalından azad olunmalıdır. Bütün baş verənlərə görə üzr istəməlidirlər. Çünki bu işdə bir şahid, zərərçəkən, üzünə duran yoxdur. Proseslərdən də göründüyü kimi, bu, qurama bir işdir. Məzhəkə xarakteri də daşıyır. Hakimə, prokurora da yazığım gəlir. Çünki bu məhkəmədə özünü ən sərbəst, azad gümrah hiss edən Xədicədir, qalan hamısı sıxıntı içindədir».
Hazırda məhkəmə prosesində fasilədir.