Xədicə: «Yalançı şahidləri bura doldurmusuz»
Xədicə İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsində günün birinci yarısında onunla bağlı Ali Məhkəmədə keçirilən prosesdə iştirak etməməsindən danışıb:
«Səhər istintaq təcridxanasında mənə dedilər ki, hazırlaş. Amma 10 dəqiqə sonra yaxınlaşdılar ki, sən getmirsən. Proses mənsiz keçirildi».
Jurnalist onu da deyib ki, həmin iş üzrə onun vəkili Yalçın İmanovdur, ancaq Bakı Ağır Cinayətlər Məhkəməsindəki prosesdə onu uzaqlaşdırıblar:
«Mən vəkilim olan Yalçın İmanovla görüşə bilmirəm, vəkilimlə məsləhətləşə bilmirəm. Xahiş edirəm, mənim vəkilimlə görüşümə etirazınız olmaması ilə bağlı istintaq təcridxanasına məktub təqdim edin. İstintaq zamanı Yalçın İmanov bu işə görə uzaqlaşdırılanda prokurorluq təcridxana rəhbərliyinə bizim görüşümüzün qadağan edilməsi haqda məktub göndərib».
Hakim problemin yoluna qoyulacağını bildirib.
Xədicə İsmayıl hakimə müraciət edib. O məhkəmənin hələ də yarıqapalı keçirildiyini bildirib: «Digər proseslərdə üzəduran kimi gördüyüm yalançı şahidləri bura doldurmusuz. Hətta qohumlarım çöldə qalıb. Xahiş edirəm, imkan yaradın mənim dostlarım, doğmalarım burda iştirak etsinlər».
İfadə verməli olan şahid gəlmədiyi üçün məhkəmə avqustun 13-də saat 11-də davam edəcək.
Sonuncu şahidlər
Avqustun 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılın məhkəmə prosesi başlayıb. Bəzi diplomatik korpus nümayəndələri, jurnalistin doğmaları məhkəmə zalına buraxılıb.
Bugünkü prosesdə sonuncu şahid ifadələri dinləniləcək.
AzadlıqRadiosunun əməkdaşları dindirilib
Xədicə İsmayılın məhkəmə prosesində AzadlıqRadiosunun əməkdaşı Ülkər Akifqızı şahid kimi dindirilib. Ondan radioda ştatda olan əməkdaşla ştatda işləməyənin fərqləri soruşulub.
Daha sonra AzadlıqRadiosunda texniki işlərə nəzarət etmiş Fərid Abdullayevin ifadəsi elan olunub. İstintaqdakı ifadəsində o deyib ki, radioda mülki müqavilə əsasında işləyib, hər ay vergi ödəyib. Bildirib ki, cəmi bir dəfə AzadlıqRadiosunun əməkdaşı Cavanşir Ağamalıyevin hesabına maaşdan əlavə bir neçə min məbləğin gəldiyini, həmin pulu bankdan çıxardığının şahidi olub.
Xədicə İsmayıl deyib ki, Fərid Abdullayevin bu ifadəsi dəyişdirilib.
Müdafiə tərəfinin Tural Mustafayevin intihara cəhdi ilə əlaqədar Şəhla Hümbətovanın əlavə şahid kimi dindirilməsi haqqında vəsatəti təmin olunmayıb.
«Məni tutmaq üçün radionu bağlamısınız»
Vəkil Fariz Namazov Tural Mustafayevin işdən çıxarılması məsələsinin ayrıca araşdırılması ilə bağlı vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.
Xədicə İsmayıl deyib ki, həbsindən əvvəl prokurorluq heyətinin «Maqnitski siyahısı»na salınması üçün beynəlxalq təşkilatlara müraciət edib: «Ona görə prokurorluq heyəti mənə qarşı qərəzidir». Deyib ki, «Tural Mustafayevin işdən çıxarılmasını, intiharı məsələsinin araşdırırsınızsa, bütün əlaqəli şəxsləri dindirməkdə maraqlı olmalısınız». Hakim bu vəsatəti təmin etməyib.
Vəkil Fariz Namazlı isə Tural Mustafayevin işdən çıxması ilə bağlı AzadlıqRadiosunun Bakı bürosunun ovaxtkı rəhbəri Babək Bəkirlə elektron yazışmasının sübutlar siyahısına salınması haqda vəsatət qaldırıb. Bu da təmin olunmayıb.
Vəkillərin başqa bir vəsatəti AzadlıqRadiosunun nümayəndəsi Adil İsmayılovun məhkəməyə çağırılması haqqında olub. Prokuror isə deyib ki, buna ehtiyac yoxdur, çünki AzadlıqRadiosunun işi araşdırılmır. Bu vəsatət də təmin olunmadı.
Xədicə İsmayıl deyib ki, «heç olmasa, radionu mənə görə yoxlayıb bağladığınızı açıq bildirməyin. Məni tutmaq üçün radionu bağlamısınız. Çünki radioda yoxlama aparıb məni tutmalıydınız, siz isə əksini etmişiniz».
Məhkəmədə 10 dəqiqəlik fasilə elan olunub.