Davam edir...
Avqustun 18-də araşdırmaçı-jurnalist Xədicə İsmayılın məhkəməsi davam etməlidir. Bu, jurnalistin bu həftəyə təyin edilmiş ilk məhkəmə prosesidir.
AzadlıqRadiosunun əməkdaşı xəbər verir ki, Almaniya, Böyük Britaniya səfirliklərinin, Avropa İttifaqı nümayəndəliyinin əməkdaşları məhkəmə zalına buraxılıb. Norveç səfirliyinin əməkdaşı isə məhkəmə qarşısında gözləyir.
«İttihamlara görə narahatdırlar»
AXCP sədrinin müavini Gözəl Bayramlı məhkəməni izləmək istəsə də, zala buraxılmayıb. O, AzadlıqRadiosuna deyib: «Bizə məhkəmə zalına daxil olmağa imkan vermirlər. Bu, sifarişdir, tanıyırlar, bilirlər. Tapşırıblar ki, ictimaiyyət nümayəndələrini məhkəməyə buraxmaq olmaz. İrəli sürdükləri ittihamlara görə narahatdırlar».
Prosesi müşahidə etməyə gələn Norveç səfirliyinin əməkdaşı da Bakı Ağır Cinayətlər Məhkəməsi qarşısında gözləyir.
Vəsatətlərə baxılır
Xədicə İsmayılın məhkəməsində vəsatətlərə baxılır.
Vəkillər ötən proseslərdə bir neçə vəsatət qaldırıblar. Ancaq onların, demək olar, hamısı təmin edilməyib.
Xədicənin Turala sualları var
Xədicə İsmayılın məhkəməsində saat 15-dək fasilədir.
Jurnalistin anası Elmira İsmayılova AzadlıqRadiosuna bildirib ki, Xədicə İsmayıl ittiham tərəfinin zərərçəkən kimi təqdim etdiyi Tural Mustafayevin məhkəməyə dəvət olunmasını istəyib. Ona verdiyi ifadəylə bağlı bir neçə sualı olduğunu bildirib.
Xədicə İsmayıl anasıyla görüşə şərait yaradılması üçün hakimə müraciət edib. Jurnalist ötən məhkəmə iclaslarında da eyni tələblə çıxış etmişdi. O, məhkəmə fasiləsiz davam etdiyi üçün ailə üzvləri və vəkilləri ilə görüşə bilmədiyini demişdi.