Məhkəmə qarşısında Xədicəyə dəstək aksiyası
Avqustun 19-da Bakı Ağır Cinayətlər Məhkəməsinin qarşısında bir qrup jurnalist «Xədicəyə azadlıq!» tələbi ilə aksiya keçiriblər. Aksiyaçılar əllərində rəngbərəng şarlar və «Xədicəyə azadlıq!» yazılmış şüarlar tutublar.
Aksiyaçılar bildirib ki, onlar Azərbaycan hakimiyyətindən vətəndaş cəmiyyəti nümayəndələrinə hücumlara son qoymağı, həbsdə olan jurnalistlərin, hüquq müdafiəçilərinin, siyasi məhbusların azad olunmasını tələb edirlər. «Biz sülhpərvər yollarla bundan sonra da mübarizəmizi davam etdirəcəyik» deyə aksiyaçılar bildirib. Jurnalistlər aksiyada bir neçə dəfə «Xədicəyə azadlıq!» şüarı səsləndiriblər.
Yenə qapı arxasında qaldı
Jurnalist Xədicə İsmayılın cinayət işi üzrə məhkəmə prosesi davam edir. Əvvəlki proseslərdə olduğu kimi, məhkəmə yenə yarıqapalı keçirilir. Bəzi ölkələrin diplomatik təmsilçiləri məhkəmə zalına buraxılsa da, Böyük Britaniya səfirliyinin nümayəndəsi yenə qapı arxasında qalıb.
Bugünkü prosesdə məhkəmədə çıxışlar başlayacaq.
Prosedur qaydalarına görə, əvvəlcə dövlət ittihamçısı, sonra müdafiə tərəfi çıxış edəcək.
Vergi müfəttişi danışır
Avqustun 20-də Xədicə İsmayılın məhkəməsi davam edir.
Bu gün məhkəmədə Bakı Vergilər Departamentinin müfəttişi İmran Nurməmmədov ifadə verməlidir. O, avqustun 19-da ifadə verməyə başlasa da, iş günü bitdiyindən dindirilmə yarımçıq saxlanılmışdı.
Vergi Departamentinin əməkdaşları müdafiə tərəfinin vəsatəti əsasında dindirilir.
Məhkəmə yenə yarıqapalı şəkildə davam edir. Müstəqil jurnalistlər məhkəmə zalına buraxılmayıblar.
Prokuror vaxt istədi
Xədicə İsmayılın işi üzrə məhkəmə istintaqı başa çatıb.
Prokuror çıxış üçün avqustun 21-dək vaxt istəyib.
Məhkəmə prosesi sabah saat 11-də davam edəcək.