Bu gün hökm oxuna bilər
Avqustun 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində Xədicə İsmayılın işi üzrə proses davam edir. Məhkəməyə diplomatik korpusun nümayəndələri, jurnalistlər gəlib.
Ötən həftə dövlət ittihamçısı jurnalistin 9 il azadlıqdan məhrum edilməsini istəyib.
Bu gün isə Xədicə İsmayılın vəkilləri çıxış etməlidir. Jurnalist son söz söyləməlidir.
Vəkillər bundan sonra hökmün oxunacağını istisna etmirlər.
İçəri buraxmırlar
Hollandiya səfirliyinin əməkdaşı, müstəqil jurnalistlər və ictimai fəallar zala buraxılmayıblar.
Proses avqustun 31-də davam edəcək
Xədicə İsmayılın məhkəməsində vəkil Fariz Namazlı çıxış edib.
Onun dediyinə görə, çıxışdan öncə məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət qaldırıblar: «Bundan öncəki prosesdə dövlət ittihamçısı çıxış edərkən işin hallarına zidd olan əsaslara istinad və faktları tamamilə təhrif etdi. Ona görə də biz dövlət ittihamçısının məhkəməni çaşdırmaq niyyətinin qarşısını almaq üçün məhkəmə istintaqının təzələnməsi ilə bağlı vəsatət qaldırdıq. Biz sənədlər təqdim etdik ki, Xədicə İsmayıl heç kimlə xidməti və ya əmək müqaviləsi bağlamayıb. Eyni zamanda, radionun tezliyi 2009-cu il yanvarın 1-dən dayandırılıb. Halbuki prokuror tezliyin 2008-ci ilin yanvarından dayandırıldığını iddia edirdi. Amma təəssüf ki, məhkəmə bu sənədləri tədqiq etmədi. Tədqiq etsəydi, Xədicə İsmayıla qarşı yönəlmiş ittihamın tamam absurd olması ortaya çıxacaqdı».
Daha sonra müdafiə nitqi ilə çıxış edən vəkil Xədicə İsmayılın təqsirsiz olduğunu, iş materialları ilə bağlı sübutların olmamasını bildirib. Buna görə də jurnalistə bəraət hökmünün verilməsini xahiş edib.
Xədicə İsmayıl son söz söyləmək üçün hazırlaşmağa bir həftə vaxt istəyib.
Beş dəqiqəlik fasilədən sonra prosesin avqustun 31-də saat 14-də davam edəcəyi bildirilib.
«İttiham aktını hökmə köçürəcəklər»
Vəkil Fariz Namazlı hesab edir ki, məhkəmə qanunsuz sübutlara qiymət verdi: «Məhkəmə prosesində biz 30-dan çox vəsatət qaldırdıq. Bu vəsatətlər təmin olunsaydı, Xədicə İsmayılın təqsirsizliyini təsdiqləyəcəkdi. Amma məhkəmə heç bir vəsatəti təmin etmədi. Güman ki, məhkəmə işdə olan saxta sübutlara istinad edərək ittiham aktında olanları hökmə köçürməklə hökm çıxaracaq».
Xədicə İsmayılın anası Elmira İsmayılova bildirib ki, qızı məhkəməni gülərək izləyib: «O dedi ki, belə də gözləyirmiş, yuxarıdan hansı sifariş verilibsə, o da yerinə yetirildi».