Xədicənin apellyasiya şikayətinə baxılır
Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın apellyasiya şikayəti üzrə məhkəmə prosesi davam edəcək.
Məhkəmə prosesi saat 15.00-da başlayacaq.
Əvvəlki prosesdə hakim İlqar Murquzov jurnalistin ilkin məhkəmə baxışının qərarından bir ay müddətinə kasasiya şikayəti vermək hüququ olduğunu bildirərək məhkəməni təxirə salmışdı.
X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7.5 il azadlıqdan məhrum edilib.
Hökmdən narazı qalan X.İsmayıl apellyasiya şikayəti verib. Şikayətdə barəsindəki cinayət işinə xitam verilməsi və azadlığa buraxılması xahiş olunur.
Jurnalist ittihamları rədd edir və həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
«Amnesty International» Xədicə İsmayılı vicdan məhbusu elan edib. Çoxsaylı beynəlxalq təşkilatlar, o cümlədən ABŞ Dövlət Departamenti, Böyük Britaniya, Fransa Azərbaycanı jurnalisti azad etməyə çağırıb.
Xədicə İsmayılın məhkəməsi təxirə salındı
Noyabrın 19-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi təxirə salınıb.
Buna səbəb vəkillərin prosesdə iştirak edə bilməməsi olub.
Hakimin sözlərinə görə, vəkillər prosesdə iştirak edə bilməyəcəkləri barədə yazılı müraciət ediblər.
AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Xədicə İsmayıl proses başlamazdan jurnalistlərə yazılı məlumat ötürərək bazar günü yetkinlik yaşına çatmayanların karserə salındıqlarını və bunun qanunsuzluq olduğunu bildirib.
Nəzarətçilər buna mane olmağa çalışsalar da o bunu edə bilib.
Növbəti məhkəmə prosesi noyabrın 25-nə təyin edilib.
Xədicənin məhkəməsi davam edəcək
Noyabrın 25-də saat 15.00-da Bakı Apellyasiya Məhkəməsində jurnalist Xədicə İsmayılın məhkəməsi davam edəcək. Məhkəmə prosesinə hakim İlqar Murquzov sədrlik edir.
X.İsmayıl Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə və israf etmə - külli miqdarda törədildikdə), 192.2.2 (qanunsuz sahibkarlıq), 213.1(vergi ödəməkdən yayınma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirli bilinərək 7 il yarım azadlıqdan məhrum edilib.
Hazırkı apellyasiya şikayətində müdafiə tərəfi cinayət işinə xitam verilməsini, jurnalistin azadlığa buraxılmasını istəyir.
Xədicə İsmayıl ittihamları rədd edir, həbsinin jurnalist fəaliyyəti ilə bağlı olduğunu deyir.
«Amnesty International» Xədicə İsmayılı «vicdan məhbusu» elan edib.