Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:00

Gi de Mopassan. Boyunbağı


Guy de Maupassant
Guy de Maupassant

-

Gi de Mopassanın 100 il öncə yazdığı hekayələrdə toxunduğu problemlər hal-hazırda cəmiyyətimizdə aktual olduğu üçün Boyunbağı hekayəsi dilimizə 3-cü dəfə tərəfimdən tərcümə edilir. Bu hekayəni oxuyandan sonra toxunulan məsələləri özümüzdə varsa, tapıb dəyişmək ümidilə.

Yusif Hansen

Boyunbağı

O, taleyin kinayəsi ilə, bəzən usta ailələrində dünyaya gələn zərif və cazibədar qızlardan biri idi. Onun cehizi yox idi və gələcəyə ümid bəsləmirdi.

Yuxarı təbəqədən zəngin bir adamın onu sevib evinin xanımı etməsinə heç bir ehtimalın olmadığını bildiyindən Təhsil Nazirliyində işləyən kiçik bir məmurun evlilik təklifini qəbul etmişdi.

Bahalı paltara pulu olmadığından sadə geyinirdi, özündən aşağı təbəqədən birinə ərə getdiyi üçün özünü bədbəxt hesab edərdi. Çünki qadın üçün hansı zümrədən, hansı nəsildən olmağın fərqi yoxdur, gözəllik, zəriflik və məlahət ona ailənin verdiyi imtiyazları əvəz edirdi.

Kasıb ailədə böyüyən qızların sahib olduqları davranış qaydaları, dərin zəka və incə zövq onları ən varlı xanımlarla bir səviyyədə tutmağa şərait yaradan üstünlük idi.

Gözəl və təmtəraqlı həyat üçün doğulduğunu hiss edirdi, amma heç nəyi yox idi, ona görə də əzab çəkirdi. O, evinin kasıbvari, divarların çılpaq görünməsindən, üstü yırtılmış stullardan, solmuş pərdələrdən xəcalət çəkirdi.

Başqa kasıb qadınların bəlkə də fərqinə varmadığı şeylər ona əzab verir və özündən çıxardırdı.

Ev işlərini görən bretoniyalı qulluqçunu görmək kifayət idi ki, qəlbini acı təəssüf və həyata keçməyən arzular doldursun.

Şərq parçaları ilə bəzənmiş, hündür, qədim bürünc şamdanların işığına qərq olmuş sakit qonaq otaqları və burada sobanın istisindən xumarlanaraq yumşaq kreslolarda mürgüləyən ipək corablı nökərlər onun yuxusuna girirdi.

O, yuxusunda qədim və qalın pərdələrə bürünmüş geniş salonları görürdü. Görürdü ki, bu salonlarda çox incə və zərif şəkildə işlənmiş stolların üstündə nadir tapılan qiymətli oyuncaqlar düzülmüşdür.

Görürdü ki, evin gözəl qonaq otağı var və bu otaqda saat beşdə adicə bir baxışı ilə qadınlara zövq verən məşhur və şöhrətli adamları, yaxın dostu olan kişiləri çaya qonaq edir.

Əri ilə üzbəüz üstünə üç gün qabaq süfrə salınmış stol arxasında oturanda və əri şorba qabının qapağını açıb sevinclə: “Aha, kələmli şorba! Bundan yaxşı yemək ola bilməz!…” – deyəndə o, ləziz xörəkləri, parıltılı gümüş qabları, üstünə əfsanəvi meşələrin cəngəlliklərində yaşayan sehrli quşların və keçmiş qəhrəmanların şəkli çəkilmiş xalçalarla bəzənmiş divarları gözünün qabağında canlandırır, zərif çini qablarda gətirilən ləzzətli xörəkləri arzulayır, qızıl balığın çəhrayı tikəsini, yaxud qarabağır quşunun qanadını çəngəl və bıçaqla doğraya-doğraya qonşusunun əyilib qulağına pıçıltı ilə deyilən sözləri müəmmalı bir təbəssümlə dinləməyin həsrətini çəkirdi.

Onun heç nəyi yoxdu. Nə pal-paltarı, nə də qiymətli daş-qaşı. Amma belə şeylərdən ötrü ürəyi gedirdi və başa düşürdü ki, Allah onu məhz dəbdəbəli həyat üçün yaradıb.

O elə istəyirdi ki, adamların xoşuna gəlsin, məclislərdə kişilərin gözü onda qalsın, onların ağlını başından alsın və digər qadınlar ona paxıllıq etsin.

Hərdən vaxtı ilə monastırda birgə tərbiyə aldıqları varlı rəfiqəsinin yanına gedərdi, hər dəfə də oradan qayıdanda əzab çəkərdi.

Özünə söz verərdi ki, bir daha onlara getməyəcək. Bütün günü axşamacan dərdindən, öz halına acıdığından, kədər və ümidsizlikdən ağlayırdı.

Bir dəfə axşam əri işdən kefi çox kök qayıtdı və ona iri bir zərf verdi:

– Al, – dedi, – bu sənə hədiyyəmdir.

Arvad dərhal zərfi açdı, içindən bir kağız çıxartdı, kağızda bu sözlər yazılmışdı:

“Təhsil naziri və xanım Jorj Ramponno cənab və xanım Luazeldən bazar ertəsi, yəni yanvarın 18-də nazirlikdəki məclisə gəlməklərini xahiş edirlər”.

Əri gözləyirdi ki, arvadı bu xəbərdən sevinəcək, ancaq onun gözlədiyinin əksinə arvad acıqla dəvətnaməni stolun üstünə atdı:

– De görüm, bu mənim nəyimə lazımdır?

Necə yəni nəyimə lazımdır, əzizim, mən elə bilirdim ki, sən çox razı qalacaqsan. Sən heç yana getmirsən, bundan gözəl təsadüf olarmı? Mən bu dəvətnaməni çox çətinlikdə əldə etmişəm.

Çox adam bu məclisə getmək istəyir, amma hamını ora dəvət etmirlər, kiçik məmurlara isə dəvətnamə nadir hallarda verirlər. Sən orada vəzifəli məmurların hamısını görəcəksən.

O, ərinə qəzəblə baxdı və əsəbi şəkildə dedi:

– Mən ora nə ilə gedəcəm? Əynimə geyməyə heç nəyim yoxdur!

Bu heç ərinin ağlına gəlməmişdi. Ona görə mızıldandı:

– Teatra gedəndə geydiyin paltarı geyinərsən, məncə, çox yaxşı paltardır.

O gördü ki, arvadı ağlayır. Özünü itirdi və kədərli halda susdu. İki iri yaş damlası arvadın yanaqlarından süzülüb, ağzının yanlarından aşağı yuvarlanırdı. O, kəkələyərək dilləndi:

– Sənə nə oldu? Nə olub axı?

Arvad özünü toparlayıb kədəri boğdu və yanaqlarındakı yaşı silərək sakitcə cavab verdi:

– Heç nə. Mənim elə yerlərə getmək üçün geyməyə layiqli paltarım yoxdur. Deməli, həmin məclisə gedə bilməyəcəyəm. Dəvətnaməni arvadı məndən yaxşı geyinən iş yoldaşlarından birinə ver.

Kişi ümidsizlik içində arvadını dilə tutmağa başladı:

– Bura bax, Matilda, çox da baha olmayan bir paltarı neçəyə almaq olar? Elə bir parçadan ki, sonra da geyinmək mümkün olsun.

Matilda bir müddət susdu, xəyalında xərcləri saymağa başladı və qənaətcil ərini hürküdüb qorxutmamaq üçün elə bir qiymət fikirləşdi ki, kişi eşidəndə ah çəkib paltar almaq fikrindən birdəfəlik daşınmasın.

Nəhayət, arvad duruxaraq dilləndi:

Düzünü deyə bilmərəm, amma mənə elə gəlir ki, dörd yüz frank bəs eləyər.

Kişinin rəngi ağardı. O, yay aylarında, hər bazar günü Nanter ətrafına torağay ovuna gedən dostları ilə birlikdə ova çıxmaq üçün tüfəng almaqdan ötrü arvadının dediyi qədər pul yığmışdı.

– Yaxşı, Mən sənə dörd yüz frank verərəm. Amma çalış elə don al ki, yaraşıqlı olsun.

Məclisin vaxtı yaxınlaşırdı. Xanım Luazel təzə don almış olsa da, özünə yer tapmır, fikirləşir, kədərlənir və narahat olurdu. Bir axşam əri onun halını başa düşdü:

– Bura bax, sənə nə olub? Axır günlər özünü çox qəribə aparırsan?

– Ona görə ki, – deyə xanım Luazel ərinə cavab verdi, – mən heç nəyim yoxdur, nə bir əşyam var, nə də daş-qaşım, onlarsız paltar lap yaraşıqsız görünür. Elə yaxşısı budur ki, mən məclisə getməyim.

Əri etiraz elədi:

– Sən donunun yaxasına gül taxarsan. Qış vaxtı belə şey tapıb yaxaya taxmaq bir az da zəriflik hesab olunur. On franka iki, hətta üç əla qızılgül almaq olar.

Matilda razılaşmaq istəmədi:

– Yox, istəmirəm. Bu adamı alçaltmaqdır. Bər-bəzəkli qadınların arasında dilənçi kökündə görünmək ölümdən pisdir.

Birdən kişi çıxış yolu tapdı:

– Sənin heç ağlın yoxdur! Xanım Forestyenin yanına get, ondan xahiş elə ki, daş-qaşlarından birini sənə borc versin, sözünü yerə salmaz, axı siz çox yaxın dostsunuz.

Xanım Luazel sevincdən qışqırdı:

– Düz deyirsən, bu heç mənim ağlıma gəlməyib.

Ertəsi günü o, xanım Forestyenin yanına getdi və öz dərdini olduğu kimi rəfiqəsinə danışdı. Xanım Forestye aynalı şkafa yaxınlaşdı, ordan böyük bir mücrü çıxartdı, gətirib xanım Luazelə göstərdi, qapağını açıb dedi:

– Hansını istəyirsən seç, əzizim.

Xanım Luazel əvvəlcə mücrüdəki bilərziyi, sonra mirvarini, daha sonra Venesiya ustalarının düzəltdiyi daş-qaşlı qızıl xaçı gördü. Zinət əşyalarını götürüb bir-bir boynuna taxdı, güzgünün qabağında dayandı, onları geri qaytarmaq, daş-qaşdan ayrılmaq istəmədi. Güzgünün qabağında özünə baxıb tez-tez soruşdu:

– Bunlardan başqa bir şeyin yoxdurmu?

– Niyə yoxdur, axtar tap. Axı mən bilmirəm sənin nə xoşuna gəlir?

Birdən onun əlinə qara atlas qutudakı brilyant boyunbağı keçdi. Bu boyunbağını öz boynunda görməyi elə arzuladı ki, az qaldı ürəyi dayansın. Əlləri əsə-əsə boyunbağını götürdü, enli yaxalıqlı paltarının üstündən sinəsinə tutdu, özünə heyran oldu və güzgünün qabağında donub qaldı. Sonra qərarsız və çəkinə-çəkinə soruşdu:

– Sən mənə bunu verə bilərsənmi, ancaq bunu?

– Əlbəttə, verərəm.

Xanım Luazel rəfiqəsinin boynuna atıldı, hərarətlə onu öpdü və qiymətli boyunbağını götürüb qaça-qaça otaqdan çıxdı.

Nəhayət, məclisin vaxtı çatdı. Ziyafət günü hamının gözü xanım Luazeldə idi. O hamıdan gözəl görünürdü, zərif, qəşəng, şən olan bu xanım sevincindən sərxoş olmuşdu.

Kişlər ondan gözünü çəkmir, onunla maraqlanır, onun kim olduğunu soruşur və çalışırdılar ki, onunla tanış olsunlar. Xüsusi tapşırıq şöbəsinin məmurları yalnız onunla vals oynamaq istəyirdilər. Hətta nazirin gözünə də görünməyi bacarmışdı.

O, böyük bir həvəs və ehtirasla, sevincdən başı gicəllənə-gicəllənə, hər şeyi unudaraq, öz gözəlliyinin təsirindən nəşələnərək, qələbəsindən məst olmuş halda, kişilərin pərəstişlərindən, onların qəlbində özünə qarşı oyatdığı ehtiras və arzulardan ruhlanaraq, həmişə qadın qəlbinə zövq verən tam qələbə çalmaq duyğusu ilə xoşbəxtlik dumanına bürünərək rəqs edirdi.

Onlar səhər saat dörddə məclisdən getdilər. Xanım Luazelin əri gecəyarı olanda, arvadları salonda şənlik edən özü kimi üç məmurla birlikdə balaca boş bir otaqda mürgülədi.

O, arvadının çiyninə hər gün geyilən və indi onun əynindəki yaraşıqlı paltara heç cür yaraşmayan nimdaş bir bürüncək saldı. Xanım Luazel bunu hiss etdi və çiyinlərinə bahalı xəz dəri salan başqa varlı qadınların gözünə görünməmək üçün qaçmaq istədi.

Luazel arvadını saxladı:

– Hara qaçırsan, sənə soyuq dəyər, gözlə, bu saat fayton tapım.

Xanım Luazel ərinə fikr vermədən pilləkənlə aşağı qaçdı. Yaxınlıqda fayton tapılmadı. Onlar küçə ilə gedə-gedə yanlarından ötən faytonlara əl qaldırdılar və faytonçuları səslədilər.

Axırda hər şeydən əlləri üzüldü və soyuqdan donmuş halda Sena çayının sahilinə doğru getməyə başladılar.

Nəhayət, sahildə sınıq-salxaq bir gecə faytonu tapdılar. Bu cür faytonlar Parisdə ancaq gecələr gözə dəyir, elə bil onlar gündüz öz görkəmlərindən xəcalət çəkirlər, küçəyə çıxmırlar.

Faytona mindilər, Martir küçəsindəki evlərinə gəldilər və dinməz-söyləməz yuxarı qalxdılar. Arvad üçün elə bil daha hər şey sona çatmışdı. Kişi isə saat onda nazirliyə işə gedəcəyi haqda düşünürdü.

Xanım Luazel güzgü qabağında bürüncəyini çiynindən atdı və istədi ki, öz gözəlliyinə, bər-bəzəyinə bir də tamaşa eləsin. Birdən qışqırdı. Boyunbağı boynunda yox idi.

Paltarlarının yarısı soyunmuş əri soruşdu:

– Sənə nə olub?

– Mənə… mənə nə oldu?… Xanım Forestyenin boyunbağısı itib.

Kişi özünü itirmiş halda yerindən dik atıldı:

– Nə? Nə olub, deyirsən? Ola bilməz!

Onlar paltarların, bürüncəyin bükülən yerlərini, ciblərini axtardılar və heç nə tapa bilmədilər.

– Yadına sal, gör biz ziyafətdən çıxanda boyunbağı boynunda idi? – deyə kişi soruşdu.

– Bəli. Mən nazirliyin pilləkənlərindən enəndə əlimlə yoxladım, boynumda idi.

– Əgər boyunbağını küçədə itirsəydin, yerə düşəndə onun səsini eşidərdik. Yəqin faytonda düşüb.

– Deyəsən elədir. Sən faytonun nömrəsini yadında saxlamısan?

– Yox. Sən də faytonun nömrəsinə baxmamısan?

– Yox.

Onlar bu hadisədən kədərlənmiş halda xeyli bir-birinin üzünə baxa-baxa dayandılar. Sonra Luazel paltarını geydi.

– Gedim, – dedi, – piyada gəldiyimiz yerləri axtarım, bəlkə boyunbağını tapdım.

O getdi. Xanım Luazel isə elə beləcə, əynindəki paltarı soyunmadan, işığı yandırmadan, uzanmağa belə taqəti olmadan, ölü kimi yerindəcə donub qaldı.

Əri səhər saat yeddidə boyunbağını tapmadan geri qayıtdı.

Sonra polis idarəsinə getdi, redaksiyada oldu, itən şey haqqında elan verdi, faytonların dayanacağını yoxladı, bir sözlə, ümidi gələn yerlərin hamısını yoxladı.

Arvad isə başına gələn gözlənilməz fəlakətdən keyləşmiş halda bütün günü evdə oturub gözlədi.

Luazel axşam, solğun halda evə qayıtdı. O heç nə öyrənə bilmədi.

– Rəfiqənə yaz ki, boyunbağının zəncirini qırmısan və vermisən zərgər düzəltsin. Bununla bir az vaxt qazanaq, sonra da görək başımıza nə gəlir.

Ərinin diktəsi ilə arvad məktub yazdı.

Bir həftədən sonra onlar hər şeydən əllərini üzdülər və bu bircə həftənin ərzində düz beş yaş qocalmış Luazel:

– Boyunbağının əvəzini verməliyik, – dedi.

Ertəsi günü boyunbağının qabını götürdülər, üstündəki yazıya baxıb zərgəri tapdılar, zərgər köhnə dəftərdəki adları yoxladı və:

– Boyunbağını mən satmamışam, – dedi, – mən ancaq qabı satmışam.

İş belə olduqda onlar bir-biri ilə məsləhətləşərək boyunbağının əlamətlərini yadlarına salmağa çalışıb eyni ilə ona oxşar yeni bir boyunbağı tapmaq ümidi ilə dərd və həyəcandan özlərini itirmiş halda zərgər dükanlarını bir-bir gəzməyə başladılar.

Pale-Royal küçəsindəki dükanların birində eyni ilə onların axtardığı boyunbağıya oxşar bir boyunbağı tapdılar. Boyunbağının qiyməti qırx min frank idi. Onlara isə otuz altı min franka satmağa razı oldular.

Onlar zərgərdən xahiş elədir ki, boyunbağını üç gün ərzində satmasın və bir şərtlə ki, əgər fevralın axırınadək itən boyunbağı tapılsa, bu boyunbağını otuz dörd min franka geri qaytarsınlar.

Luazelin atasındanqalma on səkkiz min frankı vardı. Qalanını isə borc almağı qərarlaşdırdı.

Və birindən min frank, o birindən beş yüz frank, burdan yüz, ordan beş yüz frank almaqla, bir-bir hamıdan borc pul yığdı.

Borc aldığı adamlara qəbz verir, öhdəsinə iflasedici şərtlər götürür, sələmçilərlə, cürbəcür borc verənlərlə tanış olur, onların yanına gedirdi.

O, ömrünün axırına qədər qul olacağını başa düşə-düşə, qarşıda onu gözləyən ehtiyacın, qayğıların, gələcəkdə çəkəcəyi maddi çətinliklərin, mənəvi əziyyətlərin ağırlıqları altında indidən əzilərək, aldığı borc pulları qaytara bilib-bilməyəcəyini fikirləşmədən veksellərə qol çəkirdi və topladığı pulları götürərək təzə boyunbağının dalınca getdi, otuz altı min frankı zərgərin piştaxtasının üstünə qoydu.

Xanım Luazel boyunbağını geri qaytaranda rəfiqəsi narazılıqla bildirdi:

– Çox gec qaytardın, bəlkə özümə lazım olaydı.

Xanım Luazel qorxurdu ki, rəfiqəsi qabı açıb əmanəti yoxlayacaq, amma o boyunbağına heç gözünü ucu ilə də baxmadı. Əgər o görsəydi ki, boyunbağını dəyişiblər, görəsən nə düşünərdi, nə fikirləşərdi?

Bəlkə də onu oğru hesab edərdi?

Xanım Luazel yoxsulların keçirdikləri dəhşətli həyatla tanış oldu. Öz taleyi ilə tezliklə barışdı.

Bu dəhşətli borcu qaytarmaq lazım idi və o bu borcu mütləq qaytaracaqdı. Qulluqçunu azad etdilər, evi dəyişdirdilər, lap yuxarıda, mansardın altında balaca bir otaq kirayələdilər.

O, ev işlərinin hamısını özü görməyə başladı. Axşama qədər mətbəxdə eşələndi, qab-qacaq yudu, yağlı qazanın dibini təmizləyəndə çəhrayı dırnaqlarını sındırdı.

Özü paltar yudu, tuman-köynəyi, dəsmalı yaxalayıb kəndirə sərdi. Hər səhər tezdən həyətə düşüb küçəyə zibil apardı, pilləkənlərin başındakı meydançalarda dayanıb nəfəsini dərə-dərə su daşıdı.

Bütün yoxsul ailələrdən olan arvadların geydiyi könə paltarlardan geyindi, əlində zənbil dükana getdi, güc-bəla ilə əldə etdikləri dilənçi payı kimi az olan gəlirlərindən pul qənaət etmək üçün alverçilərə qiymət endirməyə çalışdı.

Hər ay vekselin birini ödəmək, təzəsini almaq, bir başqasının möhlətini uzatmaq lazım idi.

Əri bir alverçinin haqq-hesabını qaydaya salmaq üçün gecələr işləyir, bəzən də səhərə qədər yatmayıb səhifəsi beş suya (pul vahidi) əlyazmalarının üzünü köçürürdü.

Düz on il bu cür yaşadılar. On ildən sonra hər şeyi, hətta insafsızcasına artan sələmləri belə ödəyib qurtardılar.

Xanım Luazel yaman qocaldı. Özü də yoxsul ailələrin arvadları kimi kobudlaşdı, sərt və əsəbi oldu, arıqladı və çiyin sümükləri görünməyə başladı. Fikri dağınıq halda gəzirdi.

Donunun bir yanı əyilmiş, əlləri qıpqırmızı idi, bağıra-bağıra danışırdı. Döşəməni isti su ilə özü yuyurdu, amma bəzən əri işdə olanda, pəncərə qabağında oturub keçən günləri, ziyafətə getdiyi həmin axşamı və o gecə hamını heyran qoyduğunu, özünün füsunkarlığını yadına salırdı.

Görəsən, boyunbağını itirməsəydi nə olardı? Eh, kim bilir, nə baş verərdi? Həyat nə qədər qəribə və gözlənilməz işlərlə doludur! İnsanı bircə anda xilas, ya da məhv etmək nə qədər asan imiş!

Bir dəfə düz bir həftə evdə gecəli-gündüzlü işlədikdən sonra bazar günü bir azca dincəlib nəfəs almaq məqsədi ilə xanım Luazel Yelisey çölünə getdi və birdən uşağınınn əlindən tutub gedən bir xanım gözünə dəydi.

Bu, xanım Forestye idi. O, əvvəlki kimi qalmışdı, gözəl və cazibədar idi.

Xanım Luazel bir anlığıa özünü itirdi, bilmədi onunla danışsın ya yox? Sonra fikirləşdi ki, niyə danışmasın? İndi hər şeyi açıb demək olar. Borclar qaytarılıb və hər iş öz qaydasındadır, niyə danışmasın?

O, rəfiqəsinə yaxınlaşdı:

– Salam, Janna.

– Xanım… bağışlayın… mən bilmirəm… siz məni kiminləsə səhv salmısınız…

– Yox. Mən Matilda Luazeləm.

Rəfiqəsi ah çəkdi:

– Mənim yazıq Matildam, sən nə yaman dəyişibsən?!

– Eədir. Səndən ayrılandan sonra mənim başım çox bəlalar çəkdi. Yaman xərcə düşdük, özü də hamısı da sənə görə.

– Mənə görə? Bu necə ola bilər?

– Mən nazirliyə ziyafətə gedəndə verdiyin brilyant boyunbağı yadındadırmı?

– Yadımdadır. Nə olsun ki?

– İş ondadır ki, mən onu itirmişdim.

– Necə? Sən ki, onu mənə qaytardın?

– Mən sənə başqasını, lap sən verdiyinə oxşayan boyunbağını qaytardım. Düz on il borclarımızı ödəməli olduq. Bilirsənmi, yaman əziyyət çəkdik. Axı bizim heç nəyimiz yox idi. İndi bütün borcları qaytarmışıq və mən buna görə çox sevinirəm.

Xanım Forestye yerindəcə donub qaldı:

– Deyirsən, mənim boyunbağımın əvəzinə təzəsini aldınız?

– Bəli. Sən heç nə başa düşmədin? Boyunbağılar bir-birinə yaman oxşayırdı.

Xanım Luazel şadyanalıq və ürəyiaçıqlıqla gülümsündü.

Xanım Forestye isə həyəcanla rəfiqəsinin əlindən tutdu:

– Ay mənim yazıq Matildam! Mənim sənə verdiyim boyunbağının brilyantları saxta idi! Onun qiyməti isə beş yüz frankdan çox olmazdı.

Tərcümə edən: Yusif Hansen

XS
SM
MD
LG