Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:52

Sökülən binaların əşyaları bu dükana gəlir...


-

“Bu, qədim radiodur. Patefonu da var. Bu ütünü görursüz, açırsan, kömürü qoyursan, bağlayırsan. Kömürlə işləyir, 1811-ci ilindir”...

Bakıda köhnə məhəllələrin sökülməsi köhnə ev əşyalarının satışını da artırıb. Artıq 11 ildir köhnə əşyaları alıb-satan Qulaməli Babayev deyir elə əşyalar var ki, birbaşa satır, elələri də var əl gəzdirəndən sonra alıcı axtarır. Satdıqlarının içində nələr yoxdur ki?

Gözlə

No media source currently available

0:00 0:03:02 0:00
Direct-ə keçid

Lampalar, tərəzilər, yazı makinası...

“Bu lampalar 15 manatdır. Bu 20 manat, bu 10 manat. Bu, tərəzidir, çəki daşları da var, 100 manatdır. Əlbəttə, bunu alan istifadə etməyəcək, bir xatirə kimi saxlayacaq. Daş ütülərdən 5 manata olanı da var, 10 manata olanı da. Radiolar 20 manatdır. O vaxtı 99 rubl idi. Telefon 100 manatdır, işləyir. Bu telefondakı düymələri basırsan, o biri telefonu götürürsən. Bu cür əşyaların xəstəsi olan alıcılar çoxdur”.

Qulaməlinin zirzəmi mağazası sərgini xatırladır. Deyir ki, sərgi dükanı alıcı sarıdan kasad deyil. Köhnə yazı makinaları, qədim qablar alıcıları daha çox cəlb edir. Ramin İsmayılova da yazı makinası maraqlı gəlir:

Bizim evdə kompüter var, burda isə makina satılır. İstəyərəm ki, evdə olsun. Əlbəttə, istifadə edəndə kompüterdən edəcəyəm. Ancaq yazı makinasının olması da maraqlıdır.

“Bizim evdə kompüter var, burda isə makina satılır. İstəyərəm ki, evdə olsun. Əlbəttə, istifadə edəndə kompüterdən edəcəyəm. Ancaq yazı makinasının olması da maraqlıdır. Yenilik və köhnəlik, maraqlıdır. Qədimi əşyalara çox üstünlük verirəm. Tarixə aid olan əşyalar məni çox maraqlandırır. Bu vaxta qədər qədim saatlar, xalçalar almışam. Heykəllər də maraqlıdır”.

Lenin satılmır

Köhnə məhəllənin yerləşdiyi dükanda Leninin də heykəlciyi var. Qulaməli Babayev proletariatın rəhbərinin heykəlini satmır. Çünki ona hədiyyə ediblər. Ən bahalı əşya isə 250 manata olan pivə çəlləyidir.

Burda 1981-ci ilin bir toy güzgüsü də var. Üstünə də yazılıb “Xanlar və Çəmənzər, toyunuz mübarək - 15.08.1981”. Qulaməli deyir ki, güzgünü neçə il əvvəl tapıb. Sahibi çıxsa, gəlib apara bilər. Ancaq mütləq gərək göstərilən tarixdə ailə qurmuş şəxslər olsun.

“Ehhh, hələ o qədər köhnə evlər söküləcək ki..."

Qulaməlinin bir arzusu da dükanı genişləndirib adını “Köhnə Bakı” qoymaqdır. Deyir ki, “heç kim heç nə almasa belə yetər ki, gəlib baxsınlar, köhnə Bakını unutmasınlar”. Əşya baxımından isə satıcı qıtlıq çəkməyəcəyini fikirləşir. “Ehhh, hələ o qədər köhnə evlər söküləcək ki... Sökülən evlərin sahibləri də çox vaxt könhə əşyanı özüylə aparmaq istəmir. Həmin əşyalar bu dükana gələcək, mən də “Köhnə Bakı” yaradacağam”.

Bəs siz hansı köhnə əşyanı atmaq istəməzdiniz?

XS
SM
MD
LG