Nəsimi Rayon Məhkəməsi yazıçı Rafiq Tağı və onun «Avropa və biz» məqaləsinin dərc olunduğu «Sənət» qəzetinin redaktoru Samir Sədaqətoğlunun haqqında iki aylıq həbs qərarı çıxarıb. Həbsdən əvvəl onun haqqında milli, irqi və dini düşmənçiliyə yol vermək ittihamıyla cinayət işi qaldırılıb. Beləliklə, yazıçını iki ildən dörd ilədək həbs gözləyir.
Rafiq Tağı «Avropa və biz» məqaləsində Məhəmməd peyğəmbəri təhqir etməklə düşmənçiliyi yaymaqda ittiham olunur. Yazıçı özü peyğəmbəri təhqir etmədiyini bildirib, redaktor isə baş verənlərə görə üzr istəmişdi.
Amma, hüquq-mühafizə orqanlarının və dindarların sərt reaksiyası, o cümlədən yazıçıya ifadə etdiyi fikirlərinə görə cinayət işi açılması suallar doğurur. Bu dini dözümsüzlükdürmü? Yoxsa söz azadlığına təzyiq?
Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyev bunu nə dini dözümsüzlük, nə də azad sözə basqı kimi qiymətləndirir. O, deyir ki, Azərbaycanda senzura olmasa da «KİV haqqında» qanunun 10-cu maddəsinə görə söz azadlığından sui-istifadə yolverilməzdir: «Senzuranın olmaması o demək deyil ki, kim nə istəyir deyə bilər. Bu üzdən də prokurorluq onun haqqında cinayət işi qaldırıb…»
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov isə əlavə edir ki, Rafiq Tağı birinci dəfə deyil ki, yazılarında təhqirə yol verir. O, indiyə kimi Cəlil Məmmədquluzadəni, Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu, Əbülfəz Elçibəyi təhqir etsə də, cəmiyyət buna lazımi reaksiya verməmişdi. Sadəcə, Yazıçılar Birliyindən uzaqlaşdırılmışdı: «İndi isə bir milyard insanın böyük məhəbbətlə yanaşığı, peyğəmbər sandığı adamı təhqir edir. Bu yolverilməzdir. Buna kim dözər. Dözümlülük cinayətə göz yummaq deyil, axı...» Bununla belə, Hidayət Orucov hesab edir ki, bu məsələni hüquq-mühafizə orqanları araşdırmalıdır deyə, başqalarının münasibəti düzgün olmazdı.
Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadə isə Rafiq Tağı haqqında ölüm hökmü çıxaran Nardaran qəsəbəsi dindarlarının qərarından narazıdır. O, hesab edir ki, bu haqda qərarı yalnız müştəhidlər verə bilər və bu da bir anın içində verilmir. Bu mürəkkəb qərardır:
«Yəqin ki, həmin adamlar bunu bilməzlikdən deyiblər və bunu islamın ayağına yazmaq lazım deyil. Bir adam Nardaranda hamının adından danışa bilməz. Onu cəzalandırmaq dövlətin hüququdur. Hüquqi dövlətdə yaşadığımız üçün onun dövlət tərəfindən cəzalandırılmasını istəyirik».
Azərbaycanda söhbətləşdiyim ekspertlərsə bunun çox həssas məsələ olduğunu düşünürlər. Dinşünas alim Altay Göyüşovun qənaətincə, cəmiyyətə dözümlülük aşılanmalıdır. Demokratik cəmiyyətlər bu cür hallara hazır olmalı, sərt reaksiya verməkdən çəkinməlidir: «Ümumiyyətlə bu məsələyə cəmiyyətdə münasibət formalaşdırılmalıdır. Sabah bu təkrarlana bilər».
Altay Göyüşovun sözlərinə görə, bir neçə nəfərdən başqa bu məqalədən bəlkə də heç kimin xəbəri olmayacaqdı. Alimə görə, qalmaqallarla yadda qalmağı sevən yazıçının yazılarına bu dərəcədə sərt reaksiya vermək həm də dindarların qüsurudur. Altay Göyüşova görə Azərbaycan bir çox müsəlman ölkələrindən fərqli olaraq sünni və şiə məzhəbinə qulluq edənlərin ədavəti olmayan nadir ölkələrdəndir, onun dini dözümlülük problemi olmayıb. Amma, bu şəraitdə ənənə deformasiyaya uğraya bilər. Bu da həmin tendensiyalardan biridir. Ona görə də cəmiyyətə təhrikedici mesajlar yollamaq yox, onu söz azadlığına və dini dözümlülüyə alışdırmaq lazımdır.