Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:31

9 ay əvvəl döyüblər, hələ də cəzasız qalıblar


Arxiv fotosu
Arxiv fotosu

-

Xətai rayon sakini Elvin Əliyev "Qaynar "xətt"ə müraciət edib. Şikayətçi bildirir ki, ötən il oktyabrın 10-da naməlum şəxslər tərəfindən döyülüb. Ancaq polis hadisəni araşdırmaqda maraqlı deyil:

"Hadisə Xətai rayonu, Sadıqcan küçəsində baş verib. Məni döyəndən sonra DİN-in 102 xidmətinə müraciət etdim. Polislər birinci zəngimə gəlməsələr də, ikinci zəngə gəldilər. aldığım zərbələrdən ayağa dura bilmirdim. Qolumda da kəskin ağrı var idi. Polislər məni 7 saylı təcili tibbi yardım xəstəxanasına apardılar. Burada olakən Sabuçu polis İdarəsinin 36-cı polis bölməsinin təhqiqatçısı, mayor Vüsal müəllim ora gəldi. Hadisə ilə bağlı suallarını verdi və məndən səhəri gün 36-cı bölməyə gəlməyimi tələb etdi. Bundan sonra təcili tibbi yardım maşını ilə məni Sabunçu rayonunda fəaliyyət göstərən 3 saylı xəstəxanaya apardılar. Müayinə nəticəsində bəlli oldu ki, qolum sınıb. Qolum gips qoyaraq məni evə göndərdilər".

BÖLMƏYƏ ÇAĞIRIB İZAHAT ALSALAR DA...

Şikayətçi deyir, oktyabrın 11-də onu 36 saylı polis bölməsinə çağırıblar:

"Müstəntiq Vüsal müəllim hadisə ilə bağlı müxtəlif suallar ünvanladı. Mən də hadisəni olduğu kimi danışdım. Tanımadığım şəxslərin heç bir əsas olmadan mənə hücum çəkərək döydüklərini dedim. Vüsal müəllim məni ekspertizaya göndərdi. Ekspert rəyində göstərilirdi ki, az ağır xəsarət almışam. Məndən izahat alındı, ekspert rəyi, həkimlərin verdiyi arayış da materiala əlavə olundu".

Elvin Əliyevin sözlərinə görə, bundan sonra təhqiqatçı onun döyənlərdən birinin kimliyini və yaşadığı ünvanı müəyyən edib:

"Məlum oldu ki, Rəsul adlı bu şəxs 11 saylı marşrutda sürücü işləyir. Lakin maraqlıdır ki, hər şey ortada olduğu halda heç bir tədbir görülmədi. Artıq neçə aydır ki, bu işdə hər hansı irəliləyiş yoxdur. Bu işin sona qədər araşdırılmasını tələb edirəm".

Xətai rayon polis idarəsindən isə bildiriblər ki, Elvin Əliyevin döyülməsi faktı ilə bağlı araşdırmalar davam edir. Şübhəli şəxslər müəyyən edilib və dindirilib. Ancaq idarədən döyən şəxslərin niyə indiyədək cəzasız qalmaları açıqlanmadı.

XS
SM
MD
LG