-
"Mal-qara örüşümüz yoxdur. Hər ailənin ən azı iki-üç baş malı var, ancaq məcburuq ki, hörükdə saxlayaq. Çünki bizə məxsus olan örüşlərin hamısını satıblar. Bilmirik kimlərə satılıb, onu bilirik ki, o örüşlərdən heç vaxt istifadə etməmiş adamlara satılıb. Mən o vaxtlar kolxozda ömrümü qoymuşam, kombaynçı, traktorçu işləmişəm. İndi də traktorçuyam. Ancaq o torpaqdan mənə mal otarmaq üçün bir qarış da verilməyib. Bu boyda kənddə 5 sot yer tapmırıq, hər yer satılıb".
"MAL-QARA ACINDAN ÖLÜR"
Bunu AzadlıqRadiosunun "Qaynar xətt"inə Kürdəmirin Qarasaqqal kənd sakini Eyvaz Fətəliyev deyir. onun sözlərinə görə, kənd sakinləri mal-qara otarmağa bir qarış yer tapmırlar. Sakinlər örüş sahəsi üçün dəfələrlə kənd bələdiyyəsinə, rayon icra hakimiyyətinə yazıblar.
"Camaatın mal-qarası acından qırılır. Necə dolasın, bilmir. İş yeri yox, kəndlinin gözü təkcə bu 3-4 mala dikilib, o da əldən gedir".
Sakinlər deyirlər, vaxtilə İslahat Komissiyası mal-qara üçün hektarlarla örüş sahəsi ayırıb. Bundan başqa, kənd qəbiristanlığı üçün yer ayrılıb. Hamısını bələdiyyə satıb. İndi həmin sahələrlə kimlərsə əkinçiliklə məşğul olur.
Kənd sakinləri eroziyaya uğramış torpaqlara görə də narahatdırlar. Onların deməsinə görə, hektarlarla torpaq sahələri var ki, bələdiyyə suyu buraxıb, həmin torpaqları məhv edib.
Yerli icra hakimiyyəti bələdiyyəyə aid torpaqlara qarışmadığını deyir.
Kənd bələdiyyəsindən bildiriblər ki, örüş sahələri keçmiş bələdiyyə sədri tərəfindən mənimsənilib. Bələdiyyə sədri buna görə məhkəməyə də çəkilib.
BƏLƏDİYYƏ SƏDRİ CƏZALANDIRILDI. SONRA?..
Bu kəndin keçmiş bələdiyyə sədri Yengibar Əhmədova ittiham verilib ki, o, 2000-ci ilin yanvar ayından Kürdəmir rayonu Qarasaqqal Bələdiyyəsinin sədri vəzifəsində işləyib. Bələdiyyələrin mülkiyyətində olan kəndyanı örüş sahələrinin əhalinin mal-qarası üçün ümumi istifadəyə ayrılan əraziləri həyat yoldaşı Luiza Əhmədovanın adına rəsmiləşdirib. Bələdiyyə sədri 2005-ci ildən başlayaraq örüş sahəsinin 20-30 hektarında özü, həmçinin qeyri-rəsmi olaraq istifadə üçün verdiyi digər ərazilərdə isə həmkəndlisi Xürrəm Dadaşov taxıl əkib. Əkin sahələrinin becərilməsində istifadə olunan yanacaq və motor yağlarına görə dövlət büdcəsindən verilən yardımı mənimsəyib.
Lənkəran Ağır Cinayətlər Məhkəməsi ona 2 il şərti cəza verib. Ancaq kəndlilər deyirlər, keçmiş bələdiyyə sədrinin şərti cəzası torpaqlarını özlərinə qaytarmaqda həlledici olmayıb.
İndi kəndlilər əllərindən çıxmış örüş sahələrini kimdən tələb etsinlər, bilmirlər.
Hüquqşünas Fuad Hüseynov isə çıxış yolu görür. O, kəndlilərə vaxtilə əldən çıxmış örüş sahələrinin geri qaytarılması üçün ayrı-ayrılıqda məhkəməyə müraciət etmələrini məsləhət görür.