Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:58

Xalqımızda ticarətçi, yoxsa alverçi təfəkkürü var?


Rəşad Babalı
Rəşad Babalı

- "Alverçi üçün satacağı malın necəliyi maraqlı deyil. Əsas odur ki, mayası ucuz olsun."

"Ticarətçinin vizyonu uzağadı. Çox qazanım, amma indi qazanım fəlsəfəsi onlarlıq deyil"

Rəşad Babalı

Alverçidən ticarətçi olmaz

Alverçiylə ticarətçi anlayışları çox vaxt qarışıq salınır. Başdan ayağa mənfi və qaramatlıqla assosiasiya olunan alverçilik müsbət bir xüsusiyyət kimi qələmə verilmək istənilir.

“Xalqımız alverçidi, demək, bizdə ticarətçi təfəkkür var. Bu da müasir dünyada öz başını saxlamaq üçün əsas keyfiyyətlərdən biridi”.

Verdiyim sitatı dəfələrlə iqtisadçılarımız, liberal iqtisadiyyat tərəfdarları istifadə edirlər. Onların alverçi anlamıyla biznes zəkasını nəzərdə tutduğunu yaxşı bilirəm. Ancaq bu sözün yenə eyni konteksdə işlədilməsini görüb yazmağı qərara aldım.

Alverçiylə ticarətçinin əsas fərqi dəyərlərindədir. Yəni qırmızı xətlərində. Ticarətçidə qırmızı xətlər daha aydındır. Elə alverçidə də bilinir. Amma alverçinin qırmızı xəttinin çox nisbi və dəyişkən olduğunu qeyd edim.

Ticarətçi də alıb satır, alverçi də. İkisi də aradakı fərqdən pul qazanmaq istəyir. Aradakı fərqi necə alıb satırlar. Ticarətçinin vizyonu uzağadı. Çox qazanım, amma indi qazanım fəlsəfəsi onlarlıq deyil.

Çünki birdən-birə çox qazanmağın riskləri çoxdur. Həm də fırıldaq etmə şübhəsi doğurur. Əgər belə bir şey etdiyi ortaya çıxarsa ən dəyər verdiyi şeyi, ETİMADI itirəcəyini bilir.

Etimad da ticarətçinin sərmayəsidi. Puldan da önəmlidi. Alverçi üçün isə etimadın elə də önəmi yoxdu. Malını kimə sırıyıb tez bir zamanda qazanc əldə etməsi onu maraqlandırır.

Alverçi üçün satacağı malın necəliyi maraqlı deyil. Əsas odur ki, mayası ucuz olsun. Malın keyfiyyətsiz olmasının üstü açılsa, uzağı yer dəyişdirib başqa müştəri axtaracaq.

Mal xarab olsa da satacaq. Başqalarının həyatına təhlükə yaratsa da. Ticarətçi isə öz adına görə, karyerasının gələcəyini düşünərək satdığı malın keyfiyyətinə fikir verər. Çünki müştəri qazanmaq istər.

Ticarətçilik şəhər kültürünün inkişaf etdiyi yerlərdə meydana gəlir. Ona görə ki, daimi yeri var, gəzərgi deyil. Çox vaxt bu sənət ailə ənənəsidir. Evdə bir neçə uşaq olsa da azı biri atanın yolunu davam edir.

Bu səbəbdən ticarətçi həm də nəsil şərəfini qorumaqla mükəlləfdir. Dünyada ailə ənənəsinin hələ də davam etdiyi xeyli örnəklər var. Sonra da bunlar bir brend olub.

Alverçilik ənənə üzərində qurulmur. Qurula da bilməz. Fırıldaq və fürsətçiliklə bina edilən karyera bir insanla başlar və bir insanla da bitər.

Ticarətçi rəqabətdən qorxmaz, malına (xidmətinə) güvənirsə, “çörəy”inin olacağını bilir. Daimi müştəri qazanmaqla rəqabətin risklərini azaldır.

Alverçi isə monopoliyaya qaçır. İstəyir ki, onun malından kimsədə olmasın. O da istədiyi qiymətə sata bilsin.

Ticarətçi həm də yaşadığı yerin təəssübkeşidi. Bölgəsində, ölkəsində baş verənlərə biganə deyil. Bacardığı qədər müdaxilə etməyə çalışır.

“Əşşi, nəyimə lazımdı. Qarışmıram heç nəyə. Başımı aşağı salıb bir kısmat çörəyimi qazanıram” fəlsəfəsiylə yaşamır. Belələri ancaq alverçilər olur. Ticarətçi üçün sabitlik qədər dürüstlüyünün dəyər kimi qəbul edildiyi cəmiyyətin olması da əsasdı.

Ticarətçilər birləşib peşə yönümlü cəmiyyətlər qura və bununla bir çox problemlərini həll edə bilirlər. Bunun nümunələrini Təbrizdə görmək olar.

Təbriz qapalı bazarı İranda ən siyasi məkanlardan sayılır. Oradakı ticarətçilər nəyəsə etiraz əlaməti olaraq, dükanlarını bağladıqda İran iqtisadiyyatına təsir edir. Təbriz bazarını İranın qeyri-rəsmi fond birjası da sayırlar.

Ticarətçi mesenatdı. Xeyriyyəçilik, incəsənətə, ədəbiyyata, elmə, tələbə oxutmağa səxavətlidi. Ən azından adına müsbət dəyər qatmaq üçün edir.

Bəşəriyyətin inkişafı məhz mesenat ticarətçrilərin hesabına baş verib desəm şişirtmiş olmaram.

Öz tariximizdən misal versək, 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində birdən-birə ortaya çıxan zənginlərimizi göstərmək olar. Anidən varlansalar da, içində olduqları toplumun da inkişafına pul xərclədilər.

Xeyli gənci oxutdular, xeyriyyə cəmiyyətləri qurub maliyyələşdirdilər, dünya xalqlarıyla ayaqlaşmaq üçün çox şey etdilər. Neft mülkədarlarının mədəniyyət səviyyəsini nəzərə aldıqda onların etdikləri gerçəkdən böyük işlərdir.

Azərbaycanda ticarətçi ənənəsini bolşeviklər kəsdi. Özəl mülkiyyətin ləğv edilməsi ticarətçi əxlaqını da aradan götürdü.

Əvəzində pula gedən hər şeyi alıb satmağı məqbul görən alverçi kultu yaratdı. Bu kult özünü hər yerdə göstərdi. Xüsusən, 30-cu illər repressiyasını daha da gücləndirdi.

Müstəqillik qazandıqdan sonra da ticarətçiliyin xırda cücərtiləri görünməyə başladı. Ancaq Sovetin alverçi təfəkkürü imkan vermədi.

Sovetin dövlət monopoliyasına öyrəşdiklərində burada da rəqabətdən qaçırlar. Rəqibləri inzibati metodlarla sıradan çıxartmaq azad rəqabətdə məğlub etməkdən qat-qat asan olduğundan burjuaziya sinifinin yaranmasının bacardıqca qarşısını alırlar.

Hazırda Azərbaycanda hakimiyyətə hansısa bağlılığı olmayan zəngin insan demək olar, yoxdu.

Ticarətçi əxlaqı rəqabət mühitinin olduğu yerdə mümkündü. Üstəgəl, mübahisələri həll edəcək ədalətli məhkəmə və mülkiyyət toxunulmazlığı. Sadaladıqlarımın olmadığı şəraitdə isə alverçilik inkişaf edər.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG