Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 17:11

Xədicənin məhkəməsi – cəsarət dərsidir


Xədicə İsmayılın həbsinə dair karikatura.
Xədicə İsmayılın həbsinə dair karikatura.

-

««Sərhədsiz Reportyorlar» Azərbaycanın tanınmış jurnalisti, bu gün məhkəməsi başlanan Xədicə İsmayıla hörmətini bildirir. Beynəlxalq ictimaiyyəti prezident İlham Əliyev hökumətinin vətəndaş cəmiyyətinə davamlı təzyiqlərini daha möhkəm şəkildə pisləməyə çağırırıq».

Bunu «Sərhədsiz Reportyorlar» (Reporters Without Borders) media azadlığı təşkilatının Şərqi Avropa və Orta Asiya bölümünün direktoru Johann Bihr ötən cümə – Xədicənin məhkəməsi başlanan gün yazıb.

HAMI ONU DİLƏ TUTURDU

Müəllif Azərbaycanda mətbuat azadlığına təzyiqlərin səngimədiyini, özəlliklə ötən bir il ərzində misli görünməmiş səviyyədə davam etdiyini yazır:

«Hazırda həbsdə 12 jurnalist və bloqqer yatır. Xədicənin həbsi isə hökumətin sərt xətt siyasətinin davamı idi. Aparıcı araşdırmaçı-jurnalisti həbsə atmaqla hökumət onu susdurmağa çalışıb. Daha əvvəl isə çirkin şantaj kampaniyasına məruz qoyub.

Sonuncu dəfə onu 2014-cü ilin sentyabrında gördüm. Onda çoxumuz onu bir müddət xaricdə qalmaq üçün dilə tuturduq. Aparıcı insan haqları müdafiəçiləri təzəlikcə həbs olunmuşdu və o, cidd-cəhdlə boşluğu doldurmağa çalışırdı – siyasi məhbusların siyahısını tərtib edir, hüquqi məsləhət, məhbusların ailələrinə yardım təşkil edirdi. Həbsi qaçılmaz idi. Bunu yaxşı bilirdi, ancaq heç kəs onu güzəştə getməyə dilə tuta bilmədi. Azərbaycan öz ölkəsi idi, o da işini görürdü və rejimə ona nə edəcəyini diktə etməyə icazə vermək fikrindən uzaqdı.

Azərbaycana qayıdan kimi çıxışına qadağa qoydular və dekabrda həbs olundu. Ona əvvəlcə intihara sövq etmək, daha sonra iqtisadi ittihamlar irəli sürüldü.

Ancaq bu qondarma ittihamlarla heç kəsi aldatmaq mümkün deyil. Hakimiyyət susmaqdan imtina edən müstəqil jurnalisti mühakimə edir. Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə görünməmiş təzyiq həyata keçirən Əliyev rejimi indi də tamamilə cəzasız qalmasından necə zövq aldığını açıq-aşkar nümayiş etdirir.

REJİM NİYƏ HAQLIDIR

İndiyədək beynəlxalq tənqidin olmaması göstərir ki, rejim haqlıdır. Neft-qazla zəngin, Rusiya və İran arasında yerləşən Azərbaycan onlara tərəfdaş kimi çox lazımdır. Aydındır, ancaq Əliyev hökuməti istədiyini etməlidir? «Ərəb baharı»ndan 4 il sonra hələ də düşünürlər ki, ultra-repressiv rejim sabitsizliyə qarşı ən yaxşı müdafiədir? «Dünyəviliyinə» görə bu rejimin insan haqları pozuntularına göz yummalıyıq? Təəssüf ki, bu arqumentləri bir sıra Qərb dövlətlərinin xarici işlər nazirliklərində eşitmək olur.

Azərbaycan Avropa Şurası, ATƏT qarşısında öhdəlikləri azad şəkildə götürüb. Bu öhdəliklərə informasiya azadlığına hörmət də daxildir. Tərəfdaşlarına ünvanlanan qarayaxma, müdaxilə, sabitsizlik yaratma kimi ittihamlar qarşısında geri çəkilməyə heç bir səbəb yoxdur. Bu ittihamlar repressiv metodlara yüngülvarı eyham vuran kimi ortaya atılır.

Söhbət rejimi dəyişməkdən getmir. Azərbaycan hakimiyyətinə öhdəliklərini xatırlatmaq lazımdır. Özlərinin yaratdığı duruma görə dünyanı günahlandıra bilməzlər. Özlərinə beynəlxalq ambisiyalarına uyğun imic yaratmaq istədikləri bir vaxtda onlara oyunun qaydalarını xatırlatmaq tamamilə təbiidir.

CƏSARƏT DƏRSİ LAZIMDIRSA...

Beynəlxalq ictimaiyyətə cəsarət dərsi lazımdırsa, X.İsmayılın məhbəsdən göndərdiyi məktubları oxusunlar. «Azərbaycan hökumətinə imkan verməyin ki, diqqətinizi korrupsiya və pozuntulardan yayındırsın. İnsan haqları uğrunda, susdurulanlar uğrunda savaşa davam edin (…) Ucadan, açıq şəkildə danışın. Azərbaycan xalqı bilməlidir ki, hüquqlarını dəstəkləyənlər var.»».

Xədicə İsmayılın işi üzrə hazırlıq iclası iyulun 24-də keçirilib və məhkəmə avqustun 7-nə təyin olunub. Dünyanın bir sıra nüfuzlu nəşrləri – «The Guardian», «The Huffington Post», «Deutsche Welle» səhifələrində bu məhkəməyə yer ayırıb.

Hakimiyyət təmsilçiləri isə ölkədə siyasi motivlərlə heç kəsin həbs olunmadığını, cəzaların konkret cinayətlərə görə verildiyini bildirir. Hökumət üstəlik peşəsinə görə heç bir jurnalistin təzyiqlə üzləşmədiyini bəyan edir.

XS
SM
MD
LG