-
Ruzbeh Məmməd
Edouard Levenin intiharına...
başıma bir güllə çaxıb, sonra da özümü mühakimə etmək istiyirəm
hələ sağam yanımda hər nə qədər adam varsa
onların hamısı qədər kimsəsizəm, təkəm!
kim deyir ki, yox olma təhlukəsi heyvanlar üçündur, yalandı
hər insan öz yerinə yox olur..
İnsanlar ölməmişdən qabaq unudulur
öləndən sonra yada düşülür...
hansısa yas məclisində eşitmişdim ölünün arxasınca söyüş söyürdülər
sonra da dua edirdilər ki, söyüşləri daha tez təsir etsin
mən uşaqlığıma qayıtmaq istəmirəm
mənim özümdən böyük qardaşım olmayıb
olsaydı, mən də uşaqlığıma qayıdardım yenidən
indi uzaq şəhərlərdə vətəndaşlığı bilinməyən,
qətlə uğranmış kimi hiss edirəm özümü
hiss etdikcə, ağlayıram, ağladıqca ağrıyıram.
“bir itə bir gün bax bütün ömrü boyu sənə bağlı qalar”
mən də sənə bütün ömrüm boyu bağlı qaldım kı, özünə nifrət edəsən deyə
yalqız kişi olanda başa düşdüm ki, kişilər qadın dalınca,
qadınlar xəyanət dalınca qaçar
ən böyük xəyanət qadının səliqəli geyinib çölə çıxmasıdı.
uşaq vaxtı inanırdım ki, hər şey yaxşı olacaq
indi inandıqca inanıram ki, heç də, heç nə yaxşı olmayacaq
və hər gün uşaqlıq ümidlərimin başına namərdcəsinə, bir güllə çaxıram
hər kəsin darıxdığı nəsə var, insanlar darıxandan sonra
hər şeyi başa düşür, özündən tez çıxan adamlar,
dəli adamlar
ən çox dünyanı qavrayanlardı.
adam yerinə qoyulmayan qoca axmaq,torpağa qoyulur
gec-tez çürüyüb torpağa qarışır
biz də torpağa ana deyirik, ölənlər bizim anamizdi...
əgər səhər durub,axşam yatırıqsa
deməli,biz saatı ürəyimiz istədiyi kimi qururuq
sonrada qurduğumuz saata baxıb, saat hesabı darıxırıq
hələ lap çoxdan ibtidai icma qurluşunda insanlar lüt gəzirdilər,
sonra geyindilər ki, dünya düzəlsin, kapitalizmdə
soyunurlar ki, təzədən dünya dağılsın
XXII əsrə ərizə
adamlar ölüb dirilməkdən qorxur, qorxur ki, az yaşlı ölüb ahıl dirilə.
bütün günü sarsıntıyla keçirənlər ən çox ağrıyan adamlardı.
biz dünyanın 21 ci əsr aldanışlarıyıq,
qalan yüz illiklər 21 əsrilik dünyanı öyrənməkdi.
bəlkə də insanlar dünyaya yaşamaq üçün doğulmur,
yaşamamaq üçün doğulur,
bir müddətdən sonra keçinir, yenidən o dünyada nəməlüm şəkildə ayılır.
və beləliklə bütün il boyu bütün səhərlər eyni cür açılır ölülər üçün,
bütün gündüzlər başqa cür axşam olur dirilər üçün,
pəncərədə durub eynəyiylə darıxan qarı haqqı...
Anam həmişə deyirdi;
hər gün bir əsirdi,günü keçmiyən üçün
hər il-bir gündü,günü xoş keçən üçün..
əgər doğulub öldüyüm günləri hesablasaq, mənim indi yüz yaşım var.
məni - üzgünlüyümə görə yox, sənsizliyimə bağışla, qadınım
məni - evə pul gətirə bilmədiyim üçün bağışla, atam
məni - bankomat qarşısında durub əlində tutduğun
bacımın pensiyə kartına görə bağışla, anam
bilirəm, miskin mənzərədi, öz-özünü yox bilmək,
bütün adamların yerinə darıxmaq,
evə gəldikdə əlindəki,boşluqdan utanmaq,
gecə yarısı ayılıb şer yazmaq,səhərlər əzgin-yorğun ayılmaq.
və
əminəm ki, uşaqlıq illərimdən qalan vaxtı çıxmış təsəllilərdi,
həyatın birinci dərəcli əlil düşüncələri,
həyata hansı gözlə baxıramsa,
Adəmlə Həvvanın etdiklərinin bədəlini ödəmək var.
buna görə qadınla kişi günahlarıdı cənnət.
Adəmin boyu qədərdi qadının qəbrinin dərinliyi.
kişilərin qadınsızlıqdan, qadınlarin dəyərsizlikdən yıxılmasıdı,
cılız yer kürəsində minillik məhəbbət məfhumu.
qadın yoxluğudu - kişi yuxusuzluğu
sevgi xəstəliyinin yoluxdurduğu insanlardı təhlükəli.
sənin üçün canımdan keçərəm deyən oğlan idi,cəhənnəmdə ehtiras axtarışında gəzən,
bütün uzaqlıqları yaşamaq qədər,
bütün təklikləri daşımaq qədər varamsa.bundan oyanası yoxdu.
kişinin təkliyi onu sevgidə uduzması yox,
boyundan, çarəsizliyindən utanmasıdır.
ölənə qədər bu damğa altında yaşamaqdan qorxmsıdı,
və dönə-dönə intihar etməyi üçün kəndir kasıblığıdı.
mən hər gün bunu yaşayıram, yaşadıqca yaşayacağım illərə yazıram.
ƏRİZƏ
1,75 boyuma görə, uzun səliqəli saçlarıma,
qadınları yoldan çıxara biləcək özgürlüyümə görə utandığımı bildirirəm.
bildirirəm ki, mən -101 il qadın sevən,
hər kəsi düşünən,
hər kəsin yerinə darıxan kimsəzizlərin yerinə unudulan kimsəzizəm.
Kafkanın metamorfozuyam,
Hemenqueyin çəlimsiz balıq tutan qocasıyam,
vətəndaşlığı bilinməyən,
qətlə uğranmış uzaq şəhər sakiniyəm.
ümidlərimin heçsizliyindən,
əllərimin vecsizliyindən yıxılmışam.
qan kimi laxtalanmış fibrinəm
xahiş edirəm ərizəm çatdısa, məni lənətləyərsiziniz...
imza: Ruzbeh Məmməd
tarix: XXI əsrin sonu,
XXII əsrin əvvəlləri