Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:02

Əmanəti ver!


Nəcəf Talıbov
Nəcəf Talıbov

- "Odur-budur, alan kimi tapançanı boşaldıram, güllələri yan cibimə, tapançanı isə qoyun cibimə qoyuram.

- Bəs koburaya nə qoyursan?

- Necə yəni "nə"? Pendir-çörək! Hamı belə edir. Bircə Əhmədağadan başqa."

Nəcəf Talıbov

Mərifət müəllim və başqaları

(Detektivsayağı hekayə)

Təsvir olunan hadisələr heç zaman və

heç yerdə baş verməmişdir. İstənilən

məkan və şəxs oxşarlığı tam təsadüfdür.

Texniki proseslərin təkrarı məsləhət

görülmür və təhlükəli ola bilər. Hadisələrin

cərəyan etdiyi dövr 1991-ci ilə müvafiqdir

Müəllif

1.

Mərifət müəllim və rəis

Onu mobil telefonun zəngi oyatdı. Əvvəlcə istədi ki, telefonu götürüb harasa atsın, sonra fikirləşdi ki, heyifdir, sınıb-eləyər, zibilə düşər. Yuxusunun qədrini bilən adam yatmazdan əvvəl, bu şoqəribin, heç olmasa, səsini azaldardı...

Zəngə cavab verməzdən əvvəl saata baxmaq istədi. Amma baxa bilmədi. Divarda təkcə nə vaxtsa saatın asıldığı mıx qalmışdı. Yadına düşdü ki, saatı keçən həftə kefli havasına tanışlarından hansısa qoltuğuna vurub aparıb.

Telefon isə susmaq bilmirdi.

Pəncərədən düşən günəş şüasına baxdı: uzanıb küncdəki kreslonun üstünə düşürdü...

Paho!!! Ən azı saat ikidir.

Telefonu götürdü:

- Alo!!!

- Salam. Mərifət müəllim?

- Bəli.

- Sizin nömrəni mənə bir dostumuz verib.

- Kim?

Zəng edən bir ad çəkdi. Mərifət müəllim qaşlarını çatdı:

- Çox gözəl. Eşidirəm sizi.

- Telefon söhbəti deyil. Görüşmək istərdim.

- Nə vaxt?

- Elə indi. Mən sizin evin qarşısındayam.

Mərifət müəllim ətrafına göz gəzdirdi: yooox – mənzilinə adam gətiriləsi deyil.

Zəng edən elə bil onun ürəyini oxudu:

- Yaxşı olar ki, elə burada – maşında söhbətimizi edək.

Nə yaxşı oldu…

- İki dəqiqəyə düşürəm.

Blokun qarşısındı beş-altı maşın dayanmışdı. Çoxusu qonşuların idi. Biri isə polis maşını idi. Mərifət zəndlə kənardakı "Mersedes"ə baxdı.

Polis maşınının qapısı açıldı, sürücü düşüb yaxınlaşdı:

- Mərifət sənsən?

Mərifət heç gözünün ucu ilə də baxmadı.

- Mərifət müəllim sizsiniz? – Sürücü soruşdu.

Maşının arxa şüşəsi ehmalca aşağı endi:

- Mərifət müəllim! Zəhmət olmasa…

Sürücü cəld qapını açdı. Mərifət diqqətlə oturacağa baxdı, əli ilə üstünü silib əyləşdi.

Bayaqdan onun hərəkətinə diqqətlə baxan şişman kişi dilləndi:

- Maşın tər-təmizdir, narahat olmayın.

- Eşidirəm sizi!

Kişi bu dəfə Mərifətin üst-başını – köhnə cins şalvarını, süzülmüş idman köynəyini süzdü.

- Ev paltarındayam, - Mərifət etinasız dedi, - üzümü də hələ qırxa bilməmişəm.

Kişi yerində qurcuxdu:

- Mərifət… müəllim, bilirsiniz də, belə məsələlər bir az qəliz olur, amma dostumuz sizin bütün söhbətlərin aramızda qalacağına…

- Lirikaya ehtiyac yoxdur. Ağzı yırtıq olsaydım, çoxdan … Nə isə, keçək əsas məsələyə: qonorar nə qədərdir və nə istəyirsiniz?

Kişinin ağzı açıq qaldı:

- Birbaşa qonorardan başlayaq?

Mərifət üz-gözünü turşutdu:

- Rəis, qonorarın məbləği işin qəlizlik dərəcəsini göstərir. Siz mənim haqqımı deyəcəksiniz, sonra işdən danışacağıq, əgər verdiyiniz pul işə münasibdirsə – işləyəcəyik, əgər mənə müftə hamballıq təklif edirsinizsə – xoş gəldiniz!

Kişi qızardı:

- Nə bilim, vallah, mən nəzərdə tutmuşam ki, bu işə görə beş min, uzağı altı min dollar verim…

Mərifət müəllim qapını açıb maşından düşmək istədi.

- A kişi, bir dayan görüm! Heç işdən söhbət eləməmişik axı…

Mərifət ayaq saxladı:

- Birincisi, əgər yüngül iş olsa idi, özünüz çoxdan həll etmişdiniz! Gücünüz çatardı! Məncə, siz polis zabitisiniz, özü də yüksək vəzifəli.

- Bunu bilməyə nə var ki? – Deyib kişi əli ilə maşına işarə etdi.

- … İkincisi, yəqin ki, mənim telefonumu verən dostumuz alçaq….

Kişi diksindi…

- … alçaq, - Mərifət təkrar etdi, - sənə deyib ki, mən bu işin öhdəsindən gələ bilərəm, sən də beş-on dollar tulapayı verərsən…

- Yox əşşi!!! – Kişi dəsmalını çıxardıb alnının tərini sildi, ətrafına boylandı. – Vallah, elə söhbət olmayıb aramızda…

- Nə isə, azı on min!!! Əgər iş çətin olsa, əlavə on min də alacağam…

- Müəllim, heç işdən danışmamışam axı?! Bəlkə heç işi görə bilməyəcəksiniz?

- Birincisi – hələ elə iş olmayıb ki, öhdəsindən gələ bilməyim. Həm də mən hər axmaq işə baş qoşmuram. İkincisi – allah eləməsin, tfu-tfu, görə bilməsəm – pul verməzsiniz!!!

Kişi nəsə fikirləşdi:

- On min vermək olar. Amma əlavəsinə söz vermirəm. Təbii ki, işi görəndən sonra.

- Onda döşə gəlsin!

- Nə?

- Söylə görək nə olub! – Mərifət bir siqaret yandırdı.

***

- İki ay əvvəl bir biznesmeni öldürüblər. Əvvəlcə qarnına bir güllə vurublar, sonra isə bıçaqla axırına çıxıblar. İyirmi gün əvvəl isə başqa birisini eyni qaydada … beş gün əvvəl isə üçüncüsünü…

- İndi mən qatili tapmalıyam?

- Yox. İş burasındadır ki, əvvəlki iki nəfərin bədənindən çıxarılan güllələrin ekspertizası göstərir ki, güllələrin atıldığı "Makarov" tapançaları … polis işçilərinə məxsusdurlar… Mənim şöbəmdə işləyən polis işçilərinə…

- NƏ???

- Heç nə… Güllələrin atıldığı "Makarov" şöbəmdə işləyən polis işçilərinə məxsusdur. Bilirsiniz, ölkədə bütün qeydiyyatda olan tabel silahlarının kartotekası var, hərdən ona "gülləteka" da deyirlər, silahlardan atılmış güllələrin nümunələri orada saxlanılır. İndiki kompüter texnologiyaları da imkan verir ki, beş dəqiqədə güllənin hansı silahdan atıldığını müəyyənləşdirsin. Təbii ki, əgər həmin silah qeydiyyatda varsa…

- Bilirəm. Bəs üçüncüyə dəyən güllə?

- Hələ ekspertizadadır.

Fasilə yarandı.

Mərifət növbəti dəfə siqareti sümürüb tüstüsünü pəncərədən bayıra üfürdü:

- Deməli, şöbənizin əməkdaşlarının taleyi sizi narahat edir….

- Nə tale? Nə əməkdaş? Cəhənnəm olsunlar onlar! Əgər öldürüblərsə – cəzalarını alacaqlar! Məni narahat edən bu deyil!

- Bəs nədir?

- Özüm! Vəzifəm! İşim! Gücüm! Əgər bu üçüncünün də cəmdəyindən bizim tapançalardan birinin gülləsi çıxsa məni işdən qovacaqlar! Hələ xüsusi inspeksiyanın çək-çevirini demirəm! Elə indi də rahat oturmağa qoymurlar!

- Deməli – üçüncü də…

- Hə! Hə! Yuxarıdakı dostlarımdan biri çatdırdı ki, üçüncü də belə olsa, mənim məsələmə baxacaqlar!

Mərifət sakitcə qapını açdı, maşından düşdü, gərnəşib əsnədi:

- Yox, rəis!!!

Rəis ona tərəf boylandı:

- Nə "Yox"? "Yox" nədir? Gücün çatmaz? Ağırdır? İşi götürmürsən?

Mərifət bir daha əsnədi:

- Götürərəm ey. Amma bu iş on minlik deyil…

- Nə qədər istəyirsən?

- Otuz min!!! On min də avans!!!

- Bu ki, lap soyğunçuluqdur!

- Özün bilərsən. Otuz min – vəssəlam!

- Bəs bu pulun müqabilində nə edəcəksən?

Mərifət maşına yaxınlaşdı, qapıya söykənib dedi:

- Əgər həqiqətən polis işçilərinin bu cinayətlərdə əlləri yoxdursa, mən onların günahsız olmasını sübut edəcəyəm. Təkrar edirəm: əgər həqiqətən polis işçilərinin bu cinayətlərdə əlləri yoxdursa….

Rəis köksünü ötürdü:

- Gedək, özün danışdır, bax gör günahı var, yoxsa yox…

***

İçəri iki polisin müşaiyətilə orta yaşlı, sağ əli sarıqlı, üz-gözü şişmiş bir kişi daxil oldu.

Polislər çıxan kimi kişi başladı:

- Balana qurban olum, ay rəis! Bu nə zülmdü mən düşmüşəm? İyirmi ildir ki məni tanıyırsınız, heç bir dəfə sizə yalan satmışam? Heç bir dəfə məndən naxələflik görmüsünüz? Nə buyurmusunuz – "Baş üstə" demişəm! Qurtarın məni bu bəladan! Demirsiniz ki, adam öldürmüşəm? Boynuma alıram də – öldürmüşəm! Verin işimi, gedim türməyə! Bu nə zülümdür çəkirəm. Başa düşürəm, cinayət törədilib – deməli üstü açılmalıdır, yoxsa gül kimi şöbəmizin adına xələl gələr. Nə olar ki, sizin xatirinizə, idarəmizin xatirinə gedib beş-on il yataram.

- Qulu, nə hətərən-pətərən danışırsan?

- Nə danışıram ki, rəis? Demirsiniz öldürmüşəm? Boynuma alıram…

- Kəs səsini! Mən səndən kişi kimi soruşuram: hadisə necə olub?

- Necə olasıdır ki? İki ay əvvəl gəlib evdən gətirdilər buraya, əvvəlcə elə bildim ki, hörmət edirlər, deyirlər ki, işə piyada gəlməyim, yola altmış qəpik xərcim çıxır. Amma… amma saldılar içəri. Əvvəlcə elə-belə soruşdular ki, onu niyə öldürmüsən? Boynuma almadım. Sonra yaxşı soruşdular, yenə boynuma almadım. Sonradan lap yaxşı-yaxşı soruşdular. Boynuma alası oldum…

Rəislə Mərifət bir-birinin üzünə baxdılar.

- Fikirləşdim ki, çətini bura düşənə kimidir. – Qulu davam etdi. – Dirəşməyin yeri yoxdur, deməli – belə məsləhətdir. Düz tapmışam, rəis?

Rəis dinmədi.

- Fikirləşdim ki, ölüm işindən ölüm işinə də fərq var. Sonuncu dəfə soruşanda "Niyə öldürmüsən?", dedim ki, "Namus üstündə!".

- Nə?

- Namus üstündə! Arvadımla gedirdim, bu … zərərçəkən arvadıma pis-pis baxdı…

- Kişi, sənin arvadının yetmiş doqquz yaşı var… – Rəis dilləndi.

Qulu duruxdu, bir az fikirləşdi:

- Yox rəis. Yetmiş doqquz olmaz. Az olar… o vaxt mən onu qaçırdanda, yaşı düşmürdü, ZAQSın müdiri üç yaş artırmağa on manat istədi, rəhmətlik atam da iyirmi manat verdi. O da altı yaş artırdı. Yoxsa məni tuturdular… bu hesabnan onun …

- Çərənləmə! Sənin arvadının yaşı nəyimə lazımdır!

- Nə isə, rəis, - Qulu davam etdi. – O arvadıma pis-pis baxdı, mən də özümü unutdum, bıçağı soxdum onun qarnına!!!

- Nə bıçaq, nə zad? Onu tapança ilə vurublar!

- Rəis, mən tapança ilə necə vura bilərəm? Ömrü boyu tapançamda güllə olmayıb.

- Necə? Sənə şöbədə gülləsiz verirdilər tapançanı?

- Yox! Güllə ilə! Amma postovoy Məmmədağanın əlində tapançası təsadüfən açılıb qaynanasına yanına dəyəndən sonra onu işdən qovdular, mənim də gözüm qorxdu. Odur-budur, alan kimi tapançanı boşaldıram, güllələri yan cibimə, tapançanı isə qoyun cibimə qoyuram.

- Bəs koburaya nə qoyursan?

- Necə yəni "nə"? Pendir-çörək! Hamı belə edir. Bircə Əhmədağadan başqa.

- Bəs Əhmədağa?

- O sosiska- çörək qoyur. İmkanlıdır!

Mərifət rəisin üzünə baxdı, başını buladı:

- Məsələ aydındır.

Rəis stolun boyründəki düyməni basdı, müşayiətçi polislər içəri girdilər.

- Atana-anana qurban olum, rəis! Olan olub, keçən-keçib, bircə xahişim var!

- Nə xahiş?

- Tutursunuz – tutun, heç olmasa baldızımın oğlunu şöbədə o kin… kin… şoqəribin adı yadımdan çıxdı… itəbaxan ştatı var ey…

- Kinoloq. – Müşayiətçi polislərdən biri dedi.

- … Hə, hə, kinoloq! Bax o işə qoyun onu, heç olmasa aradabir mənim yetimlərimə də görüm-baxım edər. Hər halda xalası uşaqlarıdır.

Rəis əlinə yellədi. Qulunu apardılar.

- Ay qız, zəng edən olmamışdı ki? – Rəis sol tərəfindəki paneldə düyməni basıb soruşdu.

- Yox!

- Onda çay gətir!

- …İki stəkan! – Deyə Mərifət əlavə etdi.

- İki stəkan!

Bir dəqiqədən sonra içəri bir xanım daxil oldu. Hündür boylu. Gözündə də eynək. Əlində də podnos.

Xanım stəkanları stolun üstünə qoyan zaman soruşdu:

- Rəis, o detektiv bu cənabdır?

- Hə. Nədir, oxşamır?

- Yox. Mən onu hündür boylu, saçları azacıq tökülmüş, dolu bir … cənab kimi təsəvvür edirdim.

- Dronqo kimi?

- Hə. Bu cənab isə tam əksinədir. Üstəlik, ondan "Farenqeyt" ətri gəlmir.

- Ay qız, səfehləmə, o qədər Dronqo oxumusan ki, başın xarab olub. Get işinin dalınca!

Xanım dodaqlarını büzüb otaqdan çıxdı.

- İşi-peşəsi detektiv oxumaqdır. Macal tapan kimi də başlayır mənə söyləməyə… Bağ belə, bostan belə…

- Dronqo mənim də sevimli qəhrəmanımdır. – Mərifət çaydan bir qurtum aldı.

- Dronqo – əsil bayquşdur!

- Mən də o fikirdəyəm! – Mərifət təsdiq etdi. – O, əsasən gecələr işləyir, gündüzlər yatır. Müdrikdir. Ümumiyyətlə, çox ağıllı və diqqətlidir. Üstəlik, yüksək analitik zəkaya malikdir. Yəni, qərb mədəniyyətindəki bayquşa xas olan bütün müsbət keyfiyyətlər onda var!

- Nə zəka? Nə mədəniyyət? Nə qərb, nə şərq? Mən dədə-baba qaydasında deyirəm ki, o bayquşdur! Yəni bəduğur!

- Niyə? – Mərifət çaşdı.

- Hara gedir – adam öldürürlər! Toya gedir – va ya dönür, qonaqlığa gedir – ev yiyəsini qayadan atırlar. Bir kitab var idi Dronqodan, biz tərəflərdən – Şəkidən yazılmışdı, bir az oxudum, iki-üç adam ölən kimi tulladım kənara...

- Axı Dronqo həmin cinayətləri üstünü xüsusi bir ustalıqla açır!

- Müəllim, nə prokurora, nə polis rəisinə belə cinayət də, onun üstünün açılması da qətiyyən lazım deyil! Elə bilirsən bizə sağ ol deyirlər?

Axırda əməkdaşları, nə bilim sahə müvəkkillərini yığdım, dedim ki, kimin ərazisində telefon oğurlansa-onun özünə təzəsini aldıracağam.

Əlli yerə hesabat veririk, kim-kimi döydü, kim-kimi soydu... Axırda da deyirlər ki, "Siz hara baxırsınız ki, ərazinizdə bu qədər cinayət halları baş verir?"

Mən bura təzə gələndə, telefon oğurluğunun sayı-hesabı yox idi. Axırda əməkdaşları, nə bilim sahə müvəkkillərini yığdım, dedim ki, kimin ərazisində telefon oğurlansa-onun özünə təzəsini aldıracağam. Özü də bahalısını! Odur-budur ərazimdə telefon oğurlanmır...

- Ölüm işlərinin də qarşısını beləcə alsa idiniz pis olmazdı... – Mərifət mızıldandı.

- Nə?

- Heç...

Bu dəfəki sükut bir az uzun oldu.

- Yaxşı, başlayaq! – Mərifət sükutu pozdu: - Ekspertizanın rəylərinə inanmaq olar?

- Hə.

- Birinci qətl zamanı Qulunun harada olması yoxlanılıb?

- Hə. Ərazidə post-patrul xidmətində olub. Yoldaşları da təsdiq edirlər.

- Qulunun silahından sonuncu dəfə nə vaxt atəş açılması ekspertiza tərəfindən yoxlanılıb?

- Yoxlanılıb. Amma silah təmizləndiyinə görə müəyyən etmək mümkün olmayıb. Daha doğrusu, ekspertizadakı uşaqların deməsinə görə, silahdan son aylarda atılmayıb. Ekspertlər özlərini sığortalamaq üçün belə qeyri-müəyyən rəy veriblər.

- Belə də olur?

- Əlbəttə. Hər şey olur. Onlar yazsaydı ki, silahdan atılmayıb, Qulu da boynuna alsa ki, qətli o törədib, ekspertlərin işi fırıq olardı. Odur ki, yazıblar: "müəyyən etmək mümkün olmadı", vəssəlam.

- Keçək ikinci hadisəyə.

- O da birinci kimi. Amma silah zabitə məxsusdur. Qalan şeylər eynidir.

- Zabit də hadisəni törətdiyini boynuna alıb?

Rəis kresloya söykəndi:

- Bizi nə sayırsınız? Əlbəttə yox. Heç həbs də olunmayıb. Müvəqqəti vəzifədən kənarlaşdırılıb, şəhəri tərk etməməsi barədə dilindən iltizam alınıb.

- Bəs hadisənin qurbanları barədə nə məlumdur?

- Tamamilə fərqli insanlar… olublar. Birinci biznesmen, ikinci müəllim. Hələ ki, təhqiqat qrupu tərəfindən onları əlaqələndirən heç bir hal, əlaqə, ümumi cəhət aşkar olunmayıb.

- Bəlkə nəsə olub, amma təhqiqat qrupu….

- Yox! Belə şey qəti mümkün deyil. Buna tam əminəm.

- Qətl yerlərinə baxış keçirilməsinə dair protokollara, şübhəli şəxslərin ifadələrinə baxmaq olar?

- Hə. Nə lazım olsa, de, sürücüm çatdırar. Sizə onun telefonundan zəng etmişdim. Nömrəsi yaddaşda qalmış olar. Nə lazım olsa, zəng edin.

- Telefonumun ekranı sınıb, göstərmir. Həm də niyə zəng edirəm ki, özünüzə deyə bilmirəm?

- Buyurun, deyin.

- Bayaq dediyim kimi, protokollar, ifadələr və avans.

- Nə avans?

- Bayaq danışdığımız kimi: on min…

Rəis yenə köksünü ötürdü:

- Baxın ha… Birdən…

Mərifət qımışdı:

- "Birdən…" söhbəti yersizdir. Elə şey olsa, allah eləməsin, əlinizdən qurtarmaq olar?

- Yox!!! – Rəis qətiyyətlə dedi. Balaca bir pauzadan sonra isə əlavə etdi: -Pulu da sürücüm çatdırar. Sənədlərlə isə burada tanış ola bilərsiniz. Ancaq ki, nəzərə alın: sənədləri kənar şəxslərə…

- Ayıb deyil? Onda elə başlayaq. Bir xahişim də var…

- Nə xahiş?

- Uşaqlardan birini göndərin, bir dönər, bir ayran alsın. Hə, bir qutu da siqaret. Yaxşısından.

***

Hadisə yerinin ünvanı, təsviri, meyidin hansı vəziyyətdə olması... Ölçülər... Qonşuların ifadələri... heç nə...

Yeganə maraqlı şey hadisə yerlərindən tapılan əşyalar idi: bir tay qaloş (iki nömrə, geyinilmiş, altı deşik, sol tayı), içərisindən pis qoxu gələn ayaqqabı qutusu, sellofon torba, metal boru qırığı (paslı, on beş millimetrlik, otuz iki santimetr uzunluğunda), plasmas parçaları (kiçik ölçülü, ağ rəngdə, üç ədəd), boş siqaret qutusu ("Kent 8", bir ədəd), çirkli parça qalıqları (boz rəngdə, kiçik ölçüdə).

"Heç nə eşitməmişik, heç nə görməmişik, heç evdə də deyildik"

Hadisə yerindən "Makarov" markalı tapançanın boş gilizi tapılmamışdır.

İkinci və üçüncü hadisə yerlərində də eynilə. Təkcə qaloş əvəzinə qadın tuflisi, bir ədəd pivə bankası (boş, alüminiumdan düzəldilmiş, "Efes") və sairə.

Qonşuların ifadələri: "Heç nə eşitməmişik, heç nə görməmişik, heç evdə də deyildik".

Təkcə sonuncu hadisə yerinin yaxınlığında yaşayan nənə atəş səsi eşitdiyin və alov gördüyünü birtəhəri xatırlayırdı:

"Bala, birdən top atıldığını eşitdim, bərk qorxdum. Hələ şimşək kimi işıq da saçdı! Qorxdum! Dedim, allah eləməsin, yenə dava-zadmı başladı?"

Axşamüstü rəis Mərifətin oturduğu otağa girdi:

- Üçüncü hadisə ilə bağlı ekspertizanın rəyi məlumdur!

- Güllə?

- Hə. Doqquz millimetrlik tapança gülləsidir. Amma "Makarov"un deyil. Belə silah bizdə qeydiyyatda olmayıb.

- Onda şükür!

- Nə şükür? Xəbər verdilər ki, mənim işdə qalıb-qalmamaq məsələmə baxılması üçün, elə əvvəlki hadisələr də bəs edər.

- İndə nə edək?

- Məsələni tezləşdirmək lazımdır. Cəmi iki gün vaxtımız var.

Mərifət bir siqaret yandırdı, nəsə fikirləşdi:

- Rəis, onda gərək sabah sürücünüzü mənim sərəncamıma verəsiniz. Maşınınızla birlikdə. Bütün gün.

- Başqa maşın olmaz? Zabitlərdən birini ayıraram...

- Yox! Onda deyəcəklər ki, rəis başından edib. Sizin maşınla və sizin sürücünüzlə olanda isə, deyəcəklər ki, rəisin adamıdır.

"Düz deyir, köpək oğlu" rəis fikrindən keçirtdi:

- Yaxşı. Ancaq axşam işinizi qurtaran kimi sürücünü yanıma göndərin.

"Hesabat üçün. Cənnəmə ki" Mərifət fikrindən keçirtdi.

***

Növbəti günün sonunda sürücü özünü rəisin yanına yetirdi:

- Rəis, dədəmin goru haqqı, bu dəlidir!

- Nə olub ki?

- Başı çatmır!

- Niyə?

- Bütün gün ərzində mənə zülm edib: ora sür, büra sür!

- Bəs nə iş görüb?

- Getmədiyi yer, dindirmədiyi adam, burnunu soxmadığı deşik, eşələmədiyi zibillik, iyləmədiyi cındır qalmayıb!!! Məni də ki, əməllicə sorğu-suala tutdu.

Rəis diqqətlə sürücüyə baxdı:

- Səfehləmədin ki?

- Allah eləməsin! Ayıb deyil? Mənə inanmırsınız? Neçə ildir...

- Yaxşı, yaxşı! Çərənləməyə imkan gəzirsən! İndi əvvəldən başla, hara getmisiniz, nə etmisiniz, nə danışmısınız, hamısını söylə!

- Səhər tezdən getdim onu götürdüm, sözün düzü, zorla yuxudan oyatdım, bəlkə əlli dəfə zəng etmişəm. Getdik vağzalın yanındakı kafeyə, orada yaxşı səhər yeməyi verirlər, ərzaqları da təzə olur. Xüsusilə də bulkaları. Süd ilə...

- Yüz dəfə demişəm ki, çərənləmə! Mətləbə keç!

- Kimə?

- Mətləbə! Əsas məsələyə! Hara getdiniz?

Sürücü incimiş görkəm aldı:

- Ekspertizaya getdik... Oradan da…

- Ətraflı danış!

- Getdik espertizaya. Oranın müdirinə dedim ki, siz göndərmisiniz, bu cənab sizinlə danışmaq istəyir. Katibələri var ey, sarışın, onunla bir xeyli söhbət elədik…

- Kim söhbət elədi? O?

- Yox, mən!

Rəis bağırdı:

- Sənin söhbətin nəyimə lazımdır? O nə edirdi bəs?

- Nə bilim ey, rəis! Deyirsən ətraflı danış, danışıram də… O nə edirdi? Bilmirəm. İçəridə ekspertlərlə söhbət edirdi.

- Bəs sonra?

- Bir stəkan çay… Ekspertizadan getdik birinci hadisə olan yerə. Zalım oğlu süründü yerlə, iylədi oranı-buranı. Heç bizim şöbənin axtarış iti elə iyləmirdi…

Rəis əlini yellədi. Sürücü tez davam etdi:

- … Kolluğun içindən bir cındır parçası tapdı, mənə də tapşırdı ki, ağ plasmas qırığı olmalıdır buralarda, onu axtarım. Mən də dedim ki, əgər ona plasmas lazımdırsa, kirvəmin qapı-pəncərə sexi var, nə qədər istəyir, oradan gətirim… O da güldü, dedi ki, lazım deyil, buradakını tapmalıyıq. Mən də güldüm, dedim ki, həmin plasmas onun ayağının altındadır. O da götürdü, ikimiz də güldük… Rəis, hirslənmə, nə olub ki…

- Mənə bir stəkan su ver!

- Alın, için! … Ətraflı danışıram da… Pah atonnan, böyük bir şey olmadı ki… Danışım?

- Yox! Get hamısını yaz, özü də latın əlifbası ilə!!!

- Olmadı ki, rəis, onda gərək bir ay burada oturam…

- Onda adam kimi danış!

- Baş üstə! Nə isə, tapdığı zibilləri bir sellofana yığdı və getdik ikincə hadisə olan yerə. Yenə başladı…

- Oradan nə tapdınız?

- Cır-cındır. Plasmas tapa bilmədik.

- Sonra?

- Rəis artıq günorta idi, apardım onu Əbülfəzin kababxa… getdik bir tikə çörək yedik. Sonra getdik üçüncü hadisə olan yerə.

- Başladınız cındır axtarmağa?

- Yox! Başladıq adam axtarmağa – qoca qarı var idi ey, top səsi eşidən, bax onu axtardıq.

- Tapdınız?

- Ayıb deyil? Beşcə dəqiqəyə yaxaladım… Elə qonşuluqda yaşayırmış. Yeriyə də bilmirdi. Pəncərənin qarşısındı əyləşdirmişdilər, bayıra baxırdı. Getdik evlərinə… Mərifət müəllim düz yarım saat onunla danışdı.

- Nə barədə?

- Vallah, mən hadisə yerinə baxış keçirirdim, bilmədim onlar nə danışırdılar.

- Nə baxış?

- Yenə cır-cındır, plasmas qalıqları axtardım, bir torba yığıb ona gətirdim. O da hamısını zibilliyə atdı. Təkcə birini götürdü. Sonra da qarının ev-eşiyinə baxdım. Maraqlıdır axı: camaat necə yaşayır, evlərində nəyi var, soyuducuları doludurmu, qohum-əqrabası kimdir və sair. Mən də bu işlərlə məşğul idim…

- Bəs sonra?

- Sonra yenə bunun gicliyi tutdu, gətirdi məni internet – kluba. Bir saat kompüterin qabağında oturduq. İşlədik.

- Nə iş gördünüz?

- O xarici dillərdə olan saytlara, tapança-zad şəkillərinə baxırdı, mən isə kart oynayırdım.

- Əməlləcə zəhmət çəkmisən ki? Heç olmasa uda bildin? – Rəis istehza ilə soruşdu.

- Oynadığım kompüter lap qoyunun biri idi. Cəmi beş dəfə məni uddu.

- Bəs sən?

- İki dəfə.

- Sonra nə etdiniz?

- Mərifət müəllim hamıdan qurtardı, düşdü mənim üstümə. Sorğu-suala tutdu.

- Nə soruşurdu?

- Axmaq-axmaq şeylər… Nə bilim, şöbəyə heç xaricdən qonaq-zad gəlirmi, onları hara aparırsını, qonaqlar nə edirlər…

- Sən də söylədin?

Sürücü susdu. Gözlərini döydü.

- Olmazdı, rəis?

- Olar, olar. – Rəis sürücünü ürəkləndirdi. – Sonra nə etdiyiniz?

- Mərifət müəllimi apardım sonuncu qonaq gəlmişdə ey, altı ay əvvəl qonşu ölkədən, sizin dostunuz…

- Hə..

- … Onunla yeyib-içməyə getdimiz bulağın üstünə…

- Niyə?

Sürücü çiyinlərini çəkdi:

- Nə bilim, rəis. Siz demişdiniz ki, hara istəsə oraya aparım… Düz eləməmişəm?

Rəis əlini yellədi:

- Orada nə etdi?

Sürücü bir az fikirləşdi. Ürəyində nəyisə götür-qoy etdi, sonra dilləndi:

- Bir az ora-buraya baxdı, nəsə qurdalandı, ağac kötüklərini-zadı eşdi, sonra çıxıb geri qayıtdıq.

- Elə bu?

- Yox. Lap sonda bizim polislərin təlim-məşq bazasına getdik. Bir az da oralara baxandan sonra aparıb onu evinə düşürtdüm, özüm də çıxıb gəldim. Mərifət müəllim dedi ki, sabah özü gələcək buraya…

- Gəlsin də… Görək nə edəcək… – Rəis qayğılı-qayğılı dedi.

***

Telefon aramsız zəng çalırdı. Mərifət zorla gözlərini açdı. Amma saata-zada baxmadı.

- Alo!!!

- Mərifət müəllim, rəisin sürücüsüdür. Sizi aşağıda gözləyirəm.

- Niyə?

- Rəis sizi gözləyir. Özü də təcili.

- Nəsə baş verib?

- Hə. Özü də, deyəsən, heç yaxşı şey deyil.

Rəisin qanı bərk qara idi. Mərifətin salamını candərdi alandan sonra soruşdu:

- Bir şey müəyyənləşdirə bildiniz?

Mərifət istədi desin ki, "Üç aydan bəri hüquq mühafizə orqanları bir şey müəyyənləşdirə bilməyiblərsə, bir günə mən nə edə bilərəm", amma sözünü dəyişdi:

- Müəyyən ehtimallarım var.

- Ehtimal nədir? Ehtimalı neynirəm? – Rəis səsini ucaltdı. – Üç gün əvvəl qonşu rayonda cinayət hadisəsi törədilib. Bir nəfər yaralanıb. Cinayətkar aradan çıxıb, heç onu görən də olmayıb… Bu gün səhər-səhər çatdırdılar ki, yaralının bədənindən çıxarılmış güllə…

- … Sizin şöbənin polis nəfərinin silahından atılıb?

- Yox.

- Bəs kimin?

- Polis nəfərinin yox… Polis rəisinin… Mənim…

Çox dərin bir sükut.

- Siqaret verin…– Rəis zorla dilləndi. Mərifətin uzatdığı siqareti yandırıb bir qullab vurdu. - Əslində, bu sui-qəsddə məni kiminsə günahlandırmağından qorxmuram. Nəinki mən, istənilən polis nəfəri, hətta adi vətəndaş da düşünülmüş cinayət hadisəsi törətmək istəsə, heç yerdə izi-tozu olmayan silah tapa bilər, daha öz tabel silahındın istifadə etməz. Yalnız özünü öldürmək istəyən öz tabel silahını işlədər, cinayət törətmək istəyən yox! Amma, bu çək-çevir, araşdırmalar… və nəhayət, cinayətin bir ucunun hər hansı bir formada hüquq-mühafizə orqanlarına çıxması…

Kabinetin qapısı açıldı. Katibənin qorxmuş sifəti görsəndi.

İçəri mülki geyimdə üç nəfər daxil oldu. İcazəsiz-filansız.

Rəis ayağa qalxdı. Bənizi ağardı.

- Xoş gəlmisiniz, cənab polkovnik.

- Salam. – Hündürboylu, ağsaç kişi dilləndi. – Bu yoldaş kimdir? – başı ilə Mərifətə işarə etdi.

- Heç… – Rəis söz tapa bilmədi.

- Təbii ki, bu vətəndaş "Heç" deyil, hətta bir az tanış da gəlir sifəti, - polkovnik qımışdı. – amma xahiş edərdim ki, onu başqa vaxt qəbul edəsiniz. Və ya, daha yaxşı olar ki, müavininizin yanına göndərəsiniz. – Əlavə etdi.

- Şturmbanfürer, yaddaşın zəifləyib deyəsən. – Gözlənilmədən Mərifət dilləndi.

Gələnlər hamısı birdən dönüb Mərifətə baxdılar. Biri isə hətta gülüşünü zorla saxladı.

- Siz… sən… siz… – Rəisin gözləri böyüdü.

Polkovnik diqqətlə Mərifətə baxdı:

- Nə xoş təsadüf! Cənab ober-leytenant!

- Hə, özüdür ki, var! O vaxt siz də ober-leytenant idiniz, sonra …

- Xeyir ola, burada nə edirsən?

Sonra bir az kənara çəkilib rəisə baxdı:

- Yoxsa…

Rəis qurudu.

- Nədir, dosta kömək qadağandır? – Mərifət kinayə ilə soruşdu.

- Budur dostun? Rəis, Mərifət müəllimlə dost olduğunu bilmirdim…

- Eeee, cənab polkovnik, o mənim dostum-zad deyil...

Polkovnik qımışdı:

- Amma mənim dostum ... olub! Vaxtilə bir yerdə işləmişik.

- Sonra isə mən qaldım daim ober-leytenant, sən isə böyüyüb şturmbanfürer oldun... Maşallah, maşallah! Göz dəyməsin! – Mərifət əlavə etdi.

- Bəsdir də, Mərifət! Yaralanıb ehtiyata keçirilməsəydin, sən də indi əməlli rütbə sahibi idin. Amma, bunun məsələyə dəxli yoxdur, sonra görüşüb dərdləşərik. İndi isə, məncə buranı tərk etsəniz yaxşıdır.

Mərifət fikrə getdi. Ancaq yerindən tərpənmədi:

- Rəislə ciddi söhbətiniz var?

- Hə.

- Məxfi və qəlizdir?

- Hə! Hə!

- Bəlkə mənim bu söhbətinizlə əlaqədar sizə deməyə nəsə sözüm var?

Gələnlər bir-birinin üzünə baxdılar:

- Nə bilirsən biz nə barədə danışacağıq? – İndiyənədək söhbəti maraqla dinləyən gələnlərdən biri dilləndi.

- Bütün şəhər cinayət qurbanlarının polis güllərindən həlak olduqlarından danışır... – Mərifət etinasız dedi. – Mənimsə bu hadisələrlə əlaqədar öz mülahizələrim var.

- Nəyin olursa olsun, aramızda qədimlərdə dostcasına münasibət olmasına baxmayaraq, bizim söhbətimizdə iştirakınız arzuolunmazdır. – Polkovnik sərt halda dilləndi.

- Dayan, polkovnik, tələsmə! Onsuz da bu hadisələr olan-qalan əsəblərimizi də, vaxtımızı da alıb. Çatışmayan isə – informasiyadır. Bəlkə bu cənab bizə dəyərli nəsə deyəcək? – Bayaqkı qonaq yenə dedi. Üçüncü də xırıltılı səslə əlavə etdi:

- Mənim üçün də maraqlı olar! Həm də, bu cənab bizdən nəsə soruşmur, əksinə, demək istəyir! Düzdür?

- Hə. Özü də ciddi faktlar.

- Onda de gəlsin!

- Burada siqaret çəkmək olar? – Mərifət siqaret çıxartdı.

- Yox! – Rəis dedi.

***

- Birincisi, cinayət hadisələri törədilmişdir və bu cinayətlərin qurbanlarının bədənindən "Makarov" tipli tapançalarından atılmış güllələr çıxarılmışdır...

- Hamısından yox...

- ... birindən başqa... Bu məsələyə qayıdacağıq. Ballistik ekspertiza rəy vermişdir ki, güllələr polis işçilərinə məxsus tabel silahlarından atılıb. Bir güllə isə 9mm kalibr olsa da, xaricdə istehsal olunmuş və ölkədə qeydiyyatda olmayan tapançadan atılıb.

Hadisə yerlərində giliz aşkar olunmayıb. Hadisələr törədilən zaman silahların sahiblərinin müəyyən qədər ağlabatan alibiləri olub. Cinayətlərin isə şahidləri yoxdur. Yalnız bir nənə top səsi eşidib və şimşək parıltısı görüb. Cinayət qurbanlarını heç bir ümumi cəhət birləşdirmir, yəni tamamiliə fərqli təbəqələrdəndirlər, yaşayış yerləri, yaşları, məşğuliyyət növləri və sairə...

- Kifayət qədər məlumatlısınız... – Xırıltılı səs dedi.

Mərifət özünü eşitməməzliyə vurdu və davam etdi:

- Bu yaxınlarda bir nəfərin dediyi kimi, istənilən polis nəfəri, hətta adi vətəndaş da düşünülmüş cinayət hadisəsi törətmək istəsə, heç yerdə izi-tozu olmayan silah tapa bilər, daha öz tabel silahındın istifadə etməz.

Yalnız özünü öldürmək istəyən öz tabel silahını işlədər, cinayət törətmək istəyən yox! İkincisi, ekspertiza güllələrin məlum silahlardan atıldığını əminliklə bildirir, lakin silahların özlərindən son dəfə nə vaxt atəş açıldığını, yumşaq desək, müəyyənləşdirə bilməyib.

- Bu bizim də diqqətimizi cəlb edib...

- Bəlkə də müəyyənləşdirməyə ürək etməyib... – Polkovnik əlavə etdi.

- Əlbəttə, Qulu adlı polis nəfəri üç ay əvvəl cinayəti törətdiyini etiraf edibsə, amma ekspert silahdan sonuncu dəfə beş ay əvvəl atəş açıldığına rəy veribsə, xoşagəlməz sual yaranar...

- Polisin etiraf məsələsi sizlik deyil. – Xırıltılı səs dedi.

- Bunları nəzərə alaraq mən nəticə çıxartdım ki, cinayətkar ağıllı adamdır, ola bilsin ki, keçmiş polis işçisi, hərbçi və ya müvafiq strukturlarda işləmiş adamdır. Və ya silahdan, kriminalistikadan yaxşı başı çıxır. Ona görə də özüm üçün bir nağıl düzəltdim...

- Nə nağıl? – Rəis əsəbi halda dedi.

- Qoy davam etsin!

- Cinayət törətməyə motivi olan bir nəfər gedir polis işçilərinin məşq etdikləri tirə…

- Haraya?

- Tirə! – Mərifət təəccüblə sual verənə tərəf döndü. – Oradan, nişangahların arxasındakı qum kisələrindən bir neçə güllə götürür…

- Bu asan deyil! Ciddi nəzarət var!

- Amma mümkündür! – Xırıltılı səs replikaya özü cavab verdi.

- … həmin güllələri qoyur ov tüfənginin patronuna, özü də qırma üçün nəzərdə tutulmuş plastik konteynerdə …

- Nəyə?

- … çox güman ki, lüləsi kəsilmiş on iki kalibr təklülə ov tüfənginə…

- Ba!!!!

- … və cinayətləri törədir…

- İndi xırdala! – Xırıltılı səslə danışan qonaq ayağa qalxdı, üzünü otaqdakılara tutdu: - İrəli sürdünüz beş yüz variantın içində buna yaxın gələni də olmayıb, başbilənlər! Davam edin!

- Siqaret çəkmək olar? – Mərifət soruşdu.

- Olar! Davam et! Nəyə görə ov silahı? On iki kalibr? Lüləsi kəsilmiş? Niyə konteynerdə?

Mərifət siqaoretini yandırıb tüstüsünü ləzzətlə ciyərlərinə çəkdi, havaya üfürdü:

- Ona görə konteynerdə ki, konteyner tapançanın artıq atılmış və üzərində həmin tapancanın yivlərinin izi olan, yəni identifikasiya oluna, yəni eyniləşdirilə bilən gülləsinin üzərindəki yiv yerlərinin silinməsinin qarşısını alır. Sadə desək, güllə salamat qalır… tapançadan necə atılıbsa – eləcə… Mən həmin konteynerlərin qalıqlarını hadisə yerlərindən tapmışam.

Sükut.

- Konteynerlər – sadəcə plastik borucuqlardır. Amma onlar cinayətkar tərəfindən uzununa dörd yerə bölünüblər. Bu isə onun səriştəli adam olmasını sübut edir.

- Niyə?

- Əgər konteyner bütöv qalsa idi, yaxın məsafədən atəş açılan zaman, güllə konteyner ilə birlikdə qarşıdakının bədəninə daxil olardı. Yəni cinayətin hansı silahla törədilməsini işarə verərdi. Konteyner plastikdəndir, çəkisi yüngüldür, amma məsafə yaxın olarsa…

- Aydındır. Sonra?

- Onun səriştəli olmasının ikinci əlaməti də, ov silahının patronunun standart karton və keçə tıxaclarla yox, adi parça ili tıxanmasıdır.

- Bu niyə?

- Adi qaydada ov silahının boş gilizi götürülür, piston qoyulur, içərisinə barıt tökülür, tıxac taxılır və sairə. Tıxac əvəzinə parça qoyulanda isə çox mühüm bir əşyayi-dəlil aradan götürülür.

- Necə?

- Standart karton və ya keçə tıxaclar dairəvi formada olur və nəzərə tez çarpırlar. Atəşdən sonra onlar ətrafa səpələnirlər və onları hadisə yerindən cinayətkarın qısa müddətdə yığması, demək olar ki, qeyri-mümkündür.

Adi parçalar isə diqqəti o qədər də cəlb etmir. Küçələrdə cır-cındır azdır bəyəm? Mən hadisə yerlərinin ikisindən bu parça tıxacları tapıb götürmüşəm.

- Bəs niyə təklülə silah?

- Hər yerdə bircə atəş açılıb.

- Bəs niyə 12 kalibr və lüləsi kəsik?

- 12 kalibr ov silahının konteynerinə tapança gülləsi rahat yerləşir. Bu bir. İkincisi isə, o qarı nənənin ifadəsinə fikir vermisiniz? Top səsi! Şimşək işığı!!

Adi tapançadan gündüz vaxtı atəş açılanda, onun lüləsindən, demək olar ki, od saçılmır, səsi də elə güclü çıxmır.

Nənənin yaşının çox olmasını, və təbii ki, eşitmə və görməsinin zəifləməsini nəzərə alsaq, deməli həqiqətən də güclü atəş səsi və lülədən ov çıxmasını müşahidə etməsi təsdiq olunar. Heç fikir vermisiniz, lüləsi kəsik ov silahından atəş açanda lülədən necə od çıxır? Heç olmasa yarım metr uzunluğunda!

- 12 kalibr ov tüfənginin səsi isə tapançadan çox güclüdür! – Kimsə əlavə etdi.

Növbəti sükut yarandı.

Birinci olaraq xırıltılı səs dilləndi:

- Dedikləriniz hamısı fərziyyədir.

Mərifət cibindən kağıza bükülü bir şey çıxartdı:

- Mənim vəzifəm bu işlərdə polis işçilərinin əlinin olmamasını sübut etməkdir.

Kağızı açdı, içərisindən azacıq deformasiya olunmuş bir tapança gülləsi çıxartdı.

- Hadisələrdən birində cəsədin bədənindən xaricdə istehsal olunmuş güllə çıxarılıb. 9 mm kalibrli. Xarici görünüşünə görə həmin güllələr «Makarov»un gülləsindən fərqlənmirlər. Lakin metalın tərkibinə, içərisindəki qurğuşunun və polad içliyin ölçülərinə və çəkisinə görə fərqlənirlər. Cinayətkar seçə bilməyib ki, bu xarici tapançadan atılıb, ona görə də cinayətdə istifadə edib.

- Bu həmin güllədir? – Polkovnik təəccüblə soruşdu.

- Yox. Həmin güllə yəqin ki, əşyaya-dəlil kimi saxlanılır. Mən bu gülləni bir kötükdən çıxarmışam.

- Nə kötük? – Hamı birdən soruşdu.

Mərifət bir siqaret də yandırdı:

- Bizim rəisin altı ay əvvəl xaricdən gəlmiş bir qonağı olub…

Xırıltılı səs rəisə tərəf çevrildi.

- Terrorizmə qarşı mübarizə tədbirlərində birgə əməkdaşlıq çərçivəsində Avropadan, keçmiş sosialist ölkələrindən birindən təcrübə mübadiləsi üçün bir nəfər gəlmişdi. Mən onu tanıyırdım. O vaxt Moskvada kursda bir yerdə olmuşduq. – Rəis izah etdi.

Mərifət davam etdi:

- Həmin şəxs buraya gələrkən tam qanuni şəkildə öz tabel silahını da gətirmişdir. Burada olarkən rəsmi tədbirlər proqramına uyğun olaraq sizin əməkdaşlarla birlikdə tirdə də olmuş və öz atıcılıq məharətini göstərmişdir. Bunu sizin sürücünüz dedi.

Rəis başı ilə təsdiq etdi.

- Bu güllə isə, - Mərifət davam etdi, - şəhərdən kənardakı bulağın yanındakı ağac kötüyündən çıxarılıb.

- Oraya hardan düşüb?

Mərifət gülümsədi:

- Bizim rəis öz köhnə tanışı ilə rastlaşanda milli ənənələrimizə uyğun olaraq onu yemək-içməyə aparıb. Yeyib-içəndən sonra isə dünya praktikasına uyğun olaraq, boş araq butulkalarını kötüyün üzərinə qoyaraq qəddarcasına güllələmişlər. Və kefli olduqları üçün bəzi güllələr kötüyə dəymişdir. Bunu da sürücünüz təsdiq edə bilər.

Qonaqlar qımışdılar. Rəis dodağının altında nəsə dedi.

- İndi əgər ekspertizaya versəniz, siz bu güllənin üçüncü cinayət işində istifadə olunmuş güllə ilə eyni silahdan atıldığının şahidi olarsınız.

- Deməli… – Polkovnik qaşlarını çatıb nəsə fikirləşdi.

- Deməli, altı ay əvvəl həyatında bircə dəfə ölkəmizdə olmuş şəxs səkkiz gün əvvəl öz tabel silahından atəş açaraq cinayət törədə bilməz… Beləliklə, deyilənləri nəzərə alaraq əminliklə demək olar ki, bu hadisələr polis işçiləri tərəfindən törədilməyib.

Mərifət yanındakı bağlamanı açaraq, içərisindəki konteyner qalıqların və tıxac kimi istifadə olunmuş parçaları stolun üstünə qoydu.

- Bunları isə, hadisə yerinə təkrar baxış keçirilməsi kimi rəsmiləşdirərək işə əlavə etmək olar. Ən azı, polis əməkdaşı rəisin sürücüsünün iştirakı ilə… Məni isə hal şahidi kimi qeyd edə bilərsiniz.

Xırıltılı səs artıq mobil telefonu ilə kiməsə qısa və kəskin əmrlər verirdi.

Mərifət növbəti siqareti yandırdı:

- Başqa mülahizələrim də var…

- Elə bunlar da yetərlidir. – Üçüncü qonaq dedi.

- De görək! – Polkovnik dilləndi.

- Cinayətkarı tirin əməkdaşları arasında axtarmayın. O - ağıllı adamdır. Bizim gəlib tirə çıxa biləcəyimizi, yəqin ki, nəzərə ala bilər. İkincisi, o şəxs çox güman ki, polisdən yanıqlıdır…

- Bu göz qabağındadır…

- Ən nəhayət, yenə də çox güman ki, onun öldürülənlərdən yalnız biri və ya ikisi ilə haqq-hesabı olmuşdur…

- Bəs qalanlarına niyə qəsd edib?

- Cinayəti dolaşdırmaq üçün… Bu, həm də onun qəddar adam olduğuna dəlalət edir. Çesterton demişkən, bir ölünü çoxlu ölülərin arasında gizlətmək asandır.

- O kimdir elə? – Rəis soruşdu.

- Heç əşşi…

- Yaxşı, Mərifət müəllim, cinayətkarı yaxalamaq üçün bizə başqa yardım edə bilərsiniz? – Polkovnik soruşdu.

- Yox! – Mərifət dedi. – O sizin işinizdir…

Bir həftədən sonra

Telefon bar-bar bağıraraq özünü öldürürdü. Mərifət birtəhəri gözlərini açdı:

- Alo! Mərifət müəllim, mənəm ey, rəisin sürücüsü…

- Hə, eşidirəm.

- Sizi aşağıda gözləyirəm. Rəis əmanət verib, sizə çatdırmalıyam.

Beş dəqiqədən sonra Mərifət aşağıda idi. Qapını açıb maşında əyləşdi.

- Bilirsiniz də, cinayətkarı yaxaladıq. Köpək oğlu sən demə…

Mərifət onun sözünü yarımçıq kəsdi:

- Mənimçün maraqlı deyil, kimdir cinayətkar, niyə öldürüb, nə üçün öldürüb… Əmanəti ver!

Sürücü mısmırığını sallayıb bir bükülü uzatdı.

- Elə bu? Hamısı budur? – Mərifət bağlamadakı pula baxıb soruşdu.

- Hə! – Sürücü də eyni qaydada dedi.

- Bəs pulun qalanı? Biz rəislə belə danışmamışdıq axı?

- Rəislə nə danışdığınız da mənim üçün maraqlı deyil! – deyib sürücü maşını işə saldı.

Mərifət maşından düşdü, bir pula baxdı, bir gedən maşına, sonra başını bulayıb əlini yellədi. Və dodağının altında uzun-uzadı nəsə dedi.

Oktyabr 2012-ci il

XS
SM
MD
LG