Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 00:21

Ölkədə ciddi hadisə baş verir, gənclərimiz nəyi müzakirə edir


Orxan Məmmədli
Orxan Məmmədli

- "2015-ci ildir, inkişaf etmiş ölkələrdə müzakirə olunan məsələlərlə Azərbaycan gündəmində müzakirə olunan məsələləri müqayisə edəndə fərqi görürsən. Bakirəlik, şortik, oğru aləmi və s."

"Hərbi xidmət müddətim bitəndə Müdafiə nazirinin müavini Orduda qalmağım üçün iki dəfə xəbər göndərdi, razılaşmadım."

Ordumuzun və mətbuatımızın ən gənc adamı ilə müsahibə

Oxucular Orxan Məmmədli imzasını iki aydır ki, sosial şəbəkələrdə dolaşan “Uşaqlığımın Göygölü” adlı yazısından tanıyırlar. Orxan mütaliə, təfəkkür, müasirlik, yenilikçilik baxımından unikal bir insan, maraqlı şəxsdir. Bu günlərdə Tiflisə səfər edən Orxanla müsahibəmizi sizə təqdim edirik.

Günel Mövlud

- Orxan, Azərbaycan elə ölkədir ki, burda kitab oxuyan hər kəsin bununla bağlı bir hekayəsi var. Sizin hekayəniz necədir?

- Əslində, çox təəssüf etdiyim mövzudur. Normal cəmiyyətlərdə kitab oxumaqla bağlı bir hekayənin olması gülünc qarşılanardı yəqin ki, amma cəmiyyətimizdə bu insanların sayı o qədər azdır ki, insanlar maraqla bu sualı verirlər: “Siz nə yaxşı, kitab oxuyursunuz" və ya "Səbəb nədir?”

Mən bu mövzuda bir az şanslı olmuşam. Bədii kitab oxumaq hekayəm 10 yaşımda qəbul olunduğum türk liseylərindən başlayıb, böyük kitabxanamız və bədii kitab oxumaq üçün saatlarımız vardı və o saatlarda bədii kitab oxuya bilirdik dərsdən əlavə.

- Siz necə bir ailədə doğulmusunuz, uşaqlığınız necə olub?

Orxan Məmmədli
Orxan Məmmədli

- Anam müəllimə idi, atamsa bizneslə məşğul idi. 10 yaşım tamam olanda ailəmdən ayrılıb, liseyin yataqxanasında qaldığım üçün uşaqlığımı ailəmlə keçirmək şansım o qədər də çox olmayıb.

Həmişə özümdən 2-3 yaş böyüklərlə oxumuşam.

Həyata 3 il erkən atılmağım mənim qazancım olub. İndi də ətrafımdakı insanların çoxu məndən xeyli yaşlıdırlar, ümumiyyətlə çalışmaq lazımdır həmişə yaşlı insanlarla çox ünsiyyətdə olasan, bu, böyük qazancdır.

- 15 yaşınızda ali məktəbə qəbul olunmusunuz. Bu, necə baş verdi? Necə hiss idi? Yəqin ki, auditoriyada sizdən uşağı yox idi, hə?

- 5 yaşım təzə tamam olanda məktəbə başlamışdım. Bağçaya getməmişəm, anam müəllimə olduğu üçün bacımla mən artıq 3 yaşımızdan əlifbanı öyrənmişdik.

Sonra həmin illərdə imtahan var idi, əgər 4-cü sinfin materialını öyrənib, 3 cü sinifin sonunda imtahan verib keçə bilirdinizsə, birbaşa 4-cü sinifi oxumayıb, 5-ci sinifə başlayırdınız. Məndə də belə oldu.

Universitetə qəbul olduğum ildə ən gənc tələbə idim. Hətta universitetə bir az gülməli də olsa, ilk dəfə atamla getmişdim, tələbə bileti üçün şəkil çəkdirirdim, heç kəs inanmırdı.

Həmişə oxuduğum siniflərdə və universitetdə ətrafımdan 3 yaş balaca olduğum üçün zarafat mövzusu olmuşam amma xoş idi, hamı hörmət edirdi və sevirdilər.

Getdikləri ölkələrdə Azərbaycanı unudurlar

- Yaşıdlarınızla yəqin ki, sosial şəbəkələrdə ünsiyyətdə olur, onları müşahidə edirsiniz. Azərbaycan gəncliyinin müzakirə elədiyi mövzular, dəyərləri və s. Sizə nə deyir? Onları necə görürsünüz?

- Vəziyyət çox ağrıvericidir. Cəmiyyətimizdə gənclərin uğuru o qədər az olur ki, kimsə məşhur bir universitetə qəbul olanda, oranı bitirəndə bu xəbər saytları üçün belə xəbər mövzusu olur.

İşıqlı gənclərimiz var, amma sayları çox azdır və özlərini ölkədə rahat ifadə edə bilmədikləri üçün fürsət tapan kimi xaricə üz tuturlar.

Bu yaxşı haldır əslində, amma getdikləri ölkələrdə artıq Azərbaycanı unudub, oranın heç bir ictimai işinə qarışmaq istəmirlər. Bu da ölkəmiz üçün itkidir.

Ölkədə ciddi hadisə baş verir, amma gənclərimiz gündəmi dəyişmək üçün kimlərinsə atdığı çox xırda şou mövzularını müzakirə edir.

2015-ci ildir, inkişaf etmiş ölkələrdə müzakirə olunan məsələlərlə Azərbaycan gündəmində müzakirə olunan məsələləri müqayisə edəndə fərqi görürsən. Bakirəlik, şortik, oğru aləmi və s.

Ordu çox ağır vəziyyətdədir

- Siz həm də hərbi xidmət çəkmisiniz və 19 yaşlı ən gənc leytenant olmusunuz. Orduda gününüz necə keçirdi? Ora necə bir yerdir? Oxumuş insan özünü Azərbaycan ordusunda necə hiss edir, nələr yaşayır?

Orxan Məmmədli
Orxan Məmmədli

- Azərbaycan müstəqillik tarixində ən gənc zabit olmaq, 19 yaşlı leytenant olmaq mənim üçün çox qürurverici hal olub həmişə.

Mən hərbi hissəyə hüquqşünas təyin olunmuşdum, orduda hüquqşünas kadrlarının çatışmazlığı olduğundan məcburi, leytenantları mayor vəzifəsinə təyin edirdilər.

Hərbi hissədə oturduğum vəzifə hərbi hissənin 5-ci böyük vəzifəsi idi. Təsəvvür edin, 1000 nəfərlik şəxsi heyəti olan hərbi hissənin 5-ci adamısınız, 19 yaşınız var və üzünüzdə tük çıxmır.

Əsgərlərdən belə, yaşca balaca idim. 40 yaşında zabitlərin, gizirlərin məndən vəzifəcə aşağıda olması və onlara hansısa göstəriş vermək çox çətin idi.

Amma özümü doğrultduğumu iddia edə bilərəm. Hərbi xidmət müddətim bitəndə Müdafiə nazirinin müavini Orduda qalmağım üçün iki dəfə xəbər göndərdi, razılaşmadım.

Xidmətim bitəndə mənə “Femida” heykəli mükafatı verdilər.

Sadəcə hərb mənim uyğunlaşa biləcəyim sahə deyildi, orda istədiyimi yaza və azad ola bilməzdim.

Azərbaycan hərbində olanlar bilir, Ordu çox ağır vəziyyətdədir. Xüsusən oxumuş insanların ora uyğunlaşması çətindir.

Yazmağı çox sevirəm

- Orxan, “Uşaqlığımın Göygölü” adlı yazınız bü günə qədər oxunur, paylaşılır və müzakirə olunur. Ümumiyyətlə, mətbuata yazmaq fikriniz necə yarandı? Kimləri oxuyur, kimlərin imzasında işıq ucu görürdünüz?

- Yazı yazmağı çox sevirəm, hətta aşiqəm. Adiləşməyəcəyini bilsəm, hər gün olan hadisələrlə bağlı münasibət bildirib, köşə yazmaq istəyərəm.

Çox səmimi yazdığınız yazı hər zaman oxunur və paylaşılır; məndə həmişə belə olub. Çox zaman ictimai nəqliyyatda, yol gedərkən artıq yazını fikrimdə yazıram və hazır olduğunu düşünürəm, qaçıram kompüterin qabağına yazıram. Nərmin Kamalın və Seymur Baycanın yazılarını, məsələlərə münasibətlərini səbrsizliklə gözləyirəm.

- İmzanızın qısa müddətdə belə tanınanacağını gözləyirdinizmi?

- Açığı gözləmirdim, artıq kimlərsə yazar deyir, mənim tanımdaığım adamlar məni tanıyır, amma mən özümü hələ də yazar hesab etmirəm.

Həmişə kimsə “əla yazıbsan” deyəndə cızma-qara etdiyimi söyləyirəm.

23 yaşım var, 27-28 yaşıma qədər qarşıma hədəf qoyduğum oxuyacağım kitablar siyahımda hələ 200-dən çox əsas kitab var.

Bir gün həqiqətən yazar olub, cəmiyyətdəki problemləri dünyanın məşhur qəzetləri vasitəsilə daha geniş kütləyə çatdırmaq məqsədimdir. Ümidliyəm.

- Hazırda nə ilə məşğulsunuz? Harada yaşayır, nə ilə dolanır, nə iş görür, gələcəyinizlə bağlı nə planlaşdırırsınız?

- Hazırda İtaliyanın Roma şəhərində Biznes hüququ üzrə magistr təhsilimi davam etdirirəm.

Gələn il bitirib doktoranturaya başlamağı düşünürəm. İtaliya dövlətinin verdiyi təqüdlə keçinməyə çalışıram.

XS
SM
MD
LG