Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:58

Havam çatmır. Pul çatmır. Daim nəsə çatmır...


Ayxan Ayvaz
Ayxan Ayvaz

- "Ürəyimin dərinliyində onu da bilirəm ki, bu pisliklərdən qurtulmaq mümkün deyil, bura bataqlıq kimi bir yerdi, hər şeyi, bütün yaxşı nə varsa hamısını içinə çəkib hoppadan udur."

Ayxan Ayvaz

ATAMIN NOBEL NİTQİ

(hekayə)

Gündəlikləri əsasında

Yadıma uşaqlığımda getdiyim çay, yamaclar, ağaclar, kölgəliklər düşür. Hərdən işdən, yazıdan başımı qaldıranda özümü təzəcə doğulmuş körpə kimi hiss edirəm: ağlayıb zəhlə tökən, qapqara, bədəninə bağırsaq dolanmış, gözləri yumulu...

Maşının pəncərəsində oturub saysız-hesabsız mənzərələrə doyunca baxan adamlar kimi xatirələrimin gözümün qabağından film kimi keçib getməsini seyr etmək üzümü güldürür, qəlbimi sızıldadır.

Eyvaz Əlləzoğlunun kitabı
Eyvaz Əlləzoğlunun kitabı

Uşaqlıqda məktəbin yanındakı stadionda futbol oynayır, tərimiz bədənimizdən axa-axa qərar verirdik ki, çaya, adını Div qoyduğumuz o gözdən-könüldən uzaq məkana gedək.

Çayda çiməndən sonra qumsaqlığa səvərir, yarğanın başından görükən evlərə, göy üzündə süzən buludlara, yayın yandırıb sarıya boyadığı cod təpələrə baxırdıq.

Paltarını təzəcə geyinib burdan itilməyə hazırlaşan uşaqları daha iri və güclü uşaqlar arxadan helləyib çayın qıjov yerinə atır, onları ələ salıb gülüşürdülər.

Bu it uşağı bizim də gözümüzdən aldırmışdılar. Onların ikinci məşğuliyyəti caladakı dişi eşşəkləri yulğun kolunun dibinə çəkməkdi.

Ağaclıq və seçilən yer nə qədər xəlvət olsa da, hər yan yarğanın başından ovuc içi kimi görünürdü.

Əgər yarğanın qaşına arvad-uşaq yığıldısa, əllər günlük edilib alnın ortasına qoyuldusa, dalınca da “Hu!!!” qışqırtısı aləmi başına götürdüsə, demək, iş aydındı.

Bir neçə dəqiqədən sonra bir-iki uşaq təntimiş halda şalvarını çəkə-çəkə calanın o biri tərəfinə qaçıb bu rüsvayçılıqdan xilas olmağa çalışırdı.

Sahildəki qumsalda çırtı-pırtı, ordan-burdan danışıb başımızı qatır, ya da bıçaq atma oynayırdıq. Oyundan usananda, danışmağa sözümüz qurtaranda qumsala səvərib boşluqdan darıxırdıq.

Qarnımız acından quruldayanda içimizdəki daha cəsarətli uşağın təklifi ilə sözü bir yerə qoyub bağa oğurluğa düşməyi qərarlaşdırırdıq. O biri uşaqların dalımıza düşüb ayağımıza çidar olmağını istəmirdik.

Bağa getmək, çimdiyimiz yerdən bir az aralanmaq, sonra çayın o biri tərəfinə keçmək lazım gəlirdi, qıjov yerdən aralıda, suyu bir az dayaz olan tərəfdən keçib o üzə adlayır, budaqları üzümüzə çırpılan söyüd, yulğun kollarının arası ilə uzanan cığırla bağlara gəlib çıxır, çəpərin bu tayında dayanıb üzümlükdə qarovul olub-olmamasını yoxlayır, bir kimsənin bizi görməyəcəyinə tam əmin olandan sonra porsuq kimi çəpərin oyuğundan özümüzü içəri verirdik.

Bağın başında zəncirə bağlanmış it özünü dartıb yeyirdi. Tələm-tələsik yolmaşdadığımız kalımsov üzüm salxımları qoynumuzda cığırla geri qaçıb özümüzü çayın qırağına salır, arxası üstə uzanıb hələ tam yetişməmiş gilələri içəri addadır, cecəyi bayaqdan onlara da bir salxım verək deyə, ilan dili çıxarıb yalvaran umsuq uşaqların başına çırpıb gülüşürdük.

Uşaqlıq həmişə xəyalən geri qayıtmaq mümkün olan bir yerdi. Gələcəyi nə təhər təsəvvür edirsən et, bilirsən ki, yalandır, onun gerçəyə çevrilməsi mümkünsüzdür.

Amma keçmiş elə deyil, hər şey arxiv materialı kimi sannı-qoz arxada durub, bir balaca yırtıldımı, hər şey ağnayıb üstünə gələcək.

Keçmiş üstünə bir-bir yox, qoşun-qoşun, əli qılınclı gəlir. Eləcə tanış daşlar, ağaclar, adam çöhrələri yanından meh kimi ötüb keçir, gözünə qor kimi dolur. Uzaqda dayanıb öz varlığını sənə xatırlatmaqdan yorulub usanmır.

Uşaqlığın yoxdursa, daha doğrusu, xatırlamırsansa, demək, vətənin də yoxdur. Bu acı duyğular içimə dolan kimi özümü balkona atıb siqareti siqaretə calayıram.

O saat balalarımın gözündə bic bir işıltı peyda olur, gülə-gülə üstümü kəsdirir: “Dədə, ağlayırsan?” O tərəfdən də arvad özünü yetirir, mütləq ölən qohumlarımdan kimi xatırladığımı soruşub kövrəlməyimin içinə yetmək istəyir.

Göz yaşım və kədərimin qıraqdan baxanda bəlkə də kiməsə gülməli göründüyünü bilirəm.

Xaricə köçmüş çox pul-para qazanan dostlarım var, əziz əcnəbilər. Hərdən zəng edirlər, ya da bura gələndə axtarıb məni tapırlar.

Danışıqlarından onların da mənim günümdə olduğu sezilir. Dəhşətli dərəcədə darıxır, orda heç kimə isinişə bilmir, yalquzaq gəzirlər.

Fərqimiz də var. Mən ac qarına, qəpiyə güllə ata-ata, onlarsa cibi pullu, tox qarına eyni həsrəti yaşayırıq. Hə, gəzə-gəzə öz ayağımla özümü gətirib bu bataqlığa saldım.

Onda necə də sadəlövh və avamdım. “Öz xalqım, ona xidmət” - başım bu cür axmaq şeylərlə doluydu. Guya xalqa qulluq eləmək, nəsə bir işin qulpundan tutmağın vaxtı gəlib çatmışdı. Gecikmək olmazdı.

Tale məni ütələk gətirib bu gəmiyə mindirdi. Gəmi də... nə gəmi, əvvəl uzaqdan bir az cəlbedici görünürdü, işıqları-zad göz qamaşdırırdı, amma bu gəmi.... daha burasını deməzlər.

Bizi çoxdan tısbağa kimi arxası üstə çeviriblər. Eləcə çabalaya-çabalaya qalmışıq. Düz səki ilə çörək pulu qazanmağa getməli, eyni yolla da balalarının yanına qayıtmalısan. Sola-pola danışmaq, başqa cür düşünmək, bunu bərkdən demək olmaz.

Gerçəyin acısı üzümə vuran kimi kövrəkliyim keçib gedir. Bir vaxt calada, çayda çimərkən bədənimə qonub məni sancmaq istəyən böyənəyi əlimlə qovduğum tək keçmişi özümdən itələyib uzaqlara qovuram ki, getsin, bir də geri gəlməsin.

Siqaretin kötüyünü beşinci mərtəbədən aşağı qımçayıb otağa qayıdıram. Uşaqlarım da əllərində stəkan onlara çaxır süzməyimə müntəzir durub gözləyirlər.

Burdakı dostlarım uşaqlara çaxır verdiyimi görəndə məni qınayırlar, söz düşəndə o saat ağzımdan vururlar.

Guya belə eləmək olmaz. Boş şeydi, mən çaxırı dilimə vuranda ikinci sinifdə oxuyurdum.

Dayımgilə getmişdim, mart ayı idi, dəqiq yadımdadı, orda Vəkil mənə dördmü, beşmi stəkan çaxır içirtdi. Geri qayıdanda kefliydim, yol elə bil ayağımın altında ləngərlənirdi.

Mən mehtər atı tanıyan kimi çaxırı bir qurtumdan tanıyıram. Qoy uşaqlar bir-iki stəkan içsinlər, zərəri yoxdu, həm də çaxır onların vətəninin şirəsi, torpağının qoxusu, dadı, bəlkə də özüdü.

Kefli adamların başqalarına söydüyünü eşitmişdim, ona görə də qarşıma çıxan uşaqları yağlayırdım ki, hamı mənim içdiyimi bilsin.

Anamsa əlimdən bərk-bərk tuturdu ki, dartınıb o uşaqlardan birini vurmayım.

Evdə çarpayıya uzansam da, bütün yer-göy başıma fırlanırdı. Qonşuda traktorla yer əkirdilər, günəşli yaz günüydü və həyətdəki albalı ağacları ağ-ağ çiçək açmışdı, indinin özündə də qonşuda işləyən o traktorun, bir də o çiçəklərin üstü ilə uçuşan arıların dızıltısı beynimi deşir.

Mən mehtər atı tanıyan kimi çaxırı bir qurtumdan tanıyıram. Qoy uşaqlar bir-iki stəkan içsinlər, zərəri yoxdu, həm də çaxır onların vətəninin şirəsi, torpağının qoxusu, dadı, bəlkə də özüdü.

Hər stəkanı qaldıranda elə bil çaxırı yox, yalnız mənə məxsus günün, torpağın, çayın, ötən yay vadiyə yağan yağışı, boylu buludları, keçmiş günləri və bu çaxırı düzəldən adamın ovqatını içirəm. Və bu çox güman, quru, cadar-cadar olmuş torpağın köpüklü suyu necə canına çəkməsinə bənzəyir.

Mənim yurdum, mənim torpağım, suyum, havam, nə vardı hamısı orda qaldı. Burda, bu qısır, heç nə doğmayan qumsal səhrada sudan çıxarılıb kənara atılmış balıq kimi çırpına-çırpına qalmışam.

Havam çatmır. Pul çatmır. Daim nəsə çatmır. Amma çatışmayan daha mühüm bir şey də var, heç cür onun nə olduğunu yadıma sala bilmirdim.

Xeyli oturub düşünüb-daşınırdım ki, çatışmayan nədi, o vaxt böyüyüm uşaq idi, onu da götürüb adada yaşayan dostuma baş çəkməyə gedəndə dayanıb avtobusun gəlməsini gözləyirdim.

Uşağa da şokolad almışdım. Ətrafda geniş mənzərə açılmışdı. Göy üzündə seyrək buludlar donub qalmışdı. Qəfil anladım ki, çatışmayan şeyi tapdım.

Bu, dağlardı: sıra-sıra dayanmış yaşıl dağlar! Doğulduğum məmləkətdə başını hara çevirirsən, dağlar durub sənə baxır.

Əziz qonaqlar, uşaqlarımın gözündə zəif, bacarıqsız bir adam olduğumun fərqindəyəm. Mən qurd olub ətrafı çalıb-çapa bilmədim. Daim özümdən həya eləməyim məni adam olmağa qoymadı.

Adam var, üzdən baxırsan, hər şeyi yerli-yerindədi, amma yoldaşlıq eləyib bələd olanda görürsən ki, tamahı baş yarır, közü həmişə öz qabağına çəkməkdən utanmır. Ona görə axıra qədər qalan dostlarım da yoxdu. Səhrada adama dost olar ki?

Amma niyəsə özümü uşaqlarımın qarşısında çox günahkar hesab edirəm. Evə-eşiyə, güzərana görə yox. Bir tikə çörək yəqin hər yerdə hamı üçün tapılır. Mən onları vətənlərindən, doğulduqları yerdən elədim.

Cənnət misalı bir vətən. Dağı, daşı, buludu, yeli gözəl bir vətən. İnsanın özünü insan kimi hiss elədiyi bir vətən. O yerin çaylarında çimmək, dağlarına qalxmaq, dupduru suyundan içmək onların haqqıydı.

Mən bunu onların əlindən aldım. Hələ bunların ağzı isti yerdədi, dünyadan xəbərləri yoxdu, duza gedirlər, amma bir gün mütləq ayılacaqlar, buranın üzünün astarını görəcək və məndən bunun cavabını soracaqlar.

Vay onda mənim başıma gələnlərə! Durub bütün yanlışlıqlarıma necə haqq qazandıracağam?

İsa peyğəmbər deyirdi ki, gördün çuxura düşübsən, dur və öz vaxtının gəlməsini gözlə.

Amma İsa peyğəmbərdən mənə nə? Vaxt gəlmir, vaxt başgicəlləndirici bir sürətlə uçub gedir.

Ürəyimin dərinliyində onu da bilirəm ki, bu pisliklərdən qurtulmaq mümkün deyil, bura bataqlıq kimi bir yerdi, hər şeyi, bütün yaxşı nə varsa hamısını içinə çəkib hoppadan udur.

Yalnız yaltaqlıq, yalnız müxənnətlik, yalnız geridə qalan nə qədər pislik var hamısı burdadır. Buranın havası da üfunət qoxuyur.

Hamınıza diqqətinizə görə təşəkkür edirəm, amma üzr istəyirəm, davamını oxuya bilməyəcəyəm...

Tiflis

XS
SM
MD
LG