Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 17:06

Balkon uçdu


Əfsanə Laçın
Əfsanə Laçın

- "Eyvan tüfəngi görər-görməz özünü itirdi. Təlaşla evə sarı uçmağa başladı."

Əfsanə Əliyeva

EV

Ədəbiyyat idarə edilən yuxudur

Borxes

Aylar keçir, il dolanır sehrli sözlər yaranır. Bu sözlərdən ən gözəlini seçərəm, sizə nağıl biçərəm.

Yamyaşıl, güllü-çiçəkli dağın ətəyində tənha bir ev var idi. Uzun illərdən bəri heç kim orada yaşamırdı.

Eyvan:

- Gör nə zamandır zavallı eyvanda çay süfrəsi açan yoxdur. Dibçəklərim də solub. Sonuncu dəfə onların nə zaman sulandığını belə unutmuşam.

Pəncərə:

- Eh, heç məni demirsən. Toz-torpağımı silən də yoxdu. Tor görürəm.

Baca:

- Bir bacadan ki, tüstü çıxıb havaya qarışmadı, təzə bişmişin ətri aləmi bürümədi, nəyə lazımdır axı o baca?!

Dam:

- Xatırlayırsınız ev shibinin qara pişiyini? Gününü o başa, bu başa üstümdə gəzməklə keçirirdi. Eh...

Çilçıraq:

- İşığa həsrət kor kimiyəm. Çilçıraq deyiləm e, hörümçək yuvasıyam!

Qapı:

- İllərdir qıfıllı qalmışam. Yəqin zəngim də xarab olub.

Pilləkənlər:

- Mən sevinəndə sən də sevinəcəksən, ay qapı. Darıxma. İllərdir pillələrimə insan ayağı dəymir...

Qapı:

- Daha gecdir. Yatın! Mətbəxdəki, otaqlardakı əşyaları oyadacaqsınız! Onlar şikayətlənməyə başlasalar kim sakitləşdirəcək?!

Eyvan:

- Kaş quş olub uçaydım. Bəlkə sahibimiz yolu unudub. Ona görə gələ bilmir. Onu tapıb gətirərdim...

Səhər açıldı. Günəş dağların arasından boylandı.

Pəncərə:

- Oyanın, oyanın eyvan yerində yoxdur! Olmaya arzusuna çatıb?

Qapı:

- Gör necə də ürəkdən arzulayıbmış. Bilirəm, o sahibimizi tapacaq. Mütləq tapacaq.

Pəncərə:

- Gələn kimi hər yeri tərtəmiz təmizləyəcək. Çiçək kimi olacağıq.

Eyvan adamların çox olduğu yerlərdə uçur, hər kəsin üzünə diqqətlə baxıb sahibini tanımağa çalışırdı.

Onu görən insanlar da təəccüblənirdilər. Axı heç kəs ömründə belə quş görməmişdi. Elə bil kimsə kərpicin üstünü naxışlamışdı.

Eyvan uçdu, uçdu yoruldu. Dincəlmək üçün meşəyə üz tutdu. Elə təzəcə cır alma ağacının budağına qonmuşdu ki, ovçu onu gördü. Eyvan tüfəngi görər-görməz özünü itirdi. Təlaşla evə sarı uçmağa başladı.

Ovçu quşun gözəlliyinə heyran olmuş, onu nişan almağa qıymırdı. Ona görə də hara getdiyini bilmək üçün onu təqib etməyə başladı.

Eyvan özünü qaranəfəs evə çatdırdı. Quşun izini itirən ovçu evin qarşısında dayandı. Gülümsədi. Boynundan asdığı köhnə açarı çıxarıb qapını açdı...

Nağıl burada bitdi. Nağılçı evə getdi. Getdi sözlər əkməyə, yeni nağıl biçməyə.

XS
SM
MD
LG