Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:20

Ədəbiyyatla cənnəti tapmaq


Mario Vargas Llosa Nobel mükafatını qəbul edərkən, 2010
Mario Vargas Llosa Nobel mükafatını qəbul edərkən, 2010

- "Mario Varqas Yosaya Nobel mükafatı qazandıran da daha çox “Keçi bayramı”ndakı iqtidar qurluşunun dolğun portretini rəsm etməklə fərdi müqavimətlər, üsyan və məğlubiyyətləri təsvir etməsi olub..."

Ülvi Babasoy

Cənnət başqa yerdədir

Haradan gəlirik? Kimik? Hara gedirik?

...suallarına əsrlərdir elm, din və sənət cavab axtarır, elə deyilmi? Elm və fəlsəfənin cavabı çox darıxdırıcı və ifrat dərəcədə empirik olduğu üçün başımızı dəng etməsək, yaxşıdır.

Dinin şirin vədlərlə dolu cavabları isə ağıl və mühakiməni bir kənara qoyub qəlbən təslim olmağımızı tələb edir...

Ülvi Babasoy
Ülvi Babasoy

Sənət?! Sənət isə heç şübhəsiz, həm elm və dindən qidalanır, həm də özünün əlçatmaz əbədi dəyərlərini sərgiləyir.

Məhz məşhur fransız rəssam Pol Qoqen (Paul Gauguin) də Taitidə yaşadığı dövrdə rəsm etdiyi “Haradan gəlirik? Kimik? Hara gedirik?” adlı tablosunda insanlığın tarixini və taleyini maraqlandıran suallara cavab axtarır.

Paul Gauguin'in əsəri
Paul Gauguin'in əsəri

Tablonun tən ortasında gənc bir oğlan ağacdan alma dərir. Sağdan küncdə körpə bir uşaq və üç qadın rəsm edilib. Uşağın arxa tərəfindən bir it boylanır.

Alma dərən oğlanın arxasında sağ əli başında, üzü yana çevrili bir insan və solunda isə alma yeyən azyaşlı bir qız oturub. Qızın yanında isə bir keçi və özləri üçün oynaşan iki pişik var.

Alma yeyən qızcığazdan sağa doğru gənc qadınla əlləri üzündə pərişan görünüşlü yaşlı bir qadın əyləşib və yanlarında da bəyaz bir quş görünməkdədir.

Arxa fonun solunda dini məzmunlu heykəl və paltarlı bir qadın dayanıb, sağında isə geyimli-kecimli iki qadın yol gedir. Və bir də insan təbiəti ilə vəhdət təşkil edən mükəmməl peyzaj.

İndi də gəlin baxaq görək Pol Qoqen şah əsəri sayılan “Haradan gəlirik? Kimik? Hara gedirik?” ilə nə demək istəyir:

Tablonu sağdan sola oxuyası olsaq görərik ki, körpə uşaq bəşər tarixinin başlanğıcına – ilk insanın yaradılışına işarədir. Uşağın yanındakı üç qadından ikisi gəncdir və bu qadınlar Adəmdən sonra Həvvanın mövcudluğunu xatırladır.

Qadınlardan digərinin isə cinsiyyəti dəqiq bilinmir və bu insan Taitidəki yerli xalqın “mahu” adlandırdığı cüt cinsiyyətli qadın-kişidir.

Gənc oğlanla alma yeyən qız Adəm və Həvvanın əhvalatını andırır və cənnətdəki sınağın rəmzi nostaljisidir.

Fikir verirsizsə, almanı dərən qadın deyil, kişidir və Həvva uşaq kimi təsvir edilib.

Qoqen burada qadınla kişinin ortaq günahına və üstəlik, qızcığazın simasında ilk insanların cənnətdən qovulandan sonra bəşəriyyətin həyat tarixçəsinin yenidən başlamasına eyhamla yanaşır.

Alma dərən oğlanın arxasında üzü və cinsiyyəti bəlli olmayan insan isə bəşər övladının ilk dəfə cinsiyyətini dərk etməyə çalışması kimi mənalanır.

Gənc və yaşlı qadının bir yerdə təsvir edilməsi insan ömrünün gənclik çağının gözəl bir qadına bənzəməsini və qocalanda isə necə kədərli bir biçimdə solmasını xarakterizə edir.

Qısacası, xoş səhər günəşinə bənzəyən uşaqlıqdan gözəllik, şəhvət və ehtiras dolu gündüz çağına doğru addımlarımız və dəhşətli gecə qaranlığıana bənzəyən qocalıqdan isə hara getməyimiz, bu yol haradır?! - sualı ilə bizləri düşündürən böyük sənət əsəri ilə qarşılaşırıq.

Rəssam tablonun arxa fonunda dini mahiyyət daşıyan heykəllə bəşəriyyətin inanc sistemini sorğuya çəkir.

Pol Qoqen Taitilərin qədim dinlərinə dəyər verdiyi, onların öz dinlərinə sadiq qalmalarınını dəstəklədiyi üçün bütpərəstlərin inancına uyğun heykəl təsvir edib.

Yol gedən paltarlı iki qadın isə mədəni sivilzasiyanın, təkamülün göstəriciləridir. Heyvanlar aləmindən fraqmentlər və təbiət ekzotikası tablonun ən önəmli dekorlarından sayılır.

Ömrü boyu pula, var-dövlətə ehtiyacı olmadan, sosial təbəqələşmənin gətirdiyi asıllıqdan uzaq bir şəkildə sənətlə məşğul olaraq yaşamaq istəyən Qoqen üçün təbiətin rəsm edilməsi ən böyük zərurət halı idi.

Rəsmdəki əlvan natura insanlığın təbiətin qoynunda yaşaya biləcəyi halda ondan niyə uzaqlaşdığını da soruşur.

Əl qərəz, bankirliyi, Parisin dəbdəbəli həyatını, beş övladı və həyat yoldaşını buraxıb Taiti adalarında cənnət axtarışında olan Pol Qoqen arzuladığı cənnəti tapa bildimi?!

Rəssamın şah əsəri “Haradan gəlirik? Kimik? Hara gedirik?” tapa bilmədiyindən xəbər verir. Bəs axtarılan cənnət haradadır?! Bu suala cavab vermək üçün söz sənətinin ən böyük rəssamlarından Mario Varqas Yosanın yaradıcılığına baxmalıyıq (ispan dilinin yazıçının adı Mario Varqas Lyosa deyil, bu cür səslənir).

Striptiz mərasimi və roman

Fanatikliyin hökm sürdüyü bir dünyada qadınlarla kişilər arasındakı sərhədləri yox etmək mümkündürmü?!

Umberto Eko “Norton mühazirələri”ndə Nervaldan Coysa kimi bir çox yazıçıların yazdığı mətnləri təhkiyə tərzi baxımından təhlil edir və ideal oxucu prinsipini irəli sürür.

Mario Vargas Llosa, 2015
Mario Vargas Llosa, 2015

Mən isə roman tarixinin ən dolğun bədii tutuma malik mətni “Qarqantua və Pantaqruel”dən (Rable) dünyanın ən fərqli yazıçısı Yosanın “Keçi Bayramı” əsərinə kimi mövcud olan “təhkiyə meşələrində səyahət” təşkil etmək istərdim.

Ancaq mətləbdən yayınmamaq üçün hələlik Mario Varqas Yosanın roman dünyasına daxil olmaq məsləhətdir.

Yosanın ilk romanı “Şəhər və itlər”dir. Yazıçı bu romanı 1950 – 1951-ci illərdə Perunun pataxtı Lima şəhərindəki “Leonsio Prado adına Hərbi Akademiya”da oxuyarkən müşahidə etdiyi hadisələr əsasında qələmə alıb.

Roman qəhrəmanı Alberto Fernandez - Yosanın prototipidir. Yosa bütün Latın Amerikasında baş verən despotizm, cəhalət, dini sxolastika, cinsi təcavüz və bu kimi qüsurları hərbi məktəbin daxilində baş verən hadisələr əsasında canlandırır.

Elə bu səbəbdən 1963-cü ilədək “Şəhər və itlər”i çap etmə cəsarəti olan nəşriyyat tapılmır. Roman 1964-cü ildə Latın Amerikasındakı ən böyük ədəbiyyat mükafatı “La critica”ya layiq görülür.

“Şəhər və İtlər” təhkiyə və üslub cəhətdən rəngarəng olsa da, gənç yazıçı şedevir romanlarını uzun və çarpışmalarla dolu gələcək həyatında yazacaqdı.

İkinci romanı “Yaşıl ev”lə intertekstual və qeyri-ənənəvi romanın böyük örnəyi doğulur.

“Yaşıl ev” fahişəxana və monastırda baş verən qaranlıq hadisələrin kolliziyasını gün işığına çıxarır.

Yosa ədəbiyyat tarixində qeyri-xronoloji ədəbi mətnlərdən birini, bəlkə də, birincisini “Yaşıl ev”lə yazır. Dörd hissəli romanın hər cüzü müstəqil əsər kimi də oxuna bilər.

Təhkiyəçilər şərqdən qərbə, şimaldan cənuba yayılan hadisələri danışırlar.

Yazıçı “Yaşıl ev”lə bağlı yazdığı “Bir romanın gizli tarixi” essesində “roman yazmağın stiptiz mərasimi olduğunu” vurğulayır. Bu fikri belə şərh edə bilərik ki, yazıçı qələmi striptiz oynayan qızın bütün bədən cizgilərini göstərən projektor kimi dəqiq və həssas olmalıdır.

“Yaşıl ev” hazırlıqlı oxucu üçündür. Hadisələrin qəfildən kəsilib paralel hekayənin mətnə daxil olması, hekayətlərin və xarakterlərin semantik toqquşmalar yaratması, çoxsəsli nəqletmənin gərgin dramatizmə köklənməsi hələ illər öncə Yosanın “gənc romançılar” üçün yazılmış əyani məktubu idi.

Romanda Anselmo xarakteri insan təbiətinin ehtiyacı olan azad seksi təmsil edir. Piura şəhərinin fərqli yönlərində baş verən hadisələr vahid bir ideya ətrafında toplanır. Niyə sağlam, əbədi təbiət qanunları hərbi və dini müdaxilələrlə məhv olur.

Piura şəhərinin tən ortasından axan çay durmadan təzələnən, yeniliklər kəşf edən həyatın simvoludur.

Çayın bir tərəfində azadlığı təmsil edən fahişəxana, digər tərəfdə mövhumatın, şüursuz itaətkarlığın simvolu monastr sözün, ədəbiyyatın əbədi illüstrasiyası kimi dərk olunur.

Mario Vargas Llosa, 2014
Mario Vargas Llosa, 2014

Anselmonun tikdiyi “Yaşıl ev” mühafizəkarlar tərəfindən yandırılır və illər sonra Anselmonun qızı Cunga yeni fahişəxana açır və yazıçı bununla azad fikrin sərhədsizliyini göstərir.

Əlbəttə ki, fahişəxana rəmzi dekor mahiyyətindədir və erotik anarxiya kimi anlaşılmamalıdır.

Romanın digər bir təhkiyəçi – personajı Utima ehtiras, şəhvət və eşqin melanxolikasıdır.

Utima obrazı inzibati əmrlərin altında yavaş-yavaş robota çevrilir və bu səbəbdən sevgilisi Bonifasia ondan uzaqlaşaraq fahişəxanaya düşür.

Üçüncü bir xarakter ömrünü başqlarının həyatına təcavüz etməklə keçirən Fuşya isə dələduzluq və anarxiyanın xelorik inikasıdır.

Fuşya qocalanda ətrafından sevgi və qayğı görə bilmir, hətta tənhalığa məhkum olur. Cüzam xəstəsi Fuşyanın cəhənnəm həyatı yaşaması Latın Amerikasının da insanda cəmlənən modelidir.

"Culya xala və ssenari müəllifi” Yosanın ən rəngli, ən romantik səhnələrlə zəngin şeirsəl prozasıdır.

Həmçinin avtobiqrafik roman olan “Culya xala və ssenari müəllifi” nostalji ilə modernliyin qarışığından yaranan estetik karnaval təsiri bağışlayır.

Əsərin qəhrəmanı 18 yaşlı Mario Vargas Perunun paytaxtı Limadakı Radio Panamericanada məlumat bürosunun müdiri işləyir. Əmisinin baldızı Culya xala qəfildən Limaya gələsi olur və onu qarşılayan Mario Culya ilə belə tanış olmuş olur.

Otuz altı yaşlı Culya bir dəfə evlənib boşanmış və varlı ər axtarışında olan əhli-kef bir qadındır. Asudə vaxtlarını Culya xala ilə əyləncə məkanlarında keçirən Mario onunla eşq macərası yaşamağa başlayır.

Mario və Culya macərasının mərkəzində Radio Panamericanada ssenari müəllifi işləyən Pedro Kamaço adlı yazıçı dayanır.

Pedro Kamaçonun müəllifi olduğu seriallar kütlə psixologiyasına hesablanan ucuz mətnlərdir.

Kamaço da öz növbəsində bundan istifadə edərək, epataj yazılarında kütlənin məişət dərdlərini unutduracaq fəndlər işlətməklə Radio Panamericanaya böyük dinləyici kütləsi qazandırır.

Culya və Marionun eşqbazlığı Kamaçoya serial mətnlərini yazmaq üçün material verir. 18 yaşlı Mario isə gələcəkdə böyük yazıçı olmaq arzusundadır.

Pedro Kamaçonun sənətə olan ehtiraslı bağlılığı hələ yolun başlanğıcında olan Marioda potensial sənət şövqü yaradır.

Mario Vargas Llosa, 2010
Mario Vargas Llosa, 2010

Yosa “Culya xala və ssenari müəllifi” ilə romanın daxilində roman yaradıb. Yosanın qələmə aldığı romanın özü bütövlükdə böyük, həqiqi sənətin mövcudluq və zəruriliyinə mesajdır.

Bir də Kamaçonun “serial romanı” var ki, ucuz, bayağı ədəbiyyatın hər zaman üçün populyar olmasına əyani faktdır. Deməli, yazıçı “Culya xala və ssenari müəllifi” romanında gerçək ədəbiyyatla populist ədəbiyyatın arasındakı fərqləri də müzakirə obyektinə çevirir.

Cülya xala hadisəsi yazıçı olmaq arzusu ilə yaşayan Mario Vargas Yosanı insan iradəsini basqı altında saxlamaq istəyən müəyyən konservativ gücləri ifşa edən və oxucunu düşündürən heyrətverici roman yaza bilməyə sövq etmişdir, eyni zamanda müəllifin xəyal gücü isə hadisələri oxumağa təhriq edən əsaslı vasitədir.

Yosa illər sonra bu romanı ilə bağlı belə yazacaqdı:

“Bir roman hər zaman yalan deyər nə deməkdir?

İlk romanım “Şəhər və itlər”in bəhs etdiyi “Pedro Lenosio Hərbi akademiyası”nın zabit və müdavimlərinin məktəblərinə böhtan atıldığını düşünüb romanımı yandırdıqları mənada deyil.

"Culya xala və ssenari müəllifi” romanımın ondan bəhs etdiyinə inanan və xəyal gücü vasitəsilə dəyişdirilən həqiqətləri düzəltmək üçün özü bir kitab yazan ilk arvadımın düşündüyü kimi də deyil.

Hər iki hekayətə də, təbii ki, xatirələrdən çox əlavələr, azdırmalar və şişirtmələr daxildir.

Onları yazarkən romanın daxilində və xaricində heç bir hadisə və insana sadiq qalmağı düşünmədim. Yaddaşımda hələ də canlı olan və xəyal gücümü dürtən ekprementlərlə başladım və materialın olduqca sədaqətsiz bir inikasını xəyal etdim”.

Yəni, Yosa yazdığı hər bir hərfi, simvolu belə qəlb və ağıl süzgəcindən keçirib ölümlü insanları ölümsüz sənətdə yaşatmağı xəyal edən və bunu həyata keçirən romançıdır.

Yosa ölümsüzlüyü qadınla kişiyə hər zaman eyni hüquqların verilməsi kimi dərk edir: “Ədəbiyyat cəhalət, ideologiyalar, dinlər, dillər və axmaqlığın qadınlarla kişilər arasına çəkdiyi sərhədləri kölgədə qoyur”.

Despot rejimlərə qarşı fərdi müqavimətlər, üsyan və məğlubiyyətlər

Yosanın “Maytanın tarixi” romanı Latın Amerikasında ilk siyasi postmodern mətndir.

Yazıçı bir tərəfdən iqtidarın zülmünü göstərərkən, digər yandan mədəni inkişafı məhv edən inqilab və üsyanların faciəsindən də söhbət açır.

Yosa Perunun daxili faciələri, daxili və xarici qüvvələrin bu ölkəni parçlamaq niyyətləri “Polomino Moleroyu kim öldürdü?” və “And dağlarında terror” romanlarında davam etdirir.

Bu romanlar həm də bütün bu baş verən hadisələrdən xəbərsiz gələcək nəslin faciəsi kimi mənalanır. Ədalətsiz bir cəmiyyətin gələcəyi yoxdur - fikri romanların ifadə etdiyi acı həqiqətlərdir.

Şübhəsiz ki, yazıçının ən böyük siyasi məzmunlu romanı isə “Keçi bayramı”dır. “Keçi Bayramı” 31 il Dominikan Respublikasını idarə edən diktator Rafael Truxilionun zülmündən bəhs edir.

Öz yaxınlarını və qohumlarını hakim dairələrə gətirən Truxilionun ona qarşı çıxan insanlara verdiyi zülmlər, təcavüzlər və qırğınlar olduqca polifonik bir üslubda qələmə alınıb.

Zərrəcə söz azadlığı, ədalət və demokratiyanın olmadığı bir ölkə və diktator təkcə Dominikan Respublikasında və Truxilio xarakterində cəmlənməyib, eyni zamanda despotizmin və diktatorluğun ümumi mənzərəsi çılpaq ədəbi boyalarla rəsm edilib.

Mario Vargas Llosa, 2010
Mario Vargas Llosa, 2010

Mario Varqas Yosaya Nobel mükafatı qazandıran da daha çox “Keçi bayramı”ndakı iqtidar qurluşunun dolğun portretini rəsm etməklə fərdi müqavimətlər, üsyan və məğlubiyyətləri təsvir etməsi olmuşdur.

“Keçi bayramı”nın digər romanlardan fərqi ondadır ki, sonda despot rejim məğlub olur.

Roman üç dövrdən bəhs edir, Truxilionun hakimiyyət dövrü, əvvəli və sonrası. “Keçi bayramı” hadisələri nəql edənlərin çoxsəsliliyinə görə “Yaşıl evi” belə, üstələyir.

Hadisələrin mərkəzində uşaqkən Dominikandan gedib Amerikada yaşayan Urania Kabralla Truxilio dayanır.

Truxilionun yaxın adamlarından birinin qızı Urania Kabral rejimə nifrət edən, uşaqkən dərin sarsıntılar keçirən, təcavüz travması yaşayan ziyalıdır.

Uranianın dilindən nəql edilən haisələrdə Truxilionun qəddarlığı və insanların ona qarşı yaltaq, muti davranışı bədii sözün maksimal əyarı ilə ifadə olunur.

Yazıçının nitqindən danışılan əhvalatlar isə diktatorun dəhşətli əməllərini sərgiləyir. Bir də suiqəsdçilərin dilindən verilən monoloqlar ölkənin xarakteriskasını mənalandırır.

Yosa “Keçi bayramı” ilə ədəbiyyatın insan düşüncəsinə təsir etmə nüfuzunu, bədii mətnin yeni struktur və əda ilə ürəkləri və ağılları fəth edə biləcəyini göstərdi.

Yazıçı fanatik və xaotik mühitdə “xəyal etmək, yazmaq və oxumaq”la qurtula biləcəyimizi bildirməklə yanaşı ədəbiyyatın hər zaman qanuni və qanunsuz senzuraların məhdudiyyəti altına alınmasını isə onun gücü və nüfuzundan ehtiyyat edilməsi ilə əlaqələndirir.

Erotizmin Yosa yozumu

“Yaşıl ev”də erotizmin bətnində gizlənən azadlıq fikirləri, “Culya xala və ssenari müəllifi”ndə yaşca və dünyagörüşcə fərqli olan insanları birləşdirən dəyərin erotizm olması və sənətin, ədəbiyyatın həqiqət duyğusuna sadiqliyi yansıdılır.

“Ögey ananı tərifləmək” və yaxud “Ögey ananı oxşamaq” romanında isə ifrat erotizmə qapı açılır. Yeniyetməlik çağında olan Alfonso ilə ögey anası Lukresia arasındakı cinsəl münasibətlər sərsəm şəhvəti injektə edən çılğın bir mətdndir.

Bir zamanlar Prustun “Sodom və Qomorra”da axtardığı itirilməyə məhkum olmuş tragedik erotizmin başqa bir ifrat yönü “Ögey ananı oxşamaq” romanında sözün orqazmına çevrilir.

Sonun başlanğıcı

Yosa ilk romanı “Şəhər və itlər”dən eşqin ən böyük kitablarından “Dəcəl qız”a qədər bütün əsərlərində yataq otaqlarında baş verən məhrəm seks oyunlarından siyasi gerçəkliklərə kimi insan həyatının bütün yönlərini cənnətlə cəhənnəm ortasında bir yerdə dayanaraq “ədəbiyyatın sehrli dəyənəyi” ilə döyəcləyir.

Bizlər isə cənnətin hardasa, əlçatamaz, ün yetişməz başqa bir yerdə olduğuna Yosa romanlarında şahid oluruq.

Əldən nə gəlir ki, “ədəbiyyatın sehrli dəyənəyinin” bir gün bizi xilas edəcəyini düşünərək “xəyal etmək, oxumaq və yazmağa” davam etməliyik. Bəlkə, bir gün cənnəti tapdıq!

XS
SM
MD
LG