- Yazıdan sonra həkimlərin kütləvi terroruna məruz qaldım. Söyüşün biri rəsmən bir qəpik. Təhqir, təhdid, hədə-qorxu. Nömrə qoyub söhbətə çağıran da oldu. Ölmədik bunu da gördük - həkimin yazarı yazıya görə razborkaya çağırmasını. Elə beləcə də yazmışdı: “Gəl səni başa salım həkim necə olur”.
Seymur Baycan
Cəlladın da balası var...
Təəccüblənmək limitinin bitdiyini düşünürsən. Düşünürsən gördüklərin daha bəsdir. Daha təəccüblənməyə ehtiyac yoxdur.
Axı bu qədər görməyin mənası nədir? Qurbanolduğum bununla nə demək istəyir? Sonra daha bir hadisə baş verir və başa düşürsən ki, yox tələsmisən, təəccüblənmək limitin bitməyib.
Hələ çox sözlərə və hərəkətlərə təəccüblənəcəksən. Görəsən, daha nələr görəcəyik, daha nələr eşidəcəyik. Bu proses hara qədər davam edəcək?
Bu cür qarmaqarışıq girişdən sonra mövzuya keçmək istəyirəm. Bu qarmaqarışıq girişə görə imkan varsa muəllifi bağışlayın. Özümdə deyiləm. Əhvalım çox pisdir.
Baş verənlərə sözlə münasibət bildirmək, düşüncələrini ifadə etmək günü-gündən çətinləşir. Artıq ədəbiyyat da kömək eləmir. Bəli, etmir.
Daha hansısa bir əsəri xatırlayıb əsərdə yazılanlarla ölkədə baş verənlər arasında paralellər aparmaq da mənasızdır. Çox mənasızdır.
Bir neçə ay bundan əvvəl Azərbaycan həkimləri haqqında “Ağ xalatlı cəlladlar” adlı bir yazı yazmışdım. Əslində həmin yazıda həkimləri təhqir etmək fikrində deyildim.
Yazıda onu demək istəyirdim ki, siz millətin ziyalılarısınız. Adamlara yol göstərmək, adamları maarifləndirmək, qorumaq əvəzinə millətin qəniminə çevrilmisiniz.
Onu demək istəyirdim ki, özünüzə hörmət edin. Görün sizi nə günə qoyublar. Sizə inam qalmayıb. Yazını oxumayanlar tapıb oxuya bilərlər. Yazıdan sonra həkimlərin kütləvi terroruna məruz qaldım.
Söyüşün biri rəsmən bir qəpik. Təhqir, təhdid, hədə-qorxu. Nömrə qoyub söhbətə çağıran da oldu. Ölmədik bunu da gördük - həkimin yazarı yazıya görə razborkaya çağırmasını.
Elə beləcə də yazmışdı: “Gəl səni başa salım həkim necə olur”. Bir başqası isə lap doqquzluğa vurmuşdu. Yazıya belə bir münasibət bildirmişdi: “Bunun içinə kim qoyub belə”.
Bunu bir həkim yazmışdı. Təsəvvür edirsiniz? Bu adam ağ xalat geyinir. Ziyalıdır. Həkimdir. Görün bizim taleyimiz kimin və kimlərin əlindədir.
Həkimlərin əsas arqumentlərindən biri də belə idi. Bizə yüz əlli manat maaş verirlər, balamız var, biz nə etməliyik?
Yaxşı arqumentdir. Bu mövzuya təzədən qayıtmazdım. Zatən “Ağ xalatlı cəlladlar” yazısından sonra başa düşdüm ki, onlar haqqında çox yüksək fikirdə olmuşam.
Vəziyyət daha dəhşətli imiş. Sadəcə jurnalist Rasim Əliyevin ölümündən sonra yenə bir dəstə həkimin hadisəyə münasibəti göstərdi ki, biz doğurdan da cəlladların əlində qalmışıq. Bu cəlladlardan biri jurnalistin xəstəxanada ölməsinə belə münasibət bildirmişdi: Xəstəxana ölmək üçündür.
Beləliklə, biz daha bir buddistik kəlam eşitdik. Nə deyəsən, nə yazasan. Yazılası bir şey yoxdu.
Əlin üzündə dayanıb bu həngaməyə baxmaq məcburiyyətindəsən. Amma yenə də sırtıqlıq ve heyasizliq edib iki məsələyə öz münasibətimi bildirməkdən özümü saxlaya bilmirəm.
Birincisi, əgər sənə yüz əlli manat maaş verirlərsə, bunun günahını özündə axtar. Yüz əlli manat səni qane etmirsə get başqa işlə məşğul ol.
Gərək elə camaatı bədbəxt edəsən? Özün-özünə dəyər verə bilmirsənsə başqalarını günahlandırma. İkincisi, ümumiyyətlə camaatımız “balam var” arqumenti ilə lap ağın çıxarıb. Yazının adından da göründüyü kimi cəlladın da balası var.
Balan var, lap yaxşı, amma bu balanı qeyri-insani əməllər törədib böyütməyin mənası nədir? Ola bilsin ki, qeyri-insani əməllər törədib bala böyütməyin bir mənası var.
Balam var deyib əməllərinə haqq qazandıranlar bala böyütmürlər, bir-birlərinə qurban böyüdürlər. Həkim müəllimin balasın yeyir, müəllim həkimin. Polis hər ikisinin.
Ola bilər. Hər şey ola bilər. Nə edirsinizsə edin, onsuz da hamı hər şeylə razılaşıb – sadəcə, lütfən susun.
Nə edirsinizsə edin, mümkünsə bircə danışmayın. Sakitcə işinizi görün.
Sizi and verirəm o balalarınızın canına, susun.
İçinizi çölə tökməyin. İndiki halda susmaq sizin insanlıq üçün edə biləcəyiniz ən böyük yaxşılıq olar.
Başqa bir tərəfdən dərindən fikirləşəndə görürsən ki, balam var deyib əməllərinə haqq qazandıranlar bala böyütmürlər, bir-birlərinə qurban böyüdürlər.
Həkim müəllimin balasın yeyir, müəllim həkimin. Polis hər ikisinin. Bir-bir bütün sənətləri sadalamağa həvəs yoxdu.
Beləliklə, adamlar bir-birlərinin balaların yeyib sonra da ağızları qana bulaşmış bir halda oturub biz niyə bu gündəyik - mövzusunda müzakirə aparırlar. Bizim millətin bədbəxtçiliyi ondadır ki, zad...
Ola bilsin heç bir muzakirə aparmırlar. Bəlkə də bayatı deyirlər.
Balama qurban inəklər.
Balam nə vaxt iməklər?
Balama qurban sərçələr.
Balam nə vaxt dirçələr?
Balama qurban alçalar.
Balam nə vaxt əl çalar?
Balama qurban ilanlar
Balam nə vaxt dil anlar?
Balama qurban yaylaqlar
Balam nə vaxt oynaqlar?
Balama qurban quzular
Balam nə vaxt qız alar?
Balama qurban buzovlar
Balam nə vaxt quş ovlar?
Balama qurban dayçalar,
Bu balam haçan əl çalar?
Balama qurban xalası,
Balam qızıl parası.
Balama qurban meyvələr,
Balam haçan evlənər?
Balama qurban daylaqlar,
Balam haçan oynaqlar?
(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)