Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 09:27

Ana, mən ona ərə getməyəcəm


Kamran Nəzirli
Kamran Nəzirli

- "Bax gör məni kimə nişanlamısız? - deyə qız əsəbi-əsəbi telefonu anasına uzatdı. - Özündən böyük qadınla yaşayır, hələ bir uşağı da var!"

Kamran Nəzirli

Qara nöqtə

(hekayə)

Ana qaz plitəsinin üstündə pıqqıldayan çaynikin qapağını götürdü; bir az əvvəl dəmlədiyi çay qaynayırdı.

İkinci dəfə də çayniki qoyub yataq otağına getdi. Tavanın ortasında qoz boyda qara nöqtəni süpürgəylə təmizləmək istəyirdi, bacarmırdı.

O gün açıq qalmış pəncərədən otağa qara eşşək arısı girmişdi, düz tavanın ortasına qondu; əri vurub öldürdü. Sonra nə qədər elədilər, ləkəsi getmədi.

İndi o ləkə qurumuşdu, qara nöqtəyə dönmüşdü. Ana o qara nöqtəni aparmaq üçün səhərdən əlləşirdi; gah kətilin üstünə çıxdı, əskiylə silməyə çalışdı, əli çatmadı, gah da gedib balkondan lif süpürgəsi gətirdi, qıraqlarına nəm əski bağladı, yenə alınmadı.

Əsəbi-əsəbi mətbəxə qayıtdı, gördü ki, iş işdən keçib, çaynik yenə qaynayır. Çay tilləri qapağın qıraqlarından tünd qırmızı rəngli qaynar suyla birlikdə qaz plitəsinin üstünə dağılmışdı.

Ana dilxor oldu, çayniki götürəndə barmaqlarının üçü də birdən yandı, ufuldadı, əlini soyuq suyun altına tutsa da, yanıq yerləri göynədirdi.

Qaynamış çayı unitaza töküb çayniki yaxaladı, yenə iki qaşıq quru çay, üstündən qaynar su tökdü. Qoydu qaz plitəsinin üstünə, gedib qara ləkəylə əlləşdi.

Ləkə nöqtə boyda olmuşdu, amma getmirdi ki, getmirdi. Ana bu dəfə də mətbəxə qayıdanda eyni mənzərənin şahidi oldu.

- Heyf oldu! Mənə nə olub? Yaddaşım qalıb ki? - söyləndi.

Yanmış barmaqları göynəyirdi. Firki özündə deyildi; görünür, buna səbəb heç o qara ləkə də deyildi, bayaqkı telefon zəngiydi. Bir az əvvəl qızı işdən zəng vurdu, həyəcanla, bir qədər də hiddətlə dedi:

- Ana, mən ona ərə getməyəcəm!

Ana ağzını açmağa belə macal tapmadı, qız dəstəyi yerə qoydu. Görünür, nəsə olub?! "Görəsən nə baş verib, hə? Allah, bunların başına ağıl qoy! Biabır olarıq! Axı nişan olmuşdu?! Bu-gün sabah toylarıdı! Necə yəni, getməyəcəm?! Özbaşınasan?".

Ana fikirli-fikirli gəzirdi. Gah yataq otağına girir, gah süpürgəni götürüb tavandakı qara ləkəylə əlləşir, balkona çıxıb-girir, gah da bədənnüma güzgünü silirdi.

Heç özündə deyildi. Bir azdan əri işdən gələcəkdi. Qəhvədanı qaynatdı, sonra çayniki dəmə qoyub yenə balkona çıxdı.

"Nişanı qaytarmaq? Bizdə belə şey olmayıb! Nişanı da qaytararlar? Bu hardan çıxdı?"

Ürəyində çox götür-qoy elədi, düşündü. "Günah Əşrəfdədi. O verdi qızı! Dedi, tanıyıram, uzaq qohumlardı! Qohumla da təzədən qohum olarlar?".

Özünə yer tapa bilmirdi. Bir yandan da barmaqları göynəyirdi. Heç bayaqdan bir elə diqqət vermirdi, indi barmaqlarına diqqətlə baxdı, suluq-suluq olmuşdu.

Üzük taxdığı barmağı lap pis yanmışdı. Barmağına elə bil ilk dəfəydi baxırdı. Aman Allah! Gör necə yanıb?! Üzüyü barmağından çıxarmaq istədi, bacarmadı. Ufuldadı.

Vanna otağına girdi, əlini sabunladı, sonra üzüyü yavaşca barmağından dartıb çıxartdı. Elə bil bu üzüyü də ilk dəfəydi görürdü.

Nişan üzüyü idi, iyirmi beş il bundan qabaq Əşrəf bağışlamışdı ona. Onlar düz iyirmi beş il bu üzüyü qorumuşdular, düz iyirmi beş il!

Bu üzüyün yaşı elə qızının yaşı qədərdir. Bu üzük onun barmağından çıxmamışdı. İşə bir bax! Amma bunlar... Bu cavanlara axı noolub belə?

Qapının zəngi çalındı. Qızıydı, bənizi qar kimi ağarmışdı. İçəri girən kimi hikkələndi, barmağındakı üzüyü çıxarıb dəhliz boyu tulladı.

- Zəng vur, gəlib aparsınlar, soxsunlar gözlərinə! - deyə bozardı. - Mən ona getməyəcəm!

- Qızım, sizə nooldu birdən-birə? Aranızda yel əsməzdi... Bu nə hoqqadır?

- Bax gör məni kimə nişanlamısız? - deyə qız əsəbi-əsəbi telefonu anasına uzatdı. - Özündən böyük qadınla yaşayır, hələ bir uşağı da var!

Ana heç nə başa düşmürdü, heç nə eşitmirdi. Elə bil barmaqlarının göynərtisi də getdi, ağrı-filan hiss eləmədi. Bir telefona baxdı, bir də öz otağına yüyürüb çarpayıya üzüqoylu uzanan qızına.

- Nə telefon, nə qadın?

- Ver bəri!- deyə qız cəld dikəldi və bir anlıq mobil telefonunun düymələrini qurdaladı, sonra telefonun ekranını anasının düz gözləri qarşısında tutub az qala ağlamsınaraq:

- Bax, həyasızlığın dərəcəsinə bax! Qadın özü göndərib mənə! - qeyzləndi.

Ananın gözləri bərəlmişdi. Onun gələcək kürəkəni özündən yaşca xeyli böyük bir qadınla qol-qola girib parkda gəzirdi, kolyaskadakı uşağın isə təxminən iki yaşı olardı. Özünü o yerə qoymadı, dedi:

- Paxıllıqdandı! Quramadı. İnanma!

- Necə yəni, inanma! Bayaq həmin qadın hamısını bitdə-bitdə mənə telefonda özü söylədi, hər şeyi danışdı. Dedi, Vüqardan əlini üz, o, mənimkidir! Vəssalam!

- Bəs sən Vüqarla danışmadın?

- O heç mənim zənglərimə cavab vermir!

- Sakit ol, qızım, atan bilməsin, ürəyi partlayar!

- Elə bu saat zəng vur anasına, gəlib şeylərini aparsınlar!

- Qızım, səbirli ol, mən belə şeylərə inanmıram... İndi o qədər şantajla məşğul olan adamlar var ki...

- Ana, özün görmürsən? Oğlan bu bir ayda bircə dəfə də olsun mənimlə maraqlanmayıb. Belə də nişanlı olar? Yox, mənim sözüm qətidir! Ondan mənə yar olmaz!

- Ay qızım, dayan bir görüm, qoy anasıyla danışım... Biabır olarıq el içində!

- Nə biabırçılıqdır ki?! Onun əli mənim əlimə belə dəyməyib! Rədd eləyin nişan üzüyünü getsin!

Ana həyəcanlandı. Gah qonaq otağına getdi, gah qızının otağına girdi, gah da mətbəxə qaçıb çaynikə baxdı.

Çaynik bu dəfə də qaynayıb tökülmüşdü qaz plitəsinin üstünə. Ana buna fikir vermirdi. Gic toyuq kimi ora-bura vurnuxurdu. Bilmirdi nə etsin, necə etsin.

"Yenə Əşrəf yaxşıdı, qoy gəlsin görək nə deyir! Yaxşı ki o var, olmasaydı neylərdi görən?" deyə ürəyində ərini düşündü.

Gecə yarıdan keçmiş əri gəlib çıxdı. Qız yatmışdı. Qadın oyaq idi, ərini hallı görüb qərara aldı ki, əhvalatı ona danışmasın. Lakin çarpayıya uzanan kimi dili dinc durmadı, dedi:

- Nazlı üzüyü qaytarmaq istəyir...

Kişi susdu. Qollarını başının altında çarpazlayaraq süzgün gözlərini tavana zillədi. Beləcə xeyli baxdı, baxdı, elə bil orda həmin o nöqtəni qaralamışdı, baxırdı.

- Vüqar özündən böyük qadınla yaşayır...

Kişi yenə susdu. Yenə tavanda qaraladığı nöqtəyə baxırdı. Arvada fikir vermirdi.

Qadın hövsələdən çıxdı. Bir qədər də əsəbi-əsəbi dilləndi:

- Sənnən deyiləm? Hələ uşaqları da var...

Kişi danışmırdı, susurdu. O, tavanın tən ortasındakı qara nöqtəni tuşlamışdı. Elə bil bu qara nöqtəni çoxdandı itirmişdi, indicə tapmışdı, əl çəkə bilmirdi o nöqtədən.

O qara nöqtədə ağappağ işıq gördü, sonra bu işıq alovlandı, sonsuzluğa doğru uçub getdi. Qadın gördü ki, kişidən səs çıxmır, elə bil dünya vecinə deyil kişinin, düşündü ki, yəqin çox içib, halı özündə deyil, könülsüz soruşdu:

- İşığı söndürüm?

......

- Çay içmək istəmirsən?

..........

- Bəlkə su gətirim, hə?

.......

- Bu gün işlərin necə gedib?

...Evə ölü sükut çökmüşdü. Qadın yavaşca yerindən qalxdı, işığı söndürdü, yenə qayıdıb yerinə girdi, yanmış barmaqlarını böyründə daş kimi yatan kişisinin alnında gəzdirdi. Yay gecəsinin bürküsünə baxmayaraq, kişinin alnı sopsoyuq idi.

Minsk, 6 iyun, 2015-ci il

XS
SM
MD
LG