- Rəhman Əlizadə
Şeirlər
Ocağın üstündə səs salır çaydan,
Qaynamaq istəyir,
Qaynayacaqdır.
Sərin xəyallarım qayıdıb Aydan,
Çaylamaq istəyir,
Çaylayacaqdır.
v
Qınından sıyrılıb
Par-par parladı
Lovğa buludların
Bom-boz ədasından
Cəzana gəlmiş
Qəzəbli şimşəyin
Gümüş tiyəsi.
Qorxdular, saraldılar,
Göyərdilər, qaraldılar,
Hönkür-hönkür ağladılar
Bir qırpımda buludlar.
Narın-narın,
Gildir-gildir,
Büllur-büllur
Dərd tökdülər
Gözlərindən buludlar.
Damla-damla,
Sərin-sərin
Zümrüd oldu
Qəzəbləri, nifrətləri,
Heyrətləri buludların.
v
Ürəyimin zarını
Çəkib təzə küpərmiş
Cavan tut ağacına,
Həvəsimi kökləyib
Tarım, sarı simlərdə,
Gözlərim nəmli-nəmli
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm sizə...
Çalışmıram soxulum
Zor ilə qəlbinizə,
Çalışmıram hissimi
Köçürüm hissinizə,
Çalışmıram əqlimi
Nəqş edim əqlinizə...
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm sizə,
Nəğmə deyirəm sizə...
Nəğməm şəffaf, şipşirin
Ətirli ağ tut kimi
Isti yay günlərində
Yanğınızı söndürər,
Köksünüzü yaşamaq
Eşqiylə döyündürər...
Nə şən, nə də çox həzin
Nəğmə deyirəm sizə,
Nəğmə deyirəm sizə...
v (Ömər Xəyyama)
Ağzı sınıq qırmızı küp
Qarnını verib qabağa
Baxır bəxtəvər-bəxtəvər mənə,
Qırmızı yarpaq açmış
Nar ağacının budaqlarının arxasından.
Baxıram qırmızı küpə,
Yaşıl otların arasında
Saralan qabsındıranlara,
Baharlı səmaya,
Qırmızı yarpaqlara...
Məndən sonra da kimsə
Eynilə beləcə baxacaq
Baxdıqlarıma, bir də
Vaxtı ilə şeirlər yazan,
Gözəllərin dodaqlarından mey içən
Təp-təzə qırmızı küpə.
v
Gözlərimi yumdum,-
Süzülsün qaranlıqdan
Nurlu misralarım
Yalqızlığıma.
Gözlərimi açdım;
Gördüm mürgüləyir
Qaranlıqda mənim kimi
Adamlar.
Çığırdım, fəryad etdim:
-Çıx ey günəş!
Işıqlandır bu aləmi-bağırdım!
Qəbristanlıqda diksinib qalxdı
Məzarlardan
Əcdadımın sümükləri.
Şaqqıldayıb, ağladılar,
Çürümüş həsrətlərini
Bayraq kimi sancdılar
Qaranlığın günbəzinə,
Öyüd verdilər mənə:
-Sev bala! Sevginən!
Alışıb kül olginən!
Qoy nurla dolsun qaranlıq
Aləmlə bizim qəbrimiz!..
v
Hardasan ey lamançlı Don Kixot?!
Sadiq silahdaşıyanın
Sançonu da götür gəl Mərdəkana!
Gəl qoşulaq bir-birimizə,
Mən də təkəm...
Gəl birgə axtaraq
Gözəl Dulsineyanı...
Bizdən bir məhəllə yuxarıda
Bir yabı var,
Mən də atılıb minərəm birtəhər bu yabının tərkinə...
Beli davam gətirər.
Çaparıq kənd boyu belədən-belə...
Gəl ey dostum Don Kixot,
Qəribsəmişəm burda...
Adamlar nağılsız, macərasız
Yaşayırlar...
Gəl macərayla, nağılla
Bəzəyək bu dünyanı.
v (Ramiz Rövşənə)
Şair olmaq istəyirəm,
Şair olmadığım çağlardakıtək;
Istəyirəm vəcdə gəlim,
Heyrətlənim, ləzzət alım
Gördüklərimdən,-
Qafiyəsiz, məzmunsuz, biçimsiz!
Istəyirəm, bu dünyanın
Mənasını
Gözəllərin şaqraq,
Ədəbsiz, asudə qəhqəhələrində
Görüm.
Istəyirəm ürəyimin ağrısını,
Sancısını,
Ömrümün, zəqqumunu, acısını
Alay-alay
Qarışqalar yay vaxtında
Yuvalarına daşısınlar-
Qışda yeyib can bəsləməkçün.
Şair olmaq istəyirəm,
Yanılmaqçın, aldanmaqçın,
Gecə-gündüz öz komamda
Xəyallarımın tonqalında
Yanmaqçın.
v
Gecənin son nəfəsidir...
Bir azdan dan söküləcək,
Qaranlıq çəkiləcək...
Quşlar civildəşib həşir salacaq.
Sərçələr içəcək yaşıl yarpaqlardan
Gecənin göz yaşlarını.
Gecənin dişləri tökülüb,
Səhərin beli bükülüb...
Nə gecəyə ümidim var,
Nə də səhərə.
Paxıllığım tutur
Inamla, ümidlə civildəşən
Xırdaca sərçələrə.
v
Qəlbimin ilməsindən
Boylandım ruhumun
Itimli-azımlı döngələrinə.
Gördüm bir səfeh oturub
Al günəşin altında
Ayaqyalın, başıaçıq.
Soruşdum: - Kimsən, burda nə edirsən?
Dedi: - Amandır, bərkdən danışma!
Izin ver, gizlənim ruhunda
Rişxəndcil, lağlağı, kobud adamlardan.
Sənallah, düymələ qəlbini,
Yoxsa harınlar şənlənmək üçün
Ilməyə keçirər azadlığımı.
Düyməni keçirdim ilməyə,
Düymələdim qəlbimi,
Yaşatmaqçın ruhumda daldalanan
Ayaqyalın, başıaçıq səfehi.
v
Mavi kasada buğlanırdı Ay...
Əlləri qoltuqlarında
Saçlarıyla qoruyub bəkarətlərini
Fələkdən övlad istəyirdilər
Sonsuz söyüdlər.
Qısılmışdıq bir-birimizə
Buğlanan Aydan,
Qısır söyüdlərdən,
Övlad arzusundan,
Tamam xəbərsiz.
Istədim şeir yazam...
Nə qələm var idi,
Nə də ağ kağız,
Nə məndə, nə səndə,
Nə də yan-yövrəmizdə.
Dodaqlarım yazdı dodaqlarına
Sonsuz şeiriyyətin
Bir misrasını...
v
Sənə qədər sevgilərim
Arzu idi, xəyal idi.
Uydurduğum şeirlərim
Öz gözümə,
Öz özümə
Sorğu idi, sual idi.
Sənə qədər duyğularım
Uyğu idi, yuxu idi,
Sənə qədər yuxularım, uyğularım
Öz gözümdə,
Öz-özümdə
Cəbr idi, qorxu idi.
Indi sənə, yoluxmuşam,
Ömürbillah doluxmuşam,
Sənə qədər
Sevgilərimi,
Şeirlərimi,
Duyğularımı,
Uyğularımı,
Yuxularımı,
Qorxularımı
Tövbə edib
Məhəbbət dini bulmuşam,
Mən-Sən olub yox olmuşam.
v
Ey mənim məsuməm,
Mənim mömünəm,
Kaş səni müşrüklərin,
Kafərlərin əlindən
Alıb aparaydım
Kərbəla çölünə -
Imanımızın xeyməsində
Sevəydim səni
Qiyamətəcən.
v
Mən tələsdim...
Yaman tələsdim...
Tələsib tez gəldim...
Çox tez gəldim...
Sən yubandın...
Yaman yubandın...
Yubanıb gecikdin...
Çox-çox gecikdin...
Səni gözləməkdən yoruldum...
Tez gəldiyimçün
Tez də gedəcəyəm...
Gəlib görməyəcəksən məni...
Amma gözləyəcəksən...
Həmişə gözləyəcəksən...
Nə mən suçluyam tələsməyimdə,
Nə sən günahkarsan yubanmağında...
Eh...
Kaş bir vaxtda gələydik
Sən də,
Mən də
Dünya adlanan-görüşümüzə.