Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 11:02

Siyavuş Novruzov: Biz sözümüzün ağasıyıq


Siyavuş Novruzov
Siyavuş Novruzov

-

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov parlament seçkilərinə hazırlıqla bağlı AZƏRTAC-a müsahibə verib. Müsahibəni ixtisarla təqdim edirik.

- Ölkəmizdə seçkiqabağı mühit normaldır, ictimai-siyasi sabitlik, mükəmməl seçki sistemi mövcuddur. Azərbaycanın beynəlxalq standartlara cavab verən seçki qanunvericiliyi var və bu Seçki Məcəlləsi ilə azad, şəffaf və demokratik seçkilər keçirmək tam mümkündür. Ötən illərin təcrübəsi də bunu deməyə əsas verir. Eyni zamanda, artıq bir sıra siyasi partiyalar da seçkilərdə iştirak edəcəklərini bəyan ediblər və hazırlıq işlərini aparırlar. Azərbaycanda keçirilən bütün seçkilərdə mübarizə aparan tərəflərə bərabər imkanlar yaradılır. Bu baxımdan qarşıdan gələn parlament seçkilərində də belə olacaq. Artıq yaxın zamanlarda parlament seçkilərinə rəsmi start veriləcək.

- Yeni Azərbaycan Partiyası noyabrda keçiriləcək parlament seçkilərinə necə hazırlaşır?

- Bütövlükdə biz partiya olaraq seçki kampaniyasına rəsmi start verilməmişdən xeyli əvvəl hazırlıq işlərinə başlayırıq. Bu mənada YAP-ın İdarə Heyəti seçkilərə hazırlıqla bağlı fevral ayında qərar qəbul edib.

Bir müddət öncə Milli Məclisə seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahı yaradılıb. Hazırda YAP Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin zona müşavirələri keçirilir, həmin müşavirələrdə müvafiq tövsiyə və tapşırıqlar verilir.

Əvvəlki seçkilərdə əldə etdiyimiz təcrübəni, yeni seçki texnologiyalarını qarşıdan gələn parlament seçkilərində tətbiq etməyi düşünürük. Bunun əsasında biz həm dünya praktikasını öyrənirik, həm də öz təcrübəmizi təkmilləşdiririk.

Məlumat üçün bildirim ki, Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlərinin qeydiyyata alınması üçün imza toplayacaq 1250 şəxs müəyyənləşib. Seçki Məcəlləsinə əsasən, namizədin qeydiyyata alınması üçün 450 seçici imzası toplanmalıdır və 10 faiz də artıq imza vərəqi verilir. Bu da təxminən 500 imza edir. Bir vərəqdə isə 50 imza olur. Ona görə də 125 seçki dairəsinin hər birinə 10 nəfər imza toplayan şəxs təhkim etmişik.

- Budəfəki seçkilərdə YAP-ın platformasında yeniliklər varmı?

- Qarşıdan gələn parlament seçkilərində də seçki platformasında yeniliklər əksini tapacaq. Burada Azərbaycanın qazandığı uğurlar qeyd olunmaqla yanaşı, ölkəmizin inkişafı ilə bağlı gələcək hədəflər, qarşıda duran məqsəd və vəzifələr, qanunvericilik məsələləri və s. mühüm məqamlar vurğulanacaq… Konkret olaraq YAP-ın parlament seçkiləri ilə əlaqədar platformasına gəlincə, bu, qanunvericiliyə uyğun olaraq seçki kampaniyasının təbliğat-təşviqat mərhələsində açıqlanacaq.

- Seçkilərdə xarici müşahidəçilərin iştirakı ilə bağlı hər hansısa dəyişiklik gözlənilirmi?

- Ümumiyyətlə, Azərbaycanda seçkiləri müşahidəçi etmək üçün prosedurlar çox sadədir. Bunun nəticəsində də hər seçkini minlərlə müşahidəçi izləmək imkanı qazanır. Məsələn, fakt üçün deyim ki, 2013-cü il oktyabrın 9-da keçirilən prezident seçkilərini on minlərlə yerli, 1400 nəfərə qədər isə beynəlxalq müşahidəçi izləmişdi.

Avropa Şurası Parlament Assambleyası, Avropa Parlamenti, Müstəqil Dövlətlər Birliyi, TürkPA, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, ATƏT Parlament Assambleyası və digər bir sıra beynəlxalq qurumların müşahidə missiyaları ölkəmizdə keçirilən seçkiləri izləyirlər.

Yeni Azərbaycan Partiyası da ölkəmizdə keçirilən bütün seçkiləri daha çox beynəlxalq müşahidəçilərin izləməsinin tərəfdarıdır. Çünki bununla, dünya ictimaiyyəti Azərbaycanın demokratik dövlət olduğunun, seçkilərin isə azad, şəffaf və ədalətli keçirildiyinin şahidi olurlar. Doğrudur, bəzi təşkilatların müşahidə missiyaları seçkinin necə keçirilməsindən asılı olmayaraq, onun demokratikliyinə kölgə salmaq istəyirlər. Biz əvvəlki təcrübələrdən bunu görmüşük. Amma belə təşkilatlar çox deyil və onların qərəzli hesabatları ciddi qəbul olunmur. Eyni zamanda, hansısa təşkilatın seçkilərin nəticələri haqqında rəyi Azərbaycan xalqının iradəsinə təsir edə bilməz. Artıq bunu həmin qüvvələr də anlayırlar ki, qeyri-obyektiv hesabatlar hazırlamaqla heç bir şeyə nail ola bilməyəcəklər. Çünki seçki məsələsində Azərbaycan xalqının iradəsi və mövqeyi bizim üçün əsasdır.

- Seçkilərdə YAP-ın qələbəsini şərtləndirəcək amillər barədə nə deyərdiniz?

- Qeyd edim ki, Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə böyük inamla gedir. Bu inam üçün bizim kifayət qədər əsaslarımız var. Partiyamızın sədri, cənab Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın sürətli inkişafı, qazanılan uğurlar seçkilərdə qələbəmizi şərtləndirən əsas amildir. Ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün uğurla həyata keçirilir. Azərbaycan Prezidenti İlham Əliyevin bu siyasəti layiqincə davam etdirməsi nailiyyətlərimizi ildən-ilə artırır.

Bu gün elə bir sahə yoxdur ki, orada inkişaf baş verməsin. Azərbaycan inkişaf baxımından region dövlətləri arasında ön sıralardadır. Son parlament seçkilərindən keçən beş ilə nəzər salsaq, bu dövrdə ölkəmizdə çox böyük dəyişikliklər baş verib. İqtisadiyyat artıb, əhalinin rifahı yüksəlib, Azərbaycan dünyada söz sahibi olan dövlətə çevrilib, regionlarımız sürətlə inkişaf edir, bölgələrdə sosial məsələlər həll olunur və s. Bu gün Azərbaycan nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrilib. İlk Avropa Oyunlarının yüksək səviyyədə təşkil olunması və keçirilməsi bunun əyani göstəricisidir.

Yəni, biz beş il əvvəl seçkilərə gedərkən insanlara verdiyimiz vədlər yerinə yetirilib. Ən əsası odur ki, Azərbaycan dövləti milli maraqlarımıza uyğun siyasət həyata keçirir və bu da xalqımız tərəfindən birmənalı olaraq dəstəklənir.

XS
SM
MD
LG