Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:11

İnsanların bir-birini aşağılamaq sevdası


Tural Şahtaxtinski
Tural Şahtaxtinski

- "Yəni doğrudanmı cəmiyyət bir insanın alçalmağına, təhqir olunmağına bu qədər maraqlıdır?!"

Tural Şahtaxtinski

Alçalıramsa, mən də alçaltmalıyam

Bir müddət Bakının “qara” ərazilərinin birində yaşamışam, orada daimi getdiyim kafedə iki bir-birini sevən gənc ofisiant işləyirdi.

Amma bu işi qəbullanmayan insanlar onları heç rahat buraxmırdılar. Hər gün gözümün önündə oğlanın əsəb keçirdiyinin, ora gələn müştərilərin, oğlanın tanışlarının ofisiant xanımı alçaltdığının şahidi olurdum.

Balaca bir kafedə düz gözümün önündə dostlarının ofisiant oğlanı necə pərt etdiklərinin şahidi olmaq elə o xanımla birgə sanki məni də alçaldırdı.

“Qəhbəni müdafiə etmə”, “Onu sevirəm deməklə özünü hörmətdən salma”, “Bir qız ki, ofisiant işləyir, onun nəyini sevirsən?!” - kimi sözləri eşidən oğlanın əsəb keçirmələri, o sözləri deyən dostları ilə mübahisə etmələri - bunlar hamısı iki insanın faciəsi demək idi. Hələ gələn müştərilərin acığa, xanım ofisianta ilişməkləri, söyüş söyməkləri və.s.

Təsəvvür edin, küçədə böyümüş, məktəb, bağça, ev, ailə görməyən, eyni zamanda uşaqlıqdan hər cür əziyyətə qatlanıb pul qazanmağa məcbur qalmış iki gəncin bir-birini sevməsi faciəyə çevrilmişdi.

Əslində dost da yox, sadəcə onları tanıyan tanışlar demək olar. Burnunu hər işə soxmağa maraqlı, murdar xasiyyətləri ilə öyünən insanlar o gəncləri boğaza yığmışdı.

Bir müddət ora getmədim, o insanların faciəsini izləmək mənə həqiqətən çox ağır gəlirdi, sonra qərara aldım ki, gedib o gənclərlə danışım, onlara dəstək olum.

Amma gedəndə artıq oğlanın tək işlədiyini gördüm. Çox keçmədi, qərara gəldim ki, oğlanla söhbət edim. Çox sakit, mədəni bir insan idi, amma mənimlə bu mövzuda danışmaq istəmədi, sadəcə dedi ki, bir həftədən sonra maaşımı alıb, mən də gedirəm sevgilim işlədiyi yerə.

Bu sözlərdən sonra bir sual məni çox düşündürdü: “Axı bu insanlar hara gedəcəklər?”

Yəni bilirlərmi ki, hara getsələr, bu faicə onları tərk etməyəcək? Bu cəmiyyət onları məhv edəcək, bu cəmiyyət sevə-sevə iki gəncin həyatını zibilə çevirməkdə maraqlıdır. Hara getsələr, bu insanların qarşısına çıxacaqlar.

Bu günlərdə sosial şəbəkələri zəbt edən bir videonun şahidi oldum. Ofisiant bir xanımı bir oğlan vurub, təhqir edir. Məni videoda izlədiklərimdən daha çox üzən cəmiyyətin reaksiyası oldu.

Yəni doğrudanmı cəmiyyət bir insanın alçalmağına, təhqir olunmağına bu qədər maraqlıdır?! Heç kim o oğlana artıq bir söz demirdi, hər kəs xanıma gülür, təhqir edirdi.

Bakının küçələrində qalmış minlərlə xanım var ki, onlar ofisiant işləməyə məcbur qalır. Məcbur qalır o deməkdir ki, hələ də ofisiantlıq işinin normal bir iş olduğunu dərk etməyən insanların əhatəsindədirlər.

Elə yuxarıda haqqında danışdığım xanım kimi məktəb, bağça, normal ailə görməyən bu insanlar bir də işlədikləri sahədə insanlar tərəfindən demək olar ki, hər gün alçaldılır.

Onlara bir xoş üzlü müraciət edən görmürəm. O insanlar təcavüzə də məruz qalırlar, söyülürlər, döyülürlər, alçalırlar, amma buna səsləri çıxmır. Çünki həyatın belə olduğunu qəbul edirlər.

Zamanla özləri də bu insanların xasiyyətini mənimsəyir, onların düşüncəsinə sahiblənirlər. “Alçalıramsa, demək, alçaltmalıyam!”

Mən o videoya baxıb əslində hər iki tərəfin bəbbəxt olduğunu gördüm. Hər iki gənci cəmiyyət bu hala salıb, onlar başlarına gələn bu işləri, belə yaşamağı, belə düşünməyi ətrafdakı insanlardan mənimsəyiblər. Onlar belə yaşamaqdan zövq alırlar.

Ümumiyyətlə, oğlan, ya qız fərq etmir, ofisiant işləmək Azərbaycan kimi bir ölkədə çox ağırdı, amma bu işdə daha çox xanımlar əziyyət çəkirlər.

Məsələ bir insanın küçədə böyüyüb, təhsil almayıb, ailə görməyib ofisiant işləməsində deyil, eyni hadisələr ali təhsilli insanların da başına gəlir.

Məsələ cəmiyyətdə insanların bir-birini aşağılamaq sevdasındadır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG