Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 06:15

Məzahir Pənahov seçkilərə start verdi


MSK sədri Məzahir Pənahov
MSK sədri Məzahir Pənahov

-

Avqustun 29-da Mərkəzi Seçki Komissiyası (MSK) Milli Məclisə seçkilərin keçirilməsi ilə bağlı tədbirlərin Təqvim Planını təsdiqləyib.

Təqvim Planına əsasən, namizədlərin irəli sürülməsi avqustun 29-dan başlanır.

Namizədin qeydə alınması ilə bağlı seçki sənədləri sentyabrın 12-dən oktyabrın 2-si saat 18:00-dək dairə seçki komissiyalarına təqdim edilməlidir.

Seçkiqabağı təşviqata oktyabrın 9-da start veriləcək.

Seçkilərdən bir gün öncə təşviqat dayandırılacaq.

Prezidentin sərəncamına görə, seçkilər bu il noyabrın 1-də keçiriləcək. Seçki kampaniyası iki ay davam edəcək.

MƏZAHİR PƏNAHOVDAN MÜŞAHİDƏÇİLƏRƏ ÇAĞIRIŞ: «EŞİTDİYİNİZİ YOX, GÖRDÜYÜNÜZÜ YAZIN»

Bundan sonra Mərkəzi Seçki Komissiyası fəaliyyətini daha da gücləndirməlidir.

Trend-in məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov Komissiyanın avqustun 29-da keçirilən iclasında deyib.

O bildirib ki, bu gün seçkilərin keçirilməsində kifayət qədər nailiyyətlər əldə edilib: «Hesab edirəm ki, seçkilərə uğurla başlayırıq. Bütün şərait var. Ölkədə ictimai-siyasi sabitlik var, ictimaiyyət kifayət qədər maarifləndirilib, seçkilərin təşkilində peşəkar insanlar var».

M.Pənahov seçkilər zamanı hansısa xoşagəlməz halların baş verə biləcəyini də istisna etməyib:

«Milyonlarla insan səs verir. Burada xoşagəlməz halların olması təbii haldır. Ancaq seçki komissiyaları üzvlərinin işi ondan ibarətdir ki, bu cür hallara vaxtında və adekvat reaksiya versin».

M.Pənahov bildirib ki, seçkilərə aidiyyəti olan bütün qurumlar, o cümlədən yerli və beynəlxalq müşahidəçilər bu məsələdə öz töhfəsini verməlidir, hər kəs konstruktiv əməkdaşlıq etməlidir.

M.Pənahov həmçinin yerli və beynəlxalq müşahidəçilərə çağırış edib. O bildirib ki, Seçki Məcəlləsinin tələblərinə əsasən, müşahidəçi ancaq özü gördüyünü qeyd etməlidir:

«Müşahidəçi nəyisə başqasından eşidirsə, onu qeyd etməlidir ki, o bunu özü görməyib, eşidib. Eşidilib yazlan məsələ müşahidə deyil. Müşahidəçinin vəzifəsi yalnız öz müşahidə etdiyi məntəqə ilə bağlı məlumat verməkdir. Bütün tərəflər konstruktiv əməkdaşlıq etmək niyyətini ortaya qoymalıdır. Hamı çalışmalıdır, əlindən gələn işi görməlidir ki, seçkilərin nəticələri şübhə doğurmasın. Ola bilsin ki, mən beynəlxalq qurumlara bununla bağlı rəsmi məktub yazım».

XS
SM
MD
LG