Keçid linkləri

2024, 29 Dekabr, bazar, Bakı vaxtı 23:38

Lavrov-un Bakı səfərinin pərdəarxası


Sergei Lavrov
Sergei Lavrov

-

«Yüz cinayətdə adı keçən şahidlər…» - 2 sentyabr Azərbaycan mediasının icmalı.

KREML MİLLİ MƏCLİSDƏN ÖZÜNƏ «KVOTA» İSTƏYİR

«Yeni Müsavat» qəzeti Rusiyanın xarici işlər naziri Sergei Lavrov-un Azərbaycana 1 sentyabr səfərini təhlil edib. Qəzet nazirin Bakı səfəri öncəsi baş verənlərə diqqət çəkir:

«S.Lavrov-un Azərbaycana gəlişindən bir gün öncə rusiyalı işadamı, neçə müddətdir Azərbaycan qanunlarını pozaraq ailəsi ilə birgə Şuşaya köçən German Sterligov Moskvada, «Domodedovo» hava limanında saxlanılıb, onun Rusiya sərhədlərini tərk etməsi qadağan olunub. Bununla da Sterligov-un Şuşadan Bakını təhdid etməsi, erməniləri məmnun edən müxtəlif layihələr həyata keçirməsinə son qoyulmuş olur. Güman olunur ki, bu dəfə Moskva Azərbaycanı incitməmək üçün Sterligov-un əl-ayağını «buxovlayacaq». Lavrov-un səfəri ərəfəsində «Milyarderlər ittifaqı»nın aparıcı simalarından biri, baş nazirin keçmiş 1-ci müavini Abbas Abbasovun Rusiya Azərbaycanlılarının Federal Milli Mədəni Muxtariyyəti «Azərros»dan istefa verdiyi haqda xəbərlər yayıldı. A.Abbasovun istefa verməsini bəzi siyasi təhlilçilər təsadüfi saymır. Hesab edilir ki, Azərbaycan hakimiyyətinin artıq siyahıdan sildiyi, Bakı ilə körpüləri yandırmış bir şəxsi himayəsində saxlamağın sərfəli olmadığını düşünən Moskva da A.Abbasovla yollarını ayırıb».

Qəzet daha sonra yazır ki: «Bəzi müşahidəçilər bu jestlərin qarşılığında Rusiyanın Bakıdan ciddi istəklərinin olduğunu qeyd edirlər. Xüsusilə də Rusiya Müdafiə Nazirliyinin «Zvezda» telekanalının bir müddət öncə yaydığı məlumata diqqət çəkənlər var. Həmin xəbərdə deyilir ki, Rusiya bir neçə il əvvəl tərk etdiyi Qəbələ RLS-in əvəzində Azərbaycanda yeni hərbi baza tikməyə hazırlaşır. Rəsmi Bakının olduqca ehtiyatla yanaşdığı bu məlumatın məhz indi, NATO-nun Gürcüstanda möhkəmlənməyə başladığı bir dövrdə tirajlanmasının arxasında ciddi hədəflərin olduğu iddia olunur. Və belə bir ərəfədə Lavrov Bakıya gəlir...».

Nəqliyyat naziri Ziya Məmmədov və İlham Əliyev.
Nəqliyyat naziri Ziya Məmmədov və İlham Əliyev.

NƏQLİYYAT NAZİRLİYİ LƏĞV OLUNA BİLƏR

«Azadlıq» qəzeti yazır ki, parlament seçkilərindən sonra Nəqliyyat Nazirliyi ləğv oluna bilər.

Redaksiyanın əldə etdiyi məlumata görə, «yuxarılar» artıq bu quruma lüzum görmür. Nazirlik nəqliyyat siyasətini həyata keçirən qurum kimi özünü doğrultmayıb:

«Digər tərəfdən onsuz da Nəqliyyat Nazirliyinə tabe olan bəzi qurumlar faktiki olaraq müstəqilləşib. Bu sırada AzAL-ı və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyini göstərmək olar. Cavid Qurbanov «Azərbaycan Dəmir Yolları» QSC-yə rəhbər təyin edildikdən sonra demək olar ki, bu qurum da müstəqilləşib. Bundan başqa paytaxtda yol tikintisi Bakı şəhər İcra Hakimiyyətinə, qəsəbə daxili yolların salınması bələdiyyələrə tapşırılıb. Yol tikintisi ilə bağlı ayrıca bir qurum da var: «Azəryolservis». Doğrudur, bu qurum Nəqliyyat Nazirliyinə tabedir. Lakin onun da müstəqil quruma çevrilməsi ilə bağlı planlar var. Sərnişindaşımaya gəlincə, paytaxtda bu sahə Bakı şəhər İcra Hakimiyyətinə verilib. Beləliklə, demək olar ki, Nəqliyyat Nazirliyi formal bir quruma çevrilib».

YÜZ CİNAYƏTDƏ ADI KEÇƏN ŞAHİDLƏR...

«Bizim yol» qəzeti çoxsaylı cinayət işində adları keçən hal şahidlərindən yazır. Qəzet iddia edir ki, Azərbaycan hüquq-mühafizə orqanları hal şahidlərini maliyyələşdirir:

«Azərbaycanın hal şahidləri institutunda ciddi nöqsanlar var. Bunun nəticəsində vətəndaşların hüquqları pozulur, vəzifəli şəxslər tərəfindən sui-istifadə hallarına yol verilir. Məhkəmələrdə bir şəxsin bir neçə hadisədə hal şahidi kimi cəlb olunması halları çoxalıb. Vəkillər onları «ştatdankənar əməkdaşlar» və yaxud «ştatlı hal şahidləri», təqsirləndirilən şəxslər isə «işverən» və «üzəduran» adlandırırlar.

Məhkəmə zalı.
Məhkəmə zalı.

Bir şəxsin bir neçə hadisədə hal şahidi kimi cəlb olunması halları əsasən vergi və narkotik cinayətlərində rast gəlinir. Hüquq-mühafizə orqanlarının əməkdaşları onları adətən məhkəmədən gizlətməyə cəhd göstərirlər».

Redaksiyanın mövqeyini öyrəndiyi ekspertlər tamamilə etibardan düşmüş bu institutun ləğvini vacib sayırlar. Elmi-Praktik Hüquq Mərkəzinin eksperti, sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, əməliyyatçılar adətən qanunu pozmaqla əməliyyat istintaq tədbiri həyata keçirdiyindən, məhkəmədə hal şahidlərinin iştirakını təmin etməklə qanunsuz hərəkətlərini sığortalatdırırlar.

«…HEÇ BİR BEYNƏLXALQ NORMAYA SIĞMIR»

«Separatçı Dağlıq Qarabağ rejiminin sentyabrın 13-də «seçkilər» keçirməyə qərar verməsi heç bir beynəlxalq normalara sığmır». Bu fikri yap.org.az saytına Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

S.Fətəliyeva bildirib ki, müvafiq beynəlxalq təşkilatlar bu məsələ ilə bağlı mövqelərini ortaya qoymalıdırlar. Onun fikrincə, qanunsuz seçkilərin keçirilməsi münaqişənin həlli istiqamətində aparılan danışıqlara ciddi maneədir.

XS
SM
MD
LG