Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 19:16

Cəbhədə artan erməni təxribatlarının daha bir pərdəarxası


Qarabağda erməni əsgəri.
Qarabağda erməni əsgəri.

-

«Yeni Müsavat» qəzeti yazır ki, atəşkəsin daha çox Qarabağ cəbhəsində deyil, Ermənistan-Azərbaycan sərhədində pozulması səbəbsiz deyil:

«Ötən günlərdə yazdığımız kimi, Ermənistanın daha çox həmsərhəd bölgələrimizi, özü də mülki əhalimizi hədəfə alması konkret məqsədlərə hesablanıb.

Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov qəzetimizə dedi ki, erməni tərəf Azərbaycanın Ermənistanı artilleriya ilə atəşə tutmasını istəyir: «Ermənistan istəyir ki, Azərbaycan artilleriyası məhz Ermənistanı atəşə tutsun və bundan şou düzəltsinlər. Lakin istənilən halda bütün məsuliyyət Ermənistanın üzərindədir. Düşmən son itkilərə görə çox qəzəblidir və onlar bunun əvəzini çıxmaq üçün müxtəlif təxribatlara əl atacaqlar. Odur ki, bizim ordunun şəxsi heyəti son dərəcədə diqqətli və ehtiyatlı olmalıdır».

«Atlas» Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu vəziyyəti «Yeni Müsavat»a şərh edərkən bildirdi ki, Ermənistanın Azərbaycana qarşı təxribatların miqyasını artırmasını təsadüfi saymır. Üstəlik, o xatırlatdı ki, Ermənistanın ağası Rusiya bu təxribatlara görə strateji müttəfiqinə bir söz belə demir: «Sanki elə belə də olmalıdır. Axı, sözdə Moskva Azərbaycanı «dost dövlət» adlandırır. Belə olan halda dostuna qarşı bu təxribatlara niyə göz yumur, niyə təsirindəki dövlətin əl-ayağını yığışdırmır? Görünür, marağı yoxdur. Misal üçün, Rusiyanın xarici işlər naziri Sergei Lavrov Bakıya səfər etdi. Mənim üçün bu səfərin əhəmiyyətsiz olduğu əvvəlcədən bəlli idi. Lavrov az qala hər il Bakıya gəlir, bunun Dağlıq Qarabağ münaqişəsinin həllinə zərrə qədər də müsbət təsiri olmur».

İlham Əliyev
İlham Əliyev

YENİ TƏYİNATLARLA BAĞLI YENİ TƏFƏRRÜATLAR

«Azadlıq» qəzeti ölkə başçısı Ilham Əliyevin son yerdəyişmələrindən yazır. Söhbət Abşeronunun icra başçısı Zakir Fərəcovun Sumqayıta, bu şəhərin rəhbəri Eldar Əzizovun Səbailə, Səbailin başçısı Asif Əsgərovun isə Nəsimi rayonuna göndərilməsindən gedir.

Qəzet yazır ki, bu qəfil yerdəyişmələrə səbəb prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun iri şəhərləri nəzarəti altına almaq istəyi olub: «Ən iri şəhərlərdən olan Gəncə artıq bir neçə ildir ki, Bəylər Əyyubovun nəzarətindədir. Lakin general ölkənin ikinci böyük şəhəri olan Sumqayıtı da nəzarətə götürmək iddiasında olub və cəhdləri boşa çıxmayıb. Komandasına daxil olan Zakir Fərəcovun bu şəhərə rəhbər təyin olunmasına ölkə başçısının razılığını ala bilib. Lakin hakimiyyətdəki başqa bir qruplaşma bu işə mane olmağa cəhd edib. Bu qruplaşma şərti olaraq «komsomol qruplaşması» adlanır. İddialara görə, qruplaşmanın rəhbəri Prezident Administrasiyasının ərazi idarəetmə şöbəsinin müdiri Zeynal Nağdəliyevdir».

Xəzərdə neft platforması.
Xəzərdə neft platforması.

NEFT ŞİRKƏTLƏRİNDƏ KÜTLƏVİ İXTİSARLAR

«Bizim yol» qəzeti yazır ki, «qara qızıl»ın dəyərdən düşməsi kütləvi işsizlik yaradır. Qəzetin yazdığına görə, «Statoil»un Azərbaycan nümayəndəliyində işçilərin sayı 40 nəfərdən 10-15 nəfərə qədər düşüb. Habelə, Azərbaycan Dövlət Neft Şirkətində (ARDNŞ) köklü ixtisarların aparılması davam edir.

Bu isə ölkədə işsizlik problemini dərinləşdirə bilər. Ona görə də ixtisarların nə zamana kimi davam edəcəyi sual yaradır.

Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı «Bizim Yol»a bildirdi ki, hazırda neft şirkətlərinin əksəriyyətində işçilərin ixtisarları aparılır və ən azı ilin sonuna kimi bu proses davam edəcək: «Çünki nəinki neftin qiyməti ucuzlaşıb, eyni zamanda hasilat kəskin şəkildə düşüb. Bu ilin ilk yarısının məlumatına görə, «Azəri-Çıraq-Günəşli» yatağında hasilat 16 milyon ton olub. Hər kəsin diqqəti neftin qiymətindədir, amma onun bahalaşması belə ixtisarları dayandıra bilməyəcək. Çünki hasilat da ildən-ilə aşağı düşməyə başlayıb».

Prezident seçkisi - 9 oktyabr 2013
Prezident seçkisi - 9 oktyabr 2013

AZƏRBAYCANDA KEÇİRİLƏN SEÇKİLƏR DƏ PROBLEMSİZ ÖTÜŞMÜR

«Azərbaycanda 5 milyondan artıq seçici var». yap.org.az yazır ki, bunu Mərkəzi Seçki Komissiyasının sədr müavini Natiq Məmmədov deyib.

N.Məmmədov bildirib ki, bütün ölkələrdə olduğu kimi, Azərbaycanda keçirilən seçkilər də problemsiz ötüşmür. Onun fikrincə, seçki elə bir prosesdir ki, burada seçicilərin hamısının hüquqlarının təmin edilməsi asan məsələ deyil.

«2010-cu ildə keçirilən parlament seçkilərində MSK-ya daxil olan şikayətlərin sayı 267, 2013-cü ildə keçirilən prezident seçkilərində isə 19 olub. Bu, isə özlüyündə müsbət haldır. Ölkədə hər il seçki ilə bağlı təkmilləşdirmə işləri aparılır. Seçkidə iştirak edən 5 milyon seçicidən 50-100 nəfəri narazı qala bilər. Buna baxmayaraq, biz azlıqda qalan şəxslərin də şikayətlərini və müraciətlərini araşdırmalıyıq»- N.Məmmədov vurğulayıb.

XS
SM
MD
LG