- "Yaxşı... əgər sizin cənnət məsələsinə gücünüz çatmırsa, cəhənnəmə də razıyam... Amma, yüngül rejimli..."
Nəcəf Talıbov
O dünya
- Alo! Sizi “Qaqelbank”ın p-p-p-problemli kreditlər şöbəsindən narahat edirəm.
Tfuuuuuuuuuuuuuu...............
- Alooooooooooo!!!!
Danışığı kəsdim. Qoy bir az əziyyət çəksin...
Hər şey çox murdar idi: günəş şəfəq saçırdı, hava sərin idi... sərçələr cikkildəşirdi, göyərçinlər quruldaşırdı... Bəşəriyyətin problemləri veclərinə olmayan uşaqlar oynayırdı...
Hətta həyatı boyu blokun qabağında nəfəsləri kəsilənədək onun–bunun qeybətini qıran tükəzbanlar da sakitcə dünya böhranından necə çıxmaq barədə bir-birlərinə yol göstərirdilər.
Küçəyə çıxdım. Telefon yenə zəng çaldı. Neyləyim? Cavab verim, ya yox?
Telefonun ekranı işləmirdi, sınmışdı.
Küçəni keçmək istədim.
Birdən xeyirli adam zəng edər... “Hə” düyməsini basdım.
- Alooo!!! Niyə cavab vermirsiniz? Sizin kreditin müddəti.....
Birdən günəş söndü – hər tərəf qaaaaap-qaranlıq oldu.
- Qonşunu maşın vurduuuuuuuuuuuu............
Yüz faiz yaxındakı mağazanın sarıbaş satıcısıdır!
- Hansı qonşunu? – Bu isə mağaza sahibinin hörültüsüdür.
- Bizdən nisyə sosiska-çörək götürən!!!
- Bay onu...
Şükür Allaha! Məni xatırlayan olacaq!
Sonrası yadımda deyil.
***
Uzuuuun bir koridordayam. Sonda işıq görsənir. Yəqin ki, ölmüşəm.
Amma – başım işləyir axı... Deməli – sağam!!!
Axı məni maşın vurdu! Özü dı pis yerimdən!!! Ancaq ağrımır. Deməli – ölmüşəm!!!
Sağam axı...
Ölənə də oxşayıram. Əynimdə paltar-zad-da yoxdur. Koridor da bir məzəlidir.
Yox!!! 100% ölmüşəm!!!
Koridorla gedirəm. Daha doğrusu – ayaqlarım aparır.
Ölmüşəm- sağam! Ölmüşəm- sağam! Ölmüşəm- sağam! Ölmüşəm- sağam!
Koridorun sonu.. İrəlidə uçurum var. Üstündən də napnaaaaaaaaaaaaaaazik körpü....
Qonşu fatmanisələrdən hansısa söyləmişdi ki, adam öləndə, at tükü nazikliyində körpüdən keçməlidir. Keçə bilsə - deməli, günahı-filanı yoxdur, cənnətlikdir.
Mənsə yıxıldım....
Yıxılmadım ey!!! Dombalaqlandım!!!!!! Təpəsi aşağı!!!
O... fatmanisənin sözünə görə, yıxılan – birbaşa qaynayan qır qazanının içinə düşür.
Əvvəlcə gözümün qabağına cin–şeytanların iri-iri çəngəllərlə məni necə sökmələri gəldi. Sonra isə yadıma saciçi düşdü- pomidorlu, badımcanlı... antrekot tikələrlə...
Yıxılmadım. Asılı qaldım.
Yenə koridor. Yenə körpü.
Yenə dombalaqlandım.
Yenə asılı qaldım.
Beşinci, ya altıncı dəfə acıq edib körpüyə çıxmadım. Ağzımı çevirib, koridorda gəzməyə başladım.
Ölmüşəm? Sağam?
Aha!!! Gözümə bir qapı dəydi. Amma cəftəsiz.
Qapıni döyməyi unutdum. İçəri keçdim.
İçəridəkilər mənə yaman təəccüblə baxdılar. Düşündüm ki, yəqin qapını döyməməyim xətirlərinə dəyib.
Bir az... belə.. qəribə... görsənirdilər ey... qanadları var idi...
- Sən kimsən? Bura necə düşübsən? Lövhəni görmədin?
Azca qaldı and içəm ki, qapının üstündə lövhə-zad yox idi. Dədəmin göru...
- Ha-ha-hansı lövhəni?
- " Ha-ha-hansı, Ha-ha-hansı "! "Kənar şəxslərə giriş QADAĞANDIR!"
Kimsə güldü.
- Y-y-yox...
- Pah atonnan, yenə çırpışdırıblar!!!
Bu dəfə gülən çox oldu.
- Sakit!- Zəhmli səs komanda verdi. - Kimsən və bura necə düşmüsən?
- Bilmirəm. Maşın vurdu. Koridorla gəldim, körpüdən keçmək istədim... cənnətə...
- Yıxıldın, eləmi? – Kimsə lağla soruşdu.
- Hə...
Qanadlılar öz aralarında qar-qur elədilər.
Zəhmli səs dedi:
- Məsələ aydındır! Qocanı çağırın, kadrına yiyəlik eləsin!!!
Qanadlılar yenə xısınlaşdılar.
Bir qoca peyda oldu. Əbada, başı örtülü. Əlində də dəryaz.
- Bu da mən!
- Səninkidir! Azıb bura gəlib! Apar!!!
Qoca peysərini qaşıdı:
- Apara bilmərəm, rəis! Bu mənlik deyil!
Zəhmli səsi olan qanadlı irəli çıxdı. Orta boylu, saçı-saqqalı dümağ. Amma dərisində bir dənə də qırış yoxdur.
- Necə yəni"mənlik deyil"? Maşın vurub, körpüdən keçə bilməyib... Deməli səninkidir... yolda aradan çıxmaq istəyib. Iki-üç il əvvəl də belə şey olmuşdu.
- İki-üç il? Dəqiq?
- Olsun iki-üç... yüz milyon... Olub ki? Yadında olar!
- Yox, xatırlamıram...
- Lap huşsuz olmusan... Yaxşı, nə fərqi... Yiyəlik elə malına!!!
Dəryazlı qoca başını yellədi:
-Yox, rəis! Bu ölməyib! Siyahılari yoxladım, beləsini mənə təhvil verməyiblər...
Ölməmişəm???
Ətrafa nəzər saldım: otağın ucu-bucağı görünmürdü... nə divarları, nə də tavanı var idi. Ayağımın altına baxmağa qorxdum – birdən döşəməsi də olmazdı...
Anlamadım: ölməmişəm?
Bu qanadlılar da qəribə şeylərdir: adama oxşamılar. Bəlkə də oxşayırlar. Nə bilim ey, lap çaşmışam. Zorla dilləndim:
- Cənablar (Qanadlılar donquldandılar - deməli ondan deyillər)! Yoldaşlar (Bundan da deyillər)! Vətəndaşlar (Heç bundan da deyillər)!
Deməli, bunlar insan deyillər? Elə-sevindim ki...
- Qardaşlar!
- Səndən bizə qardaş olmaz!!!
- Siz kimsiniz?
- Sənə nə!!!
- İnsansınız? Yoxsaaaa.... başqa planetdən gəlmisiniz?
- Yox!!! Biz- mələyik!!.
- Bəs onda burada neyləyirsiniz?? - Düşünüb, cəsarətlənib və bir az da həyasızlaşıb soruşdum.
Nətəhəri hay-haray qopduuuuuu!!!
- ...bir buna bax!
- ...rədd edin buradan...
- ...sırtıqlığın dərəcəsinə bax...
- ...qir qazanına!!! Bi başa qır qazanına!!!
Daha kəskin ifadələri özümə aid etməyib qulaqardına vurdum.
- Mən ölməmişəm!
Susdular. Davam etdim:
- ... amma... amma.. olmali oldumum yerdə deyiləm!!!
- ....
- .... və buraya öz istəyimlə düşməmişəm...
- Tutaq ki, hə! Nə olsun ki? - Zəhmli səs - mələklərin böyüyü dedi.
- O olsun ki, siz mənim hüquqlarımı pozmusunuz!!!
Sakitlik çökdü!!! Hamısı birdən mumladılar!!!
Bir az da həyasızlaşdım:
- Azadlıq hüququmu!!! Siz... Haaqa Konvensiyasını pozmusunuz!!! Birləşmiş Millətlər Təşkilatının nizamnaməsini!!! Cenevrə konvensiyasını (deyəsən, ağ elədim, amma qanadlıların üzlərindən oxudum ki, onların belə şeylərdən başları çıxmır)!!! Siz məni - ölməmiş bir gümahsız... hm.. fağır insanı - o dünyaya salmısınız!!!
- Bura - bu dünyadır. Burada o dünya - sizin yaşadığınızdır!- Zəhmli səs bir az asta dabana qoydu. - Cənin bura ..ee.. gətirilməyin barədə isə... eee.. yuxarı orqanlardan əlavə məlumat gözləyirik..
- Mən gözləmək fikrində deyiləm!!! Əsassız olaraq məni azadlıqdan məhrum etmisiniz!! Mənə hədsiz böyük zərər vurmusunuz!!!
- Nə zərər? - Kimsə lağla soruşdu. - Maddi? Sənin ki, o dünyada borcdan başqa heç nəyin olmayıb...
- Siz və sizin... ee.. həmkarlarınız (şükür, lazımi sözü tapa bildim), mənim iradəmə zidd olaraq, hüquqlarımı pozaraq bura salmaqla, mənə hədsiz dərəcə böyük mənəvi zərər vurmusunuz!!
Sükut!!! Özü dı necə!!!
O vaxt başıma çuqun tava ilə vurmasaydılar (harada və kim - maraqlı deyil) və nəticədə eşitmə qabiliyyətim zəifləməsəydi, yəqin ki, qanadlıların beyinlərindən necə gücənə-gücənə işləməsini eşidərdim...
- Mən təzminat tələb edirəm!!!... - Sözümü bitirdim.
Yenə də sükut. Mələklər susurlar. Mənim öhtəmdən gəlmək hər oğulun işi deyil!!!
- Təzminat? Nə istəyirsən?
- Məni cənnətə göndərin!!!
Hamısının ağzı açıq qaldı! Əbalı ağsaqqalın isə dəryazı əlindən düşdü..
Bir azdan - yəqin ki, özünə gələndən sonra – baş mələk astadan dedi:
- Bizim belə səlahiyyətimiz yoxdur...
- Cənnətə göndərmək səlahiyyətiniz? - Soruşdum, guya ki, fikrə getdim və dedim: - Yaxşı... əgər sizin cənnət məsələsinə gücünüz çatmırsa, cəhənnəmə də razıyam... Amma, yüngül rejimli...
Qanadlıların gözləri nəlbəki boyda olmuşdu!!!
- Buna da səlahiyyətimiz çatmır... – Başçı günahkarcasına dedi... – Həm də yüngül rejimli cəhənnəm yoxdur.
Mərdimazarın evi yıxılsın! Biri uça-uça özünü içəri soxdu:
- Bu... nadürüstün barəsində məlumat gəldi!!!
- De görək? Bu nə haqq-hesabdır? – Qanadlılar xorla soruşdular.
- Bu şoqərib reanimasiyadadır! Gah ölür, gah dirilir! Ona görə də asılı qalıb! Nə o tərəflik olub, nə də bu tərəflik!!!
- Bəs nə edək?
- Heç nə! Məsələ həllini tapıb!!! Onu geri qaytarırlar!!! O dünyaya!!!
Qanadlılar dərindən nəfəs aldılar:
- Bu sırtığa bu da azdır!!!
Dizləri üstə çökdüm:
- Qardaşlar! Vətəndaşlar! Cənablar! Yoldaşlar!!! Məni ora qaytarmayın! Cəhənnəmə salın, cəhənnəmə! Razıyam!
Ağsaqqal gülümsədi, başımı sığalladı, çevirib arxama – belimdən bir az aşağıya yaaaaxşı bir təpik vurdu:
- Get alə, hüquqları pozulmuş həşərat! Uç burdan Haaqa konvensiyasına!!!
- O dünyaya getmək istəmirəəəəm!!!!!!!!
***
Sakitlik. Gur işıq. Mülayim səs:
- Doktor, xəstə özünə gəldi...
- Hə? Möcüzədir ki!!! Gözlərini açdı?
- Gözlərini də açdı, hətta danışdı da...
- Nə dedi?
- “O dünyaya getmək istəmirəm”.
- Hm... can şirin şeydir. Ona de ki, qorxmasın- daha o dünyaya gedəsi olmadı.
- Doktor, yeri gəlmişkən, bu sizin telefon deyil?
- Yoox, nədir ki?
- Onda yəqin ki, xəstəninkidir. Sanitar gətirdi. Dedi ki, kimsə zəng edibmiş, deyib ki, krediti təcili ödəmək lazımdır, yoxsa məhkəməyə verəcəklər.
O dünyada necə də gözəl idi... Dərd yox... Azar yox... Kredit yox...
26-10-2014