-
Tacikistan hakimiyyəti paytaxt Düşənbənin şərqindəki Ramit dərəsinə əlavə hərbi qüvvə yerləşdirib.
Sentyabrın 4-də Tacikistanın müdafiə nazirinin müavini Abduhalim Nazarzoda-nın başçılıq etdiyi yaraqlılar Düşənbədən 20 kilometr şərqdə yerləşən Vaxdat şəhərindəki Daxili İşlər İdarəsinə və respublikanın Müdafiə Nazirliyinin mərkəzi aparatına hücum ediblər. Hücum nəticəsində 8 milis əməkdaşı həlak olub. Eyni zamanda, 9 yaraqlı öldürülüb və daha 6 yaraqlı isə ələ keçirilib. Dəstənin başçısı Nazarzoda sayı hələ bəlli olmayan tərəfdarları ilə Ramit dərəsi istiqamətində geri çəkilib.
Ölkənin Daxili İşlər Nazirliyi güc strukturlarının vəziyyətə tam nəzarət etdiyini bildirib. Prezident Emomali Rahmon Xoca Halim kimi tanınan Abduhalim Nazarzoda-nı cinayətdə ittiham edərək dövlət postundan qovub.
Eyni zamanda, Tacikistanda qadağan olunan İslam İntibahı Partiyası Abduhalim Nazarzoda-nın bu qurumda üzvlüyü haqda məlumatları təkzib edib. Partiya rəhbərliyi bildirib ki, Tacikistan qanunlarına görə, hüquq-mühafizə orqanlarında çalışanlar və hərbi qulluqçular siyasi partiyalarda təmsil oluna bilməzlər. Partiya baş verənləri «hüquq-mühafizə orqanlarının daxili problemi» adlandırıb.