-
Rusiyada mübahisə doğuran yeni qanun artıq qüvvəyə minib.
Söhbət rusiyalılara aid şəxsi məlumatların Rusiya ərazisində saxlanılmasını tələb edən qanundan gedir.
Sentyabrın 1-dən qüvvəyə minən qanuna əsasən, internet operatorları Rusiya vətəndaşlarına aid məlumatlarla bağlı əməliyyatların Rusiya ərazisindəki serverlərdən aparılmasını təmin etməlidir. Bu qanun ortaya bəzi suallar çıxarıb – bu, dünyanın ən iri internet şirkətlərinə və onların xidmət etdikləri müştərilərin konfidensiallığına təsir edəcəkmi və bu qanun səmərəli şəkildə necə tətbiq oluna bilər?
Bu qanun Rusiyada bir qrup şəxs arasında narahatlıq yaradıb. Onlar bu qanunun ölkədə fikir azadlığını məhdudlaşdıracağından ehtiyatlanırlar. Çünki hazırda Rusiyada yerli KİV-lə müqayisədə internet ictimai müzakirələrin aparılması üçün daha çox müraciət olunan forum rolunu oynayır.
Harvard Kennedy Məktəbinin Belfer Mərkəzində layihə direktoru olan Michael Sulmeyer deyir ki, Rusiya kompyuter istifadəçilərinin şəxsi məlumatlarına daha çox nəzarət etməyə çalışan ilk ölkə deyil.
Amma, onun dediyinə görə, “ən çox israr edən məhz Rusiyadır və son dövrlərdə bu ölkədə baş verənləri nəzərə alanda, bu, heç də təəccüb doğurmur”.
Keçmiş prezident, hazırda baş nazir olan Dmitry Medvedev-in rəhbərliyi dövründən fərqli olaraq 2012-ci ildə Vladimir Putin-in yenidən prezidentlik kürsüsünə qayıdışı ilə hökumətin internetə münasibətində bir soyuqluq yaranıb. Ötən il Putin açıq-aydın interneti “Mərkəzi Kəşfiyyat İdarəsinin layihəsi” adlandırıb.
Tənzimləyicilər bloqçulara qarşı tələbləri də sərtləşdiriblər. onlardan oxucu kütləsi və ya ardıcılları müəyyən həddi keçərsə qeydiyyatdan keçmələri tələb olunur.
Bu ilin əvvəlində Rusiyada media üzərində nəzarəti həyata keçirən agentlik – Roskomnadzor Vikipedianın rus saytını qapatmaqla hədələyib, çünki bu saytda marixuana ilə bağlı məlumat yerləşdirilib.
Yeni qanuna əməl etməyən şirkətlər qara siyahıya salınacaq və 5000 dollar civarında cərimə olunacaqlar. Roskomnadzor internet provayderlərə qanunu pozanları bloklamağı da tapşırıb.
“DİBƏ DOĞRU”
Yeni qanunun aparıcı beynəlxalq internet şirkətlərinə şamil olunub-olunmayacağı və ümumiyyətlə konkret hansı şirkətlərə aid edilməsi hələ ki aydın deyil.
Rusiyada yerləşməyən kompaniya və xidmətləri bu ölkə öz qanununu icra etməyə necə məcbur edə bilər?
Roskomnadzorun məlumatına görə, Rusiyada işləyən bir neçə xarici şirkət əməliyyatlarını qanunun tələblərinə uyğunlaşdırmağa artıq razılaşıb. Onların sırasında Ebay, PayPal, Lenovo və Samsung-un adları çəkilir.
“Rusiyada yerləşməyən kompaniya və xidmətləri bu ölkə öz qanununu icra etməyə necə məcbur edə bilər?” – deyə “Electronic Frontier Foundation” qeyri-kommersiya şirkətinin beynəlxalq direktoru Danny O'Brien sual edir.
“Əgər Rusiya Facebook və Google-dan öz ərazisində daxili server tələb edirsə, onda digər ölkələri də eyni tələb irəli sürməkdən nə saxlayır?” - Danny O'Brien əlavə edir və deyir ki “Bu, sadəcə quyunun dibinə doğru aparan bir yarış olardı”
FACEBOOK QANUNA TABE OLMAQ NİYYƏTİNDƏ DEYİL
Qanuna tabe olmaq niyyətində olmayanlar arasında Facebook sosial şəbəkəsinin adı keçir. Rusiyanın “Vedomosti” qəzeti avqustun 26-da yazıb ki, mərkəzi ABŞ-da yerləşən sosial media nəhənginin bu qanuna tabe olmaq fikri yoxdur.
Roskomnadzor öz bəyanatında qeyd edib ki, rəhbərlik Facebook nümayəndələri ilə görüşüb, amma nəticə barədə məlumat verilmir.
Mərkəzi qərargahı Kaliforniyada yerləşən Facebook AzadlıqRadiosuna bu barədə şərh verməkdən imtina edib. E-mail müraciətə belə bir cavab yollayıb: “Bizim hökumət rəsmiləri ilə bu barədə görüşümüz olub və indiki mərhələdə deyəcək sözümüz yoxdur”.
“Microsoft”dan isə bildiriblər ki, yeni qanun yalnız bəzi xidmətləri üçün keçərlidir və şirkət buna əməl edəcək.
Əksər iri şirkətlər kimi Google da sözügedən yeni qanunla bağlı şərh verməkdən imtina edib. Sualları cavablandırmaqdan imtina edənlər arasında IBMvə eBay də var.
“AXMAQ NORMATİV AKT”
Rusiya bloqosferinin xaç atası sayılan Anton Nossikin dediyinə görə, Rusiya internet provayderlərindən biri artıq mərkəzi San Fransiskoda olan online arxiv saytını bloklayıb. Bloklamanın məhz yeni qanunla bağlı olub-olmaması bəlli deyil.
Anton Nossik yeni qanunu “əyri bitmiş axmaq normativ akt” adlandırıb və deyib ki, hüquqi nöqteyi-nəzərdən yanaşanda da bu qanunun faydası tualet kağızının faydası qədərdir.