Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:41

YARATından kənarda, müstəqil, azad şəkildə


Günel Movlud
Günel Movlud

- "İlahi, bu adamlar niyə belə edirlər. Qəsdən edirlər, ya səviyyə budur. Görəsən, özləri nə etdiklərini bilirlərmi? Bilirlərsə, niyə belə edirlər."

Günel Mövlud

Xalq və ziyalı

Rəssam, karikaturaçı Gündüz Ağayevin son aylardakı uğurları təkcə sevindirmir. Həm də heyrətə salır.

Təsəvvür edin ki, neftin, Avropa Oyunlarının, diasporanın, qara və qırmızı kürünün tanıda bilmədiyi ölkəni bir karikaturaçı dünyada tanıtmağa başlayır.

İşləri dünya mətbuatında, milyonluq izləyiciləri olan məşhur səhifələrdə “azərbaycanlı rəssamın əsərləri” kimi təqdim edilir. Hollivud aktyorları, musiqiçilər, rəssamlar, bir sözlə, dünyada özünü təsdiqləmiş sənət adamları heyranlıq, dəstək məktubları yazır.

Bəs özümüzünkülərin bu uğura reaksiyası necə olur. Lağlağı, qeyri-ciddi münasibət, ən yaxşı halda “sən kimsən axı”, “oğlumun şəklini çəkə bilərsən” kimi məsuliyyətsiz, əttökən yanaşma.

Gündüz Ağayev
Gündüz Ağayev

Rəssamın səhifəsində azərbaycanlı izəyicilərin böyük əksəriyyətinin yazdıqları şərhlərə, münasibətə baxırsan.

Adam sadəcə utanır. Utanıb ölmək, yerə girmək istəyir.

İlahi, bu adamlar niyə belə edirlər. Qəsdən edirlər, ya səviyyə budur. Görəsən, özləri nə etdiklərini bilirlərmi? Bilirlərsə, niyə belə edirlər.

Özü də dərd burasındadır ki, sadə “obıvatel”dən tutmuş, sənət adamına qədər hər kəs var bu adamların arasında. O adamlar da var ki, başqa vaxt, başqa situasiya, başqa rəssam olsaydı, onun bu uğurunu olmazın pafosla, yana-yana, boğazı cırırla-cırıla təqdim edərdilər. Təriflər yağdırar, mədhləri göyə qaldırardılar.

Gündüz müstəqil, azad sənət adamı deyil, kiminsə sifarişli rəssamı olsaydı, qəyyumu, hamisi oliqarx, nazir, məmur olsaydı, təsəvvür belə eləmək çətindir ki, indi ondan hansı mətbuat orqanları, hansı imzalar yazır, kimlər onun barəsində danışır, televiziyalarda hansı orgiya baş alıb gedirdi.

Müəllif: Gündüz Ağayev
Müəllif: Gündüz Ağayev

Amma Cəbrayıllı-Londonlu “turistin” ölkəmiz barədə danışdıqlarını bəh-bəhlə yayınlayan televiziya, mətbuat məhz azad adamdır, “uğurlu xarici və daxli siyasətimiz”i dəstəkləmir, hətta arada tənqid etmək cəsarətini də tapır deyə, onun uğurları barədə həddən artıq hündürdən susurlar.

Görmək istəmirlər.

Doğrudan da, sən ordan YARAT yarat, layihə düzəlt, iş apar, pul xərclə, vaxt xərclə, təbliğat apar, ziyafətlər qur, əlində şampan qədəhi xarici qonaqlara ali dəyərlərdən, yüksək sənətdən danış, sorağı gedib heç Biləcəriyə də çatmasın.

Amma heç bir yatırım edilməyən, qəyyumu, hamisi olmayan, Biləsuvardan gəlmiş bir oğlan cəmi 3 silsilə ilə dünya mətbuatına çıxsın, tanınsın.

Sənin dəstəyin olmadan, sənin miyonlarından, siyasətindən, təbliğatından, YARATından kənarda, müstəqil, azad şəkildə. Ağır dərddir, amma bunun səbəbini anlamamaq daha ağır dərddir.

Uğurun, davamlılığın, aktual mövzunu hiss etməyin sirri, “qaval daşı” sənətkar azadlığındadır. Sən ona lap sifariş, göstəriş, əmr vermədən, tam azadlığını tanıdığını elan edib, himayənə al, nəsə bir problemi çıxacaq.

Hardasa qırılacaq, hardasa utanacaq, hardasa özünü narahat hiss edəcək, bir sözlə, əvvəlki kimi alınmayacaq.

Müasir rus yazıçılarından Tatyana Tolstayanın “Şair və ilham pərisi” adlı balaca bir hekayəsi var. Gözəl, qlamur bir qadın yarı-səfil həyat sürən, amma olduqca istedadlı şairə vurulur. Düşünür ki, şairi himayə eləsə, ona rahat, arxayın, qayğısız həyat təqdim eləsə, şair ümumiyyətlə, dahi olacaq, yaradıcılığı çiçəklənəcək.

Amma o, şairə ərə gedib, bu həyatı ona tanıyandan sonra şair xəstələnib ölür. Çünki çevrəsindən, vərdişlərindən, ən əsası isə azadlığından uzaq düşür.

Uzun sözün qısası, sənətkar qadının, kişinin, hakimiyyətin, oliqarxın, nazirin, pol ağacı alverçisinin “bəsləmə”si olanda, onda sənətkarlıqdan az şey qalır. Bax, bunu anlaya bilmirlər. Pul töküb, yazılar yazdırıb, piar aparıb, şair, rəssam, yazıçı yetişdirmək olmur.

Xırda bir üzrxahlıq qeydi: Sözün doğrusu, uzun-uzadı müşahidələrdən sonra bu qərara gəldim ki, doğrudan da, hansısa məsələdə mənsub olduğum toplumun nə reaksiyası, nə münasibəti barədə heç bir proqnoz vermək mümkün deyil.

Biz heç vaxt anlaya bilmərik ki, bizimkilər harda səmimi, harda yalançıdırlar, harda kövrək, harda daşürəkdirlər, harda doğrudan da bilmirlər, harda bilib, özlərini bilməzliyə vururlar, harda şair, harda prokuror, harda rektor, harda adamdöyəndirlər.

Buna görə də indi deyəndə ki, bunun səbəbini anlamamaq ağır dərddir, tez də peşman oldum. Bəlkə də bilirlər, bizi dolayıblar.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG