Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:08

YAP-ın seçki siyahısı niyə yubanır?- [Açıqlama]


-

"Azərbaycan mentaliteti, adət-ənənəsi belədir ki, ata oğlunun xatirinə öz vəzifəsindən imtina edir, belə də ola bilər."

"Kimlərsə tələsir, ola bilsin, ancaq nə Yeni Azərbaycan Partiyası tələsir, nə də qanun bizi tələsdirir".

"Münaqişənin qızışmasını səbəb gətirib seçkini təxirə sala bilərlər"

“VAXTIMIZ VAR”

“Hakim Yeni Azərbaycan Partiyası siyahı açıqlamağa tələsmir. Bizim yetərincə vaxtımız var”.

YAP Siyasi Şurasının üzvü, partiyanın mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev AzadlıqRadiosuna belə deyir. “Hakim partiya deputatlığa namizədlər siyahısını açıqlamağa niyə tələsmir?” sualımıza cavab olaraq:

- YAP İdarə Heyətinin növbəti iclası keçiriləcək və burada partiyadan irəli sürüləcək namizədlərlə bağlı yekun qərar veriləcək.

- İdarə Heyəti nə zaman toplanacaq?

- Yaxın günlər ərzində.

- İdarə Heyətinin toplanmasına nə mane olur? Siyahı ilə bağlı problemlər var?

- Yox. Kimlərsə tələsir, ancaq Seçki Məcəlləsinə görə bizim namizəd irəli sürmək üçün kifayət qədər vaxtımız var. Ona görə də biz tələsmirik hələ. Qanun bizi tələsdirmir. Kimlərsə tələsir, ola bilsin, ancaq nə Yeni Azərbaycan Partiyası tələsir, nə də qanun bizi tələsdirir. Qanun bizə kifayət qədər imkan verir.

“20 İLDİR EŞİTDİYİMİZ TANIŞ SÖZLƏR”

Mətbuat yazır ki, siyahı hazır olsa da, bəzi adlarla bağlı fikir ayrılıqları var, ona görə də onun açıqlanması Prezident Administrasiyası tərəfindən gecikdirilir.

Mehman Əliyev
Mehman Əliyev

“Turan” İnformasiya Agentliyinin direktoru Mehman Əliyev də bu cür düşünənlər sırasındadır. O, “musavat.com”a deyib ki, YAP-da rəhbər şəxslər parlament seçkilərində təmsil olunacaq namizədlərin siyahısını hazırlayırlar və bu siyahının nə zaman açıqlanacağı onların istəyindən asılıdır:

Prezident Administrasiyasında siyahını hazırlayan şəxslər var və onlar müəyyənləşdirirlər ki, siyahıda kimlər olsun. Siyahının niyə gecikdirilməsi sualına da ən dəqiq cavabı onlar verə bilər

“Prezident Administrasiyasında siyahını hazırlayan şəxslər var və onlar müəyyənləşdirirlər ki, siyahıda kimlər olsun. Siyahının niyə gecikdirilməsi sualına da ən dəqiq cavabı onlar verə bilər”.

Mehman Əliyev YAP-ın yeni siyahısında dəyişikliklərin olacağını istisna etməyib. Onun qənaətincə, bunu ölkədə neft erasının bitməsiylə başlanan yeni situasiya tələb edir.

Siyahıda yeni adların olub-olmaması haqda YAP yetkilisindən - Hüseyn Paşayevdən heç nə öyrənə bilməsək də, o, Mehman Əliyevin “siyahının Prezident Administrasiyasında hazırlanması” haqda söylədiklərinə münasibət bildirir: “Bu iyirmi ildir eşitdiyim tanış sözlərdən başqa bir şey deyil”.

KİMLƏR DEPUTAT OLMAYACAQ

YAP-ın siyahısında adını görmək istəyənsə, deyəsən, çoxdur. Ancaq bəziləri bu imkandan məhrum ola bilərlər. Məsələn, özünün və oğlunun adı nurçularla bağlı hallandırılan Rəbiyyət Aslanovanın son bir ildəki susqunluğunu nəzərə alanda onun deputatlığa namizədliyinin irəli sürüləcəyinə şübhə edənlər ola bilər.

Sabiq YAP fəalı Gülər Əhmədova da parlament seçkiləriylə bağlı qalmaqallı videodan və həbsə düşməsindən sonra parlamentlə birdəfəlik vidalaşıb. Bundan başqa, Əli Əhmədov, Mübariz Qurbanlı kimi YAP-çılar da tutduqları yüksək vəzifələrə görə, Milli Məclislə yollarını ayırmalı olublar.

Amma iddialılar hər zaman var. Partiyanın qurucularından sayılan, “91-lər”dən biri, bir neçə il öncə hakim partiyanı tənqid etdiyinə görə Siyasi Şuradan uzaqlaşdırılan eks-deputat Əli Əlirzayev kimi. O, AzadlıqRadiosuna deputat olmaq istədiyini söyləyir. Ancaq onu da deyir ki, “məsləhət görülməsə, yəni siyahıda adı olmasa” namizədliyini verməyəcək. Əlirzayev deputat olmağa layiq olduğunu bildirir: “Mən əsl deputat olmuşam, mənim gördüyüm işi heç kim görməyib. Gəlsinlər, debata çıxaq”.

“ÖZÜNÜN 80 YAŞI VAR, DEYİR Kİ, OĞLUM, NƏVƏM NAMİZƏDLİYİNİ VERSİN”

Əli Əlirzayev üzvü olduğu partiyanın siyahını açıqlamağa niyə tələsməməsi haqda məlumatsızdır. Özü belə söyləyir. Amma bəzi ehtimallarını da bölüşür:

“Müəyyən məsələlər var, kimisə çıxarmaq, kimisə gətirmək istəyirlər, götür-qoy edirlər. Bu çox həlledici məsələdir. Müxtəlif tərəflər, maraqlar, mənafelər var, buna görə də vahid razılaşmaya gəlmək lazımdır. Mənə elə gəlir, keçmiş partiya liderlərinə, partiyanın qurucularına yer verməyəcəklər.

Əsas indiki deputatlara yer verəcəklər. İndi o nazirlərə, rektorlara yer verməsələr, ola bilsin, gənclərə imkan verilsin. Azərbaycan mentaliteti, adət-ənənəsi belədir ki, ata oğlunun xatirinə öz vəzifəsindən imtina edir, belə də ola bilər. Bəzi adamlar öz əvəzinə uşaqlarının namizədliyini verə bilər. Özünün 80 yaşı var, deyir ki, “oğlum, nəvəm namizədliyini versin””.

Əli Əlirzayev ad çəkməkdən, kimi nəzərdə tutduğunu açıqlamaqdan imtina edir. Ancaq indiki deputatların 70-80 faizinin adının siyahıda qalacağını güman edir.

“SEÇKİLƏR TƏXİRƏ SALINA BİLƏR... SƏBƏB BÖHRANDIR”

Politoloq Ərəstun Orucluya görə, YAP-ın siyahını açıqlamaqda yubanması bir neçə səbəblə bağlı ola bilər:

Ərəstun Oruclu
Ərəstun Oruclu

“Ya arxayınlıqdan irəli gəlir. Təbliğat kampaniyası başlayanda hamısını üzə çıxarıb iki gün ərzində qeydiyyatdan keçirəcəklər. Ya da... Hərbi vəziyyətin gərginləşməsi son günlər açıq hiss olunur. Buna görə də seçkinin vaxtını dəyişə bilərlər, qanunlar da buna imkan verir, ya da daxildə hansısa ziddiyyətlər var... Ehtimallar çoxdur və onların heç biri sakitləşdirici ehtimal deyil”.

Düşünmürəm ki, səbəb müharibədir. Səbəb iqtisadi böhrandır, xarici siyasətdə də böhran yaşanır. Belə durumda seçkiyə getmək riskdir.

Ərəstun Oruclu hakimiyyətin atəşkəsin son zamanlar tez-tez pozulduğunu, orduda tələfatın artdığını əsas gətirərək miqyaslı hərbi qarşıdurmaya gedəcəyini istisna etmir:

“Bu halda müharibə vəziyyəti ilə əsaslandıraraq seçkiləri təxirə sala bilərlər. Düşünmürəm ki, səbəb müharibədir. Səbəb iqtisadi böhrandır, xarici siyasətdə də böhran yaşanır. Belə durumda seçkiyə getmək riskdir. Ona görə mümkündür ki, hərbi vəziyyət amili qabardılaraq seçkilər qeyri-müəyyən vaxtadək təxirə salınsın. Hər şey mümkündür”.

Bu il noyabrın 1-də Azərbaycanda parlament seçkiləri keçirilməlidir. Milli Şura seçkilərə qatılmasa da, Müsavat, REAL, NİDA, Ümid, Böyük Quruluş, Demokrat və başqa siyasi qurumlar seçkilərdə iştirak haqda qərar veriblər və artıq namizədlərini elan edirlər.

XS
SM
MD
LG