Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:50

Hakimiyyətin büdcə və siyahı problemi


Nazirlər Kabinetinin iclası.
Nazirlər Kabinetinin iclası.

-

Sentyabrın 10-da yerli medianın başlıca mövzusu prezident İlham Əliyevin iki gün öncə keçirdiyi müşavirədə söylədiyi fikirlərdir.

«Azadlıq» qəzeti «Hakimiyyətin büdcə və siyahı problemi»ndən yazır.

Qəzet Azərbaycan hakimiyyətinin parlament seçkiləri ərəfəsində iki ciddi problemlə üzləşdiyini bildirir: «Bunlardan biri 2016-cı il üçün nəzərdə tutulan dövlət büdcəsi, digəri isə YAP-ın namizədlər siyahısı ilə bağlıdır. Məlumat üçün deyək ki, bir neçə gün əvvəl baş nazir Artur Rəsizadənin rəhbərliyi ilə dövlət büdcəsi ilə bağlı müzakirələr aparılıb. Lakin büdcə zərfi açıqlanmayıb.

Daha sonra ölkə başçısı Ilham Əliyevin rəhbərliyi ilə dövlət büdcəsinə həsr olunmuş iclas keçirilib. Ölkə başçısı büdcə barədə ümumi sözlərlə kifayətlənib».

Qəzet ehtimal edir ki, büdcə zərfi hələ hazır deyil və Artur Rəsizadənin, İlham Əliyevin keçirdiyi iclas isə sadəcə formal xarakter daşıyır: «Digər ehtimal isə büdcədə böyük kəsirlərin olması ilə bağlıdır ki, seçki ərəfəsi olduğu üçün hakimiyyət bunu açıqlamaq istəmir. Mümkündür ki, hökumət sosial xərcləri kəsib, korrupsiya mənbəyi olan infrastruktur xərcləri artırıb. Maliyyə böhranının hökm sürdüyü, sosial durumun acınacaqlı olduğu bir vaxtda bunu açıqlamaq isə hakimiyyətin əleyhinə işləyə bilər. Başqa bir ehtimal isə hansısa qurumların ləğvi ola bilər. Pay bölgüsü ilə bağlı narazılıqların yarana biləcəyi də ehtimallar sırasındadır».

YAP-ın namizədlər siyahısına gəlincə, qəzet Dillər Universitetinin rektoru Səməd Seyidov və Azərbaycan Müəllimlər İnstitutunun rektoru Aqiyə Naxçıvanlının rektor postundan gedəcəyini, deputat mandatı uğrunda mübarizə aparacaqları haqda məlumatların gəldiyini yazır.

Suriya qaçqınları Yunanıstana üzür.
Suriya qaçqınları Yunanıstana üzür.

REALİST NİKBİNLİK

«Azərbaycan» qəzetinin məqaləsi belə adlanır.

Müəllif yazır ki, sentyabrın 8-də prezidentin istər beynəlxalq vəziyyət, istərsə də iqtisadiyyatın problemləri və onlardan çıxış yolları haqda fikirləri realizmə söykənir: «Realizm fəlsəfəsi Prezidentin büdcə və başqa iqtisadi proseslər haqda düşüncələrində də ana xətt kimi keçir.

Reallıq odur ki, dünyada siyasi sabitliyin məqsədli şəkildə pozulması üzündən siyasi və hərbi böhran yaranıb. Eyni dərəcədə siyasi məqsədlər səbəbi ilə neftin qiyməti sürətlə aşağı salınıb. Bu iki məqsədyönlü qeyri-sabitlik siyasəti Azərbaycan iqtisadiyyatına da təsirsiz deyildir. Yəni, ölkədə yaranmış bəzi problemlərin kökü Azərbaycanın iradəsindən kənarda, xaricdə formalaşıb və neftin qiymətindəki enmələr və qlobal devalvasiya müharibəsi kimi iqtisadi kanallarla Azərbaycana da daxil olub».

Müəllif sual edir: «Bəs Prezidentin iradəsindən asılı olanlar hansılardır və onlar necə yerinə yetirilib?

İlk növbədə Azərbaycana qarşı yenə də xaricdə planlaşdırılmış destabilizasiya siyasətinin qarşısı alınıb. Bu, Konstitusiyanın Prezidentə həvalə etdiyi vəzifədir və onun öhdəsindən uğurla gəlinib. Artıq 2-3 il keçdikdən sonra bu barədə açıq şəkildə demək mümkündür. Əks təqdirdə, indi Türkiyə şəhərlərinin, Avropa ölkələrinin küçələrində azərbaycanlı uşaqları da gecələməli olardılar. Doğrudur, Aralıq dənizində batanlar sırasında Azərbaycan vətəndaşları olmayacaqdı, amma mahiyyət dəyişmir. İndi Avropaya axan qaçqın ordusunun sıralarında azərbaycanlıların olmamasının səbəbi Azərbaycan Prezidentinin 2011, 2012, 2013-cü illərdə sabitliyi qorumaq istiqamətində qəbul etdiyi qərarlardır. Bu, Azərbaycanın iradəsindən asılı olan məqamdır və o yerinə yetirilərək milli təhlükəsizliyi təmin edilib. Azərbaycanın Suriya, Tunis və Liviyanın vəziyyətinə düşməməsinin özü böyük bir qələbə, siyasi uğurdur».

Müəllif yazır ki, Azərbaycanın iradəsindən asılı olan ikinci mühüm, iqtisadi məqam isə ötən 10 ildə qeyri-neft sektorunun inkişafı üçün mühüm bazanın yaradılmasıdır.

Hakim komanda - 2003.
Hakim komanda - 2003.

PREZİDENTDƏN YENİ HÖKUMƏT ANONSU –KİMLƏR YOLA SALINIR...

«Yeni Müsavat» da eyni mövzuda yazır: «Prezidentdən yeni hökumət anonsu –kimlər yola salınır...».

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu «Yeni Müsavat»a deyib ki, əslində 8 sentyabr toplantısı prezidentin iqtisadi siyasətə məsul olan rəhbər şəxslərlə görüşü idi: «Bu görüşü heç də 2016-cı ilin dövlət büdcəsinin hazırlığı işlərinə həsr edilmiş müşavirə kimi təqdim etmək düzgün deyil. Əvvəla, görüş kiçik bir qrupun iştirakı ilə keçirilirdi. Doğrusu, bu formatda görüşün son dəfə nə zaman olduğunu xatırlamıram».

Deputat Zahid Oruc son müşavirədə hökumət fərqli bir formatda iştirakına diqqət çəkib. Onun qənaətincə, bu, «prezidentin parlament seçkilərindən sonra həyata keçirəcəyi daha böyük struktur dəyişikliklərinin anonsu kimi qəbul olundu».

Q.İbadoğlu hesab edir ki, bəzi nazirliklərin funksiyalarının da «ASAN»a verilməsi təqdir olunmaldıır: «Amma bu halda da haqlı suallar çıxır, əgər bir çox funksiyaları və xidmətləri «ASAN» yerinə yetirəcəksə, onda həmin nazirliklər nəyə lazımdır? Düşünürəm ki, prezident «idarəetmə sahəsində islahatlar dərinləşməlidir» deməklə həm də iqtisadi orqanlara növbəti ilin büdcəsində idarəetmə xərclərini rasionallaşdırmaq tapşırığı da verdi».

Başqa iqtisadçı Qadir İbrahimli bildirib ki, həm komandaya etimadsızlıq, həm də böyük məbləğli dövlət xərclərinin optimallaşdırılması zərurəti komandanın yeniləşməsi, oliqarxların texnokratlarla, menecerlərlə əvəzlənməsi zərurətini yaradır: «İndiki komandanın əsas prioriteti neft pullarını xərcləmək idisə, yeniləşmiş komandanın mandatı dövlətin maliyyə-iqtisadi resurslarından maksimum səmərəli istifadə etmək və büdcəni doldurmaqdan ibarət olmalıdır».

Murad Dadaşov
Murad Dadaşov

MURAD DADAŞOV ROBİNZON KRUZO FİLMİNDƏ

Bu haqda axar.az yazır.

Şoumen Murad Dadaşov Gürcüstanda çəkiləcəyi film haqqında axar.az-a danışarkən deyib: «Gürcüstanda filmə çəkilmək dəvəti almışam. Robinzon Kruzonun yeni variantı çəkilir. Amma iş cədvəlimlə bağlı hələ ki çəkilişlərə başlaya bilməmişəm. Filmi gürcü rejissor Georgi çəkir. Xoşbəxtlik dəyərlərindən bəhs edən bu film komediya janrında olacaq».

Filmdə müğənni Manana Çaparidze, Azərbaycanın xalq artisti, fövqəladə səfir olan Polad Bülbüloğlu da çəkiləcək. Eyni zamanda Gürcüstanın ulduzlarından Vaxtanq Kikabidze və digər tanınmış aktyorlar da filmdə rol alacaq.

Murad Dadaşov deyib ki, daim xoşbəxtlik axtaran insanın filmin sonunda xoşbəxtliyi harada tapması da çox maraqlıdır. «Mənə elə gəlir, filmin çəkilişi iki aya yekunlaşar. Rəng korreksiyası və digər işlər xaricdə olmalıdır. Premyera isə yeni ilə qədər Bakıda keçirilə bilər».

XS
SM
MD
LG