Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 05:56

Devalvasiya özünü doğruldurmu?


Karikatura. Manatla rublun rəqsi.
Karikatura. Manatla rublun rəqsi.

-

Mərkəzi Bankın 21 fevral 2015-ci il manatın devalvasiya qərarının səbəblərindən biri milli iqtisadiyyatın şaxələndirilməsinə əlavə stimullar yaratmaq, onun ixrac potensialını daha da gücləndirmək idi. Ancaq statistik məlumatlar bunun özünü doğrultmadığını göstərir.

Gömrük Komitəsinin 7 aylıq statistik məlumatlarına görə, ixracda qeyri-neftin payı 13%-ə yüksəlib. Halbuki uzun müddət bu göstərici 7%-dən çox olmayıb. Qeyri-neftin ilk baxışdan artım kimi görünən payı əslində həcmcə azalıb. Yəni, 2014-cü ilin yanvar-iyul aylarında qeyri-neft sektorunun ixracı 991 milyon dollar olduğu halda, bu ilin müvafiq dövründə 4 milyon azalaraq 987 milyona düşüb. Qeyri-neftin payının artması isə neft sektorunun ixracının iki dəfəyədək azalması ilə bağlıdır.

İXRAC 13.3 MİLYARDDAN 7.5 MİLYARDA DÜŞÜB

İqtisadçı-ekspert Samir Əliyev deyir ki, xarici ticarətin vəziyyəti getdikcə pisləşir: «7 aylıq nəticələrə görə, müsbət saldo azalır və ixracla idxalın artıq «görüşmək» ehtimalı da artır. 2014-cü ilin 7 ayında ixrac idxaldan 2.7 dəfə çox olduğu halda bu ilin müvafiq dövründə üstünlük 41.5%-ə enib. Yəni, ixrac 13.3 milyarddan 7.5 milyard dollara düşüb, idxal isə 4.9 milyarddan 5.3 milyard dollara qalxıb. Yanvar-iyul aylarında müsbət saldo 8.4 milyarddan 2.2 milyard dollara düşüb.

İxracın azalmasının əsas səbəbi, təbii ki, neftin dünya bazarlarında ucuzlaşmasıdır. Ötən ilin 7 ayı ilə müqayisədə xam neft ixracı dəyər ifadəsində 43.6%, neft məhsulları 40.3%, təbii qaz 31.8% azalıb. Ancaq azalma qeyri-neft sektorunda da baş verib. Yeyinti məhsullarından çay ixracı 43.7%, bitki və heyvan mənşəli piylər və yağlar 30.3%, şəkər 7.4%, spirtli və spirtsiz içkilər 32.3% azalıb. Sənaye məhsullarından isə plastmassa və onlardan hazırlanan məmulatlar 19%, gön və aşılanmış dəri 36.9%, qara metallar 43.7% azalıb. Yeganə artım meyvə-tərəvəzdə (0.8%), kimya sənayesi məhsulları (66.9%) və alüminium məmulatlarında (10.85%) qeydə alınıb.

Azərbaycanın ixracında MDB ölkələrinin mövqeyi bu il pisləşib və ümumilikdə 43% azalma olub. Rusiyaya ixrac 40%, Belarusa 51.4%, Qazaxıstana 63%, Qırğızıstana 84%, Özbəkistana 70%, Ukraynaya 65% azalıb. Azalma Avropa İttifaqında da baş verib və bunun əsas səbəbi neftin ucuzlaşmasıdır».

Bu ilin fevralında Mərkəzi Bank manatı 33 faiz devalvasiya edib.

XS
SM
MD
LG