Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 11:25

"Seçkini saxtalaşdırmaq asanlaşacaq"


►MSK: "Azərbaycan həmişə seçkilərin şəffaf keçirilməsində maraqlı olub"

Müstəqillik dövründə ilk dəfədir ki, Azərbaycanda seçkiləri ATƏT izləməyəcək.

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTIHB) Azərbaycanda noyabrda keçiriləcək parlament seçkisinə müşahidəçi göndərməkdən imtina edib,

Azərbaycan hökumətinin təklif etdiyi şərtlər əsasında işləyə bilməyəcəyini deyib.

“MÜXALİFƏT MÜŞAHİDƏÇİLƏRİ TƏK QALACAQLAR”

Azərbaycan hökuməti bu il ATƏT müşahidəçiləri üçün əvvəlki illərdən üç dəfə az yer təklif edib.

Tural Abbaslı
Tural Abbaslı

“Ağ Blok”dan namizədliyini verəcək 33 yaşlı Tural Abbaslı deyir ki, ATƏT-in seçki müşahidəçiləri mətəqələrdə müxalifət və iqtidar arasında mübahisə düşəndə neytral qurum kimi aralıqçı mövqedə olurdu, pozuntuları qeydə alırdı:

“İndi müxalifətin müşahidəçiləri meydanda tək qalacaqlar”.

Buna da bax: Mənim ölkəm dəli olub?..

MSK-NIN CAVABI

Ekspertlər bu qərarın Azərbaycanın beynəlxalq nüfuzu üçün problem olacağını desələr də, Mərkəzi Seçki Komissiyası (MSK) bu mövqeyi bölüşmür.

MSK-nın mətbuat xidmətinin rəhbəri Şahin Əsədli AzadlıqRadiosuna deyir:

“İştirak edib-etməmək təşkilatların öz qərarıdır. Azərbaycan həmişə seçkilərin şəffaf keçirilməsində maraqlı olub. Bildiyiniz kimi, hər zaman on minlərlə yerli və beynəlxalq müşahidəçi Azərbaycanda keçirilən seçkiləri izləyir. Bizimçün əsas meyar prosesin Azərbaycan seçicisi və Azərbaycan xalqı üçün şəffaf olmasıdır”.

ATƏT-İN MÜŞAHİDƏÇİLƏRİ NİYƏ VACİBDİR?

Daha əvvəl beynəlxalq seçki müşahidəçisi olmuş Richard Kauzlarich (ABŞ-ın George Mason Universitetinin professoru, bu ölkənin Azərbaycandakı keçmiş səfiri) bildirir ki, yetərli sayda müşahidəçinin olması ATƏT üçün öz missiyasının işini səmərəli qurması üçün vacibdir:

Richard Kauzlarich
Richard Kauzlarich

“ATƏT-in qərarı doğru qərardır” - deyə, Kauzlarich bildirir. O ki qaldı ATƏT-in seçkini izləməsinin vacibliyinə, Kauzlarich deyir ki, keçirdiyi seçkiyə neytral müşahidəçi dəvət edən ölkə bununla prosesin şəffaf olmasında maraqlı olduğunu bəyan edir. ​

Buna da bax: Azərbaycan Avronestdən çıxır

MSK üzvü Akif Qurbanlı isə deyir ki, ATƏT-in təcrübəsində bu cür hadisənin –üzv ölkədə seçkinin izlənilməməsi halının olmasını xatırlamır.

A.Qurbanlı bildirir ki, ATƏT müşahidəçiləri üçün məhdudiyyətlər qoyulması düşünülmüş addımdır, 2013 –cü ildə qurumun prezident seçkiləri ilə bağlı tənqidlərinə cavabdır:

“Məqsəd seçkidən sonra sərt hesabatdan sığortalanmaqdır”.

Akif Qurbanlı hesab edir ki, ATƏT-in müşahidə missiyasının gəlməsi vacibdir:

“ATƏT missiyasının hesabatına Avropa Parlamenti də istinad edir. Onlarsız seçkinin beynəlxalq səviyyədə legitimliyi ciddi şübhə altına düşəcək. "

Natiq Cəfərli
Natiq Cəfərli

Bu il 25 dairədə seçkidə iştirak etməyi planlaşdıran müxalif ReAL Hərəkatının icra katibi Natiq Cəfərli deyir:

“ATƏT kimi nüfuzlu bir qurumun seçkiləri izləməməsi, onsuz da bərbad olan seçki mühitini daha da ağırlaşdıracaq, seçkilərin saxtalaşdırılmasını hökumət üçün daha da asanlaşdıracaq”.

Buna da bax: Sumqayıt qatarında gedişhaqqı açıqlandı

Azərbaycan hökuməti 2014-cü ilin yanvarın 1-də ATƏT-in Bakı ofisinin statusunu ATƏT-in Layihə Əlaqələndiricisi statusuna keçirib, bu il isə ofisin bağlanmasına qərar verib.

Azərbaycan hakimiyyəti Qərbi ölkəyə qarşı qərəzli olmaqda, onlara qarşı kampaniya aparmaqda günahlandırır.

2013-cü ildə seçkini 800-dən çox müşahidəçi ilə izləyən və 40 faizdən artıq dairədə seçkilərin ciddi qanun pozuntuları ilə keçirildiyini elan etmiş Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli həmin il həbs olunub, beynəlxalq ictimaiyyət onu siyasi məhbus hesab edir.

Təşkilatın 2013-cü ildə həbs olunmuş və bu il azadlığa buraxılmış sədr müavini Bəşir Süleymanlı AzadlıqRadiosuna deyir ki, ölkədə QHT-lərə təzyiq var deyə, bəzi maarifləndirici işlər görsələr də, seçkini müşahidə etməyəcəklər.

XS
SM
MD
LG