Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:24

Suriya boşalır


Suriyalılar Türkiyəyə üz tutur. 16 iyun 2015.
Suriyalılar Türkiyəyə üz tutur. 16 iyun 2015.

-

«Avropaya miqrant və qaçqın axınının əsas kütləsini suriyalılar təşkil edir. Dörd ildir davam edən Suriya müharibəsi İkinci Dünya müharibəsindən bəri qitəyə miqrasiyanın əsas hərəkətverici qüvvəsidir». «The Washington Post»da Liz Sly yazır ki, bu il Avropaya sığınmış 381 min qaçqın və miqrantın yarısı suriyalılardan ibarətdir. Bu, ötən ildəkindən 2 dəfə çoxdur.

Yazıda vurğulanır ki, hələ bilinmir nə qədər suriyalı yoldadır, ancaq sayları durmadan artır. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, iyulda Yunanıstan sərhədinə çıxmış qayıqlardakı qaçqınların 78 faizi suriyalı idi. Onlar qaçqın düşərgələrindən yan keçib birbaşa Avropaya doğru yol alırlar.

«Çoxu da yoldadır. Türkiyənin İzmir liman şəhərində suriyalılar qayıqlarda yer almaq üçün növbə tuturlar. Deyirlər ki, dostları, ailələri arxadan gəlir. «Tanıdığım hər kəs gedir», - 30 yaşlı Mohammed deyir. O, hamilə həyat yoldaşı ilə Hələbdə üç dağı aşıb, Türkiyə ilə sərhədə çatıb. «Sanki bütün Suriya boşalır», - Mohammed söyləyir».

Təhlilçilər durumun belə hal alacağının qaçılmaz olduğunu deyirlər. 4 ildir davam edən qəddar müharibədə azı 250 min nəfər həlak olub.

«Heç kəs təəccüblənməməlidir. Ümidsizlik üstün gəlir», - hazırda Atlantika Şurasında işləyən, Dövlət Departamentinin keçmiş rəsmisi Fred Hof deyir. «Çıxıb getmək seçimi olan, bunu fiziki baxımdan bacaran suriyalı niyə qalmağı seçməlidir axı?».

SURİYADA PUTIN-Ə İNANMAYIN

«Suriya dağılır. Dördillik vətəndaş müharibəsi ölkəni xarabalıqlara çevirib. «İslam Dövlət» qruplaşması ölkənin şimalında və şərqində böyük ərazilər tutub, prezident Bashar al-Assad isə Dəməşqi nəzarətdə saxlayır». Bunu «The New York Times» qəzetində Andrew Foxall yazır.

Vladimir Putin və Barack Obama.
Vladimir Putin və Barack Obama.

«Qərb dövlətləri – Birləşmiş Ştatlar və Avropanın «İslam Dövləti» ilə savaşmaq üçün yaxşı variant yoxdur, ancaq heç nə etməyə də bilməzlər. Onlar ya cihadçılara qarşı Assad rejimi ilə işləməlidirlər, ya da rejimi gözardı edib cihadçılara qarşı təkbaşına hərbi hərəkətə keçməlidirlər. Hələlik Amerikanın İD-ə qarşı hava kampaniyası onun irəliləməsinin qarşısını ala bilməyib».

«Bu sərt seçim Qərbin son siyasətinin uğursuzluğudur. Bunu ən yaxşı anlayansa Rusiya prezidenti Vladimir Putin-dir», - yazan müəllif Moskvanın 2010-cu ildən bəri yalnız bir siyasət apardığını vurğulayır: Amerikanın Assad-ı hakimiyyətdən uzaqlaşdırmaq cəhdlərini əngəlləmək və Qərbi onu tərəfdaş kimi qəbul etməyə məcbur etmək.

«Ukraynadakı hərəkətlərinə görə Qərb tərəfindən təcrid olunmuş Rusiya indi özünü xilaskar kimi təqdim edir – guya Qərbin islamçı ekstremizmə qarşı mübarizədə ondan yaxşı tərəfdaşı yoxdur».

«Bunu əvvəllər də görmüşük. 2001-ci il 11 sentyabr terrorundan sonra cənab Putin prezident George W.Bush-la danışan ilk dünya lideri oldu, Amerikanın Əfqanıstanda «Taliban»a qarşı koalisiyasında Rusiyanın dəstəyini təklif etdi, digərlərini də beynəlxalq terrorçuluqla savaşa qoşulmağa çağırdı».

Müəllif yazır ki, Rusiya Assad-ı danışıqlar masasına gətirməyi hədəfləyir. «İslam Dövləti»nə qarşı mübarizə vasitəsilə özünü Qərbə yaxınlaşdırmağa çalışır.

«Qərb Suriyayla bağlı bütün variantları nəzərdən keçirməlidir – buraya Rusiya ilə beynəlxalq koalisiya da daxildir. Ancaq bu kurs seçilsə, Qərb Putin-ə inanmamalıdır, Rusiya kəşfiyyatının məlumatına bel bağlamamalıdır... Putin-ə əməkdaşlığın şərlərini diktə etməyə imkan verməməliyik. Bununla keçmiş səhvləri təkrarlaya bilərik».

Vladimir Putin
Vladimir Putin

PUTIN SURİYADA HANSI OYUNU QURUB

«Bir sıra mənbələr Rusiyanın Suriyada hərbi iştirakını artırdığını bildirir. Beynəlxalq ictimaiyyət Moskvanın niyə belə davranması üzərində baş sındırır. Rusiya isə xəbərləri «yalan» adlandırır». «The Moscow Times»da Andrei Malgin yazır ki, təhlilçilər bir sıra ekzotik nəzəriyyələr irəli sürürlər.

Bəlkə Putin neftin qiymətini qaldırmaq üçün Yaxın Şərqdə sabitsizlik yaradır? Yoxsa Avropaya qaçqın axınını artırmaq istəyir? Ya bəlkə Krımın tanınması əvəzində «İslam Dövləti»nə qarşı mübarizəyə qoşulur?

Müəllifin fikrincə, əsas səbəb Rusiyanın daxilindəki siyasi durumdur.

«Putin hələ Suriya ssenarisini açıqlayacaq, hələ pərdə qalxmalıdır. Bəs Putin tamaşanı kimin üçün qurub? Əlbəttə ki, Rusiya xalqı üçün. Putin Ukraynada sıxışdırılır, Qərbin sanksiyaları iqtisadiyyatı iflic edib, rubl düşüb, qiymətlər qalxır. Ancaq Putin-i maraqlandıran şəxsi reytinqidir. O, zaman-zaman cəsarətini toplayır ki, populyarlığını saxlasın».

«Adamların da istədiyi budur. Ura! Rusiya gürcü qüvvələrini Cənubi Osetiyadan çıxardı. Ura! «Yaşıl libaslı nəzakətli kişilər» Krımı geri aldı. Putin addımlarının xarici siyasətə təsirindən çox, reytinqini qaldırmaq barədə düşünür. «İslam Dövləti»nə qarşı müharibə aparmaq? Yox, bu, çox ciddi məsələdir. Putin bunu istəmir. Assad-ı NATO bombalarından öz bədəni ilə qorumaq? Çətin ki. Putin-in ağlında başqa plan var və yaxınlarda «Putin Company Players»in son məhsulunu görəcəyik».

XS
SM
MD
LG