Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 09:35

Vergi borclarını zorla yığacaqlar - Yeni idarə yaradıldı


►Vergilər Nazirliyində yeni idarə yaradıldı - Vergi Borclarının Məcburi Alınması İdarəsi.

AzadlıqRadiosu AzərTAc-a istinadla xəbər verir ki, yeni idarə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin nəzdində fəaliyyət göstərəcək.

Departament cinayət tərkibi yaradan vergi borcları ilə bu haqda materiallar istintaq və təhqiqat strukturlarına daxil olduqdan sonra deyil, hər bir borcun yarandığı ilk gündən etibarən məşğul olmağa başlayacaq:

"Bu isə, cinayət tərkibi yaradan vergi borcu materiallarının xeyli sayda azalmasına, borclu vergi ödəyicilərində məsuliyyət hissinin artmasına və onların gələcəkdə cinayət törətməkdən çəkinmələrinə səbəb olacaq, habelə dövlət büdcəsinə borclardan daxil olan vəsaitlərin məbləğinin artmasına müsbət təsir göstərəcək."

Yeni idarənin tərkibinə risklərin təhlili və nəzarət şöbəsi, məhkəmə qərarlarının icrası üzrə şöbə, habelə, hər bir ərazi vergi orqanı üzrə yerlərdə fəaliyyət göstərəcək, lakin birbaşa Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinə tabe olacaq 14 şöbə yaradılıb.

Nazirlik bildirir ki, belə bir idarəni yaratmaq haqda qərarı iyulun13-də Prezident İlham Əliyevin “Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası”nda verdiyi tapşırıqlardan sonra qəbul edib.

Buna da bax: Erməni ictimai fəal Azərbaycandan sığınacaq alıb

ADLAR AÇIQLANACAQ

Məlumatda həmçinin qeyd olunub ki, Vergilər Nazirliyi tərəfindən vergi borclarının dövlət büdcəsinə səfərbər edilməsi istiqamətində son dövrlər ciddi addımlar atılıb:

"Dövlət büdcəsi qarşısında borcu olan ödəyicilərin öz öhdəliklərinin vaxtında və tam həcmdə yerinə yetirilməsinin təmin edilməsi vasitəsi kimi borclu vergi ödəyicilərinin əmlaklarının siyahıya alınması, nəqliyyat vasitələrinin üzərinə həbs qoyulması, bank hesablarına sərəncam göndərilməsi, ölkədən getmə hüquqlarının məhdudlaşdırılması, habelə xeyli və ya külli miqdarda vergiləri ödəməkdən yayınan şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və belə vergi ödəyicilərinin adlarının ictimaiyyətə açıqlanması kimi vasitələrdən daha geniş istifadə olunmağa başlanılıb".

Nazirlik bildirir ki, bu işləri daha səmərəli şəkildə həyata keçirmək məqsədilə Vergilər Nazirliyinin Vergi Borclarının Alınması İşinin Təşkili İdarəsinin bazasında cinayət xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsi yaradılıb.

Buna da bax: Bakı-Sumqayıt yolunda dəhşətli qəza- [fotolar]

NƏZARƏT TƏKCƏ ÖLKƏ DAXİLİNDƏ OLMAYACAQ

Vergilər nazirinin digər əmri ilə xarici dövlətlərin vergi təşkilatları, banklar, sığorta təşkilatları və maliyyə institutları, beynəlxalq və regional maliyyə qurumları ilə maliyyə xarakterli məlumatların mübadiləsini təşkil etmək, bu təşkilatlarla Vergilər Nazirliyinin müvafiq sahədə əməkdaşlığını əlaqələndirmək, təcrübə mübadiləsi xarakterli qarşılıqlı səfərlər və görüşlər təşkil etmək, habelə maliyyə institutlarında vergi monitorinqini aparmaq məqsədilə Vergilər Nazirliyində müvafiq struktur yaradılıb.

Görüləcək tədbirlər nəticəsində Azərbaycan Respublikası sahibkarlarının digər ölkələrlə biznes əlaqələri, habelə xarici dövlətlərdəki biznes fəaliyyətləri təhlil olunacaq və bu sahədə vergidən yayınma hallarının qarşısının alınması məqsədilə digər dövlətlərin vergi və maliyyə orqanları ilə qarşılıqlı əməkdaşlıq təmin ediləcək.

Vergilər nazirinin əmri ilə yaradılmış strukturlara kadr təyinatları da həyata keçirilib. Vidadi Məmmədov Cinayət Xarakterli Vergi Hüquqpozmalarının Təhlili və Vergi Borclarının Alınması İşinin Təşkili Baş İdarəsinin rəisi, Zeynalabdin Məmmədzadə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin rəisi təyin edilib.

XS
SM
MD
LG