Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:09

Respublikaçı namizəd Ben Carson kimdir?


Ben Carson
Ben Carson

-

2016-cı il ABŞ prezident seçkisi öncəsi sorğu nəticələrinə baxdıqda, liderliyi əlində saxlayan Donald Trump-a artıq digər namizədlərin də yavaş-yavaş yaxınlaşdığını görmək olur.

«New York Times»/«CBS News»un bu həftə keçirdiyi sorğuda keçmiş neyrocərrah Ben Carson rəqibi D.Trump-la artıq demək olar ki, ayaqlaşır.

Carson özünün həddən artıq təmkinli xarakteri və peşəkar nitq qabiliyyəti ilə diqqət çəkən biridir.

Respublikaçı seçicilər arasında Carson birdən-birə 6 faizdən 23 faizə yüksələ bilib. Bu arada D.Trump yalnız 3 pillə irəliləyə bilib, reytinqi 27 faizə qalxıb.

Öndə olmalarına baxmayaraq, hər iki namizədin çıxışları siyasətdən kənardır. Məsələn, Carson özü dəfələrlə deyib ki, «Mən siyasətçi kimi uğurlu biri deyiləm, mən siyasətçi deyiləm».

KİMDİR BEN CARSON?

Ben Carson 1951-ci ildə Miçiqanda doğulub. Onu anası böyüdüb, boya-başa çatdırıb, hələ 8 yaşında ikən atası onları tərk edərək gedib.

Həyat yoldaşı Candy ilə Yeldə tanış olub. Daha sonra Miçiqan Tibb Universitetində təhsil almağa başlayıb. Artıq 33 yaşında ikən Merilend ştatında uşaq neyrocərrah mərkəzinin direktoru olub. O, beyində xərçəng və epilepsiya əməliyyatlarının ilk üsulunu tapan biridir.

1987-ci ildə siam əkizlərinin başında uğurlu əməliyyat etməsi ona dünya şöhrəti qazandırıb.

2002-ci ildə ona prostat vəzi xərçəngi diaqnozu qoyulandan sonra həkim kimi fəaliyyətində geriləmələr başlayıb.

Ben Carson bir neçə kitabın da müəllifidir, «Bacarıqlı əllər» adlı memuar da yazıb. Carson-un TV jurnalisti kimi də təcrübəsi var.

Carson vaxtının əksər hissəsini həm də Baltimorda tələbələrə məruzələr oxumaqla keçirib.

«Uşaq vaxtı Ben Carson-la görüşlərimizin sayı-hesabı olmayıb» – yazıçı Ta-Nehisi Coates müsahibələrinin birində belə deyib. «Baltimorda qaradərili uşaqları, xüsusən də oğlanları ruhlandırmaq üçün birinə ehtiyac yarananda, hər dəfə Ben Carson köməyə gəlirdi» - deyə o bildirib.

Carson həm də dini baxışları olan biridir və bu baxışlar onun siyasi fikirlərində də özünü göstərir.

SİYASİ ARENADA CARSON

Ben Carson siyasətdə ilk addımını 2012-ci ildə yazdığı kitabı ilə atdı. «Gözəl Amerika» adlı kitabda Barak Obama-nın prezident seçilməsi tənqid olunur. 2013-cü ildə Obama-nın səhiyyə ilə bağlı planlarını kəskin tənqid edən çıxışından sonra Carson mühafizəkar siyasi arenada şöhrət qazanmağa başladı. Öz çıxışında o, Obama-nın səhiyyə sahəsində etdiklərini «köləlikdən bəri bu ölkədə baş verən ən pis şey» adlandırıb.

Elə həmin il Carson cərrah kimi karyerasına son qoydu.

2015-ci ilin mayında isə Carson respublikaçı kimi prezident seçkisinə qatılacağını elan etdi.

Ben Carson həm də ziddiyyətli bəyanatların müəllifidir. İndi eyni cinsdən olanların nikahını «təbiətin qanunu» adlandırsa da, bundan öncəki müsahibələrinin birində deyib ki, nikah kişi ilə qadın arasında olmalıdır. Bir dəfə isə o deyib ki, homoseksuallıq sadəcə seçimdir və həbsxanadakı dustaqları buna sübut kimi göstərib. Daha sonra bu fikrinə görə üzr istəməli olub.

Bu yaxınlarda isə Kaliforniyadakı çıxışında iqlim dəyişikliyini təsdiqləyən sübutları inkar edib. Carson 20 həftəlik hamiləlikdən sonra aborta da qarşı çıxanlardan biridir.

XS
SM
MD
LG