Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:20

Hər qaçqın dramı mənə öz təcrübəmi xatırladır


Günel Mövlud
Günel Mövlud

- "23 il əvvəl, öz əllərində olsaydı, onlar da bizi qəbul etməzdilər. 23 il əvvəl kənddən şəhərə qaçmış insanlar isə bu gün qaçanları ittiham edirlər."

"Qonşuya ərk etməyi, istədiyi vaxt qonşunun evinə getməyi, oturmağı adət bilən adamlar bilmirdilər ki, şəhərdə hər kəsin şəxsi ərazisi toxunulmazdır, onu pozmaq üçün xüsusi icazə lazımdır. "

Günel Mövlud

Qaçqın mövzusu

Bir aydan artıqdır səhəri bu mövzu ilə açırıq. Yerli və xarici mətbuatda xəbərlər, sosial şəbəkələrdə paylaşımlar, statuslar, ittihamlar, məsləhətlər, faciələr, mərhəmət və qəzəb şouları və daha nələr...

Əməlli-başlı əsəblərim pozulub. Günlərdir, nə yazmaq istəyirəm, nə oxumaq, nə düşünmək. Amma gördüyüm hər foto, hər video, gözümə dəyən hər qaçqın ailəsi dramı mənə öz təcrübəmi, ailəmizin, qonşularımızın, yaxınlarımızın təcrübəsini xatırladır.

Qucağında balası, əlində tələm-tələsik yol tədarükü grüdüyü bağlaması, çantası ilə qaçan anaları, ataları görəndə illərdir unutmaq istədiyim, unutmağa çalışdığım günləri, ayları, illəri yada salmağa məcbur oluram.

Qəribədir ki, bir neçə ilə əvvələ qədər o dövrlərdən danışa, yaza bilirdim. Yaş artıqca keçmişdəki ağrıların verdiyi əzab da artır, nə yaza, nə danışa bilirəm bu barədə, nə də düşünmək istəyirəm.

Və heyrətlə baxıram bu cür mürəkkəb, ağrılı məsələ barədə rahat danışa bilən, hökm verən, konkret təkliflər irəli sürən adamlara, onların danışdıqlarına.

Filan ölkə qaçqınları qəbul eləsin, ya da filan qaçqınlar gedib filan ölkəni pis günə qoyacaqlar – kimi konkret fikirlər demək, hökm vermək nə qədər asandır.

Biz 23 il əvvəl, yad millətin arasında, yad ölkəyə deyil, öz millətimizin arasına, öz ölkəmizə qaçmışdıq.

Eyni dildə danışan, eyni dinə inanan, eyni ənənələrə riayət edən, sadəcə region, bölgə fərqi olan insanlar belə qəfildən bir-biriləri ilə kompakt yaşamağa məcbur olanda hansı ehtiraslar, hansı qəzəb, hansı anlaşılmazlıqlar çıxdı ortaya?!

Götürək elə Bakını. Bakılılar sözün həqiqi mənasında depressiyaya düşdülər. Onların çoxmillətli, çoxdilli, çoxdinli, çoxmədəniyyətli gözəl şəhərləri bərbad günə qaldı.

Əyalətdən gəlmiş insanlar balkonlarda toyuq-cücə saxlamağa, qazonlarda qoyun otarmağa başladılar. Balkonlardan həyətə zibil torbaları yağmağa başladı.

Əyalətdən gələn qonşular gündə on dəfə şəhərli qonşunun qapısını döydülər müxtəlif ehtyaclar üçün.

Qonşuya ərk etməyi, istədiyi vaxt qonşunun evinə getməyi, oturmağı adət bilən adamlar bilmirdilər ki, şəhərdə hər kəsin şəxsi ərazisi toxunulmazdır, onu pozmaq üçün xüsusi icazə lazımdır.

Avtobusa, metroya minib-düşməyi hələ öyrənə bilməyən, şəhərin təmkini, sakitliyi, ritminin nə demək olduğunu bilməyən adamlar şəhər insanlarını qəzəbləndirir, heyrətə salırdılar.

Bakılılar gözəl şəhərlərinin zibillənməyindən, ritminin pozulmağından, öz həyatlarının dəyişdiyindən ağrı ilə danışır, qaçqınlara nifrət edirdilər.

Nifrət etməkdən başqa hər şeydə haqlı idilər. Onların doğrudan da şəhərlərini, həyatlarını, ritmlərini dəyişdirmişdi bu böyük köç. Onlar haqlı idilər, biz onların həyatına müdaxilə etmişdik.

Onlar haqlı idilər, amma bu gün həmin insanlar Avropanı qaçqın qəbul etməməkdə qınayır, ittiham edirlər. Halbuki, 23 il əvvəl, öz əllərində olsaydı, onlar da bizi qəbul etməzdilər.

23 il əvvəl kənddən şəhərə qaçmış insanlar isə bu gün qaçanları ittiham edirlər. Ki, gedib Avropanı pis günə qoyacaqlar, öz adətlərini, öz ənənələrini aparacaqlar.

Amma unudurlar ki, 23 il əvvəl özləri gəldikləri paytaxta öz əyalət ənənələrini, davranışlarını gətirmişdilər və bundan zərrə qədər narahat olmur, bu əyalət davranışlarını tənqid edənləri isə qəddarləqda qınayırdılar.

Demək istəyirəm ki, çətindir. Gəlməyə də çətindir, gələni qəbul edənə də. Alışma, öyrəşmə prosesi boyu nə qədər anlaşılmazlıq, ittihamlar, nifrət, faciə baş verir.

Burda nə birmənalı olaraq günahkar, nə də birmənalı olaraq qurban yoxdur. Burda hamı qurbandır. Həyatı dağılan da, şəhəri dağılan da.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG